Şrift:
Sovet hakimiyyətinin ilk illərində milli məsələ - Bolşeviklər xalqları necə aldatdı?
13.09.2017 [10:17] - Xəbərlər, DAVAMın yazıları
1917-1920-ci illərdə milli məsələlər. 1917-ci il oktyabr çevrilişindən sonra müstəmləkəçilik psixologiyası ilə barışmayan Rusiya xalqları bir növ gözləmə mövqeyinə keçdilər. Onlar hələ də Ümumrusiya Müəssislər Məclisinin toplanacağına və qərarlar qəbul edəcəyinə inanırdılar. 1918-ci ilin yanvarında toplaşan Müəssislər Məclisi Rusiyanı federativ respublika elan etdi. Xalqlar buna inansalar da bolşeviklər Müəssislər Məclisini dağıtdı. Nəticədə federativ demokratik respublikanın yaranmasına olan ümidlər heçə çıxdı. Bundan sonra xalqlar müstəqilliyə doğru getmək haqqında düşünməyə başladılar. Belorusiya Oktyabr çevrilişini anarxiya adlandırdı, Ukrayna 1918-ci ilin aprelində öz müstəqilliyini elan etdi. Cənubi Qafqaz xalqları 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin yaradıldığını, apreldə isə Cənubi Qafqazın Rusiyadan ayrıldığını bəyan etdilər. 1917-ci ilin noyabrında Şimali Qafqaz Dağlı xalqları Respublikası adlı dövlət qurumu yaratdılar. Rusiya müsəlmanlarının IV qurultayı 1917-ci ilin noyabrında paytaxtı Kokand olmaqla Türküstanın muxtariyyətini elan etdi. Qazaxlar Alaş-Orda adlı milli muxtariyyət yaratdılar. Bolşeviklərin başı öz hakimiyyətlərini möhkəmləndirmək işinə qarışdığından, hələ ki, bu “hərc-mərcliyə” dözürdülər.

Oktyabr çevrilişindən sonra bir sıra nəticələr əldə olundu. Birincisi, bolşeviklər artıq federativ demokratik respublika yaratmaq fikrində deyildilər. İkincisi, Rusiya xalqları artıq öz müqəddəratlarını Müəssislər Məclisindən gözləməli deyildilər. Üçüncüsü, siyasi qüvvələri belə bir sual düşündürürdü ki, hansı yönümlü dövlət yaratsınlar: sosialist yönümlü, yoxsa burjua yönümlü?

Bolşeviklər 1917-ci ilin ortalarına qədər hər hansı federasiyanın əleyhinə olsalar da, sonralar öz mövqelərini dəyişdirdilər. Oktyabrda onlar “xalqların öz müqəddəratını təyin etmək hüququ” haqqında dekret qəbul etdilərsə də, sonralar Stalin bəyan etdi ki, bu məsələ ancaq “xalqın sosializmi seçməsi” şərtilə həyata keçirilə bilər.

Bolşeviklərin yeni dövlətçilik sistemini yaratması prosesində çoxlu ziddiyyətlər meydana çıxdı. Bir tərəfdən, bolşeviklər proletar beynəlmiləlçiliyindən, sinfi həmrəylikdən danışır, o biri tərəfdən isə xalqlar öz milli-azadlıq yollarını milli dövlətçilikdə görürdülər. Stalinə görə yaradılmaqda olan muxtariyyətlər gələcək sosialist mərkəzçiliyinə və ya unitar dövlətçiliyə keçid üçün sadəcə bir vasitə idi. Milli siyasətçilər də axtarışda idilər. Bəzi milli-siyasi qurumlar marksizmin yararsız olduğunu hiss etsələr də özlərinin milli-azadlıq yoluna çıxışlarını ancaq Leninlə, bolşeviklərlə əməkdaşlıqda görürdülər. Bolşeviklər də öz növbələrində milli siyasətçilərlə əməkdaşlığa hazır idilər. Onlar hətta gələcək ateist siyasətlərini hələlik qabartmadan xalqları ələ almaq üçün onların din xadimləri ilə də əməkdaşlığa hazır idilər. Tərəflərin hər biri öz məqsədini güdürdü və iki tərəfin də praqmatik siyasəti göz qabağında idi. Milli siyasətçilər yaratdıqları muxtariyyəti tanıtmaq üçün hər hansı güzəştlərə hazır idilər. O biri tərəfdən, xalqların öz müqəddəratını təyin etmək hüququnu elan edən bolşeviklər onların sovet hakimiyyətini qəbul etdikləri və bu hakimiyyətə tabe olduqları halda muxtariyyətlərinin tanınacağını bəyan edirdilər.

Bir sıra ərazilərdə sovet hakimiyyəti elan olundu. 1919-cu il iyunun 3-də Rusiya, Ukrayna, Latviya, Litva və Belorusiyanın nümunəsində sovet respublikalarının birləşməsi üçün ilk cəhd edildi. Bu, gələcək SSRİ-nin yaradılması üçün ilk təşəbbüs idi. Bu respublikalar hərbi işlərini, xalq təsərrüfatı sahələrini - iqtisadiyyatlarını, dəmiryolu idarəçiliyini, maliyyə məsələlərini və əmək problemlərini birləşdirdilər. Birləşmiş problemlərin idarəsi üçün xüsusi kollegiyalar yaradıldı. Bunlar isə gələcəkdə yaradılacaq ittifaq nazirliklərinin ilk nümunəsi idi. Bu mərhələdə bolşeviklər üçün ən vacib olan məsələ Rusiya ərazisində sovet hakimiyyətinin qurulması idi. Onlara görə sovetləşmiş ərazilərin birləşməsi sonranın işi, həm də asan məsələ idi.

Sovet hakimiyyətinin ilk illərində milli məsələ - Bolşeviklər xalqları necə aldatdı?

Admiral Kolçak

Sovet hakimiyyəti, yarandığı ilk üç il ərzində milli məsələlərin həllini diqqət mərkəzinə gətirdi. Bolşeviklərin bəyan etdiyi sülh haqqında dekretdə “özgə ərazilərin ilhaqı və tutulması”, “hər hansı ərazinin birləşdirilməsi”, “güc tətbiqi ilə ərazi birləşdirilməsi” pislənir, “Rusiya xalqlarının hüquq bəyannaməsi”ndə xalqlara “öz müqəddəratını azad şəkildə təyin etmək və müstəqil dövlət yaratmaq hüququ verilirdi”. Zəhmətkeş və istismar olunan xalqların hüquq bəyannaməsində “xalqların öz müqəddəratını azad yolla təyin etmək” yolu ilə “demokratik sülhün əldə edilməsi” bəyan olunurdu. Müvəqqəti hökumətin bu məsələlərdə qeyri-müəyyən hərəkətləri fonunda belə qərarların qəbul edilməsi siyasətçilərin və geniş xalq kütlələrinin diqqətindən yayına bilməzdi.

Müxtəlif xalqlara aid xüsusi dekretlər qəbul olundu. Sovet hakimiyyətinin ilk illərində ermənilər haqqında sənədlər qəbul olundu: “Xalq Millətlər Komissarlığının müraciəti; Türkiyə Ermənistanı haqqında Xalq Komissarları Sovetinin 3 yanvar 1918-ci il dekreti; Erməni Milli Şurasının, Müdafiə Şurasının, Hərbi-İnqilabi komitələrinin və ermənilərin başqa burjua təşkilatlarının buraxılması haqqında Xalq Komissarları Sovetinin Qərarı (19 iyul 1918-ci il); Moskvadakı Erməni İnstitutu haqqında Rusiya Xalq Komissarları Sovetinin 4 mart 1919-cu il dekreti (institutun əsasnaməsi)”. Bu sənədlərin təhlili göstərir ki, bolşeviklərə ermənilər nə qədər yaxın olsalar da, sovet hakimiyyəti onlardan daha əziz idi. Bolşeviklər ermənilərin hər hansı problemlərini onların sovet hakimiyyətini qəbul etmələri şərti ilə həll etməyə hazır idi. Hətta “Türkiyə Ermənistanı”nda da bolşeviklər ermənilərə bir şərtlə - orada sovet hakimiyyəti qurulacağı təqdirdə yardımçı ola bilərdilər. 1920-ci il fevralın 1-də Xalq Millətlər Komissarlığı Rusiyanın bütün əyalətlərinə müraciət edərək hansı xalqın öz milli qurumunu yaratmaq istədiyi barədə ictimai fikri öyrəndi. Aydın oldu ki, sovet hakimiyyətinin ilk illərində xalqların hüququnun bərpası bolşeviklər tərəfindən qabarıq şəkildə həyata keçirilirdi. Xalq Millətlər Komissarlığı nəzdində bir çox millətlərin işi üzrə xüsusi şöbələr yaradılmış, MİK nəzdində muxtariyyətlərin nümayəndəliyi təşkil olunmuşdu. Hərbi məsələlərdə də xalqların hüququ bərpa olunurdu: milli hərbi qurumların yaranmasına icazə verilirdi, hərbi çağırış məsələlərində qeyri-rus xalqlarının hüquqları rus xalqından hərbi xidmətə çağırılanların hüquqları ilə eyniləşirdi. Hətta Sultanqaliyevin sədrliyi ilə Mərkəzi Müsəlman hərbi kollegiyası yaradılmışdı. Bolşeviklər ilk illərdə xalqların, onların dillərinin inkişafına, dinin cəmiyyətdə yerinə böyük diqqət yetirirdilər. Rusiyada yaşayan xalqların dillərində təhsil sistemi yaradılırdı. Hətta yerli hakimiyyət orqanları milli dildə, məsələn, çuvaş dilində, qəzetlərin gizlədilməsində mərkəz tərəfindən ittiham olunurdular. Çünki belə olduqda bolşeviklərin vədləri və inqilabi çağırışları xalqa çatmırdı. Həmin illərdə S.Şaumyan rus dilini dövlət dili elan etməyi təklif etdiyi halda, Lenin buna etiraz edərək bildirirdi ki, bu, xalqları sovet hakimiyyətindən uzaqlaşdıra bilər.

Çar generalları isə heç bir şəkildə hər hansı müstəqillik və hətta muxtariyyət haqqında düşünmək belə istəmir, Qərbin təzyiqi ilə bəzən şərti olaraq bu barədə bəyanatlar verirdilər. Antantanın təzyiqi ilə Kolçak 1919-cu ilin mayında Müəssislər Məclisinin toplantısını keçirmək, Finlandiyanın müstəqilliyini tanımaq fikrində idi. Bununla belə, o, Polşanın müstəqilliyini, Baltikyanı, Cənubi Qafqaz və Zakaspi ölkələrinin muxtariyyətinin tanınmasını sonraya saxlamaq istəyirdi. Avropa ölkələrində yerləşən rus nümayəndəlikləri isə vəziyyəti Avropa mövqeyindən qiymətləndirərək Kolçaka tövsiyə verməkdə davam edirdilər. Rus siyasi müşavirliyinin Parisdəki nümayəndəsi V.A.Maklakov Kolçakın Daxili İşlər Nazirliyinə yazırdı ki, Rusiyanın, ərazisində yaşayan xalqların hüququna hörmət etdiyinə dair bəyanat verməsi vacibdir. Maklakov Kolçakın Xarici İşlər Nazirliyinə yazdığı məktubunda öz fikrini daha açıq bildirərək yazırdı ki, biz Rusiyanın gələcəyini muxtariyyət və federalizm prinsipləri üzərində qurulmuş, xalqların azad, birgə yaşayışından başqa yolda görmürük. Bəzi hallarda razılaşmış saziş əsasında verilmiş müstəqillik də ola bilər. Bəzi tədqiqatçılar Kolçak hakimiyyətinin məğlubiyyətinin səbəblərini məhz yerli xüsusiyyətləri nəzərə almamaqda, yerli rəhbərlərlə dil tapmamaqda, bu sahədə duran problemləri həll edə bilməməkdə görürlər. Stalin qeyd edirdi ki, Kolçak, Denikin, Vrangel və Yudeniçin arxa cəbhəsində duran xalqlar öz bitərəfliyi ilə əslində bolşeviklərə qulluq edirlər. Onların milli maraqlarının mövcudluğu əslində çar generallarının arxa cəbhəsini dağıdırdı. Çar generalları onlara “vahid və bölünməz Rusiya”, biz isə xalqlara və dinlərə azadlıq vəd edirdik. Beləliklə, bolşeviklər öz hakimiyyətlərini möhkəmlətmək məqsədi ilə xalqların milli maraqlarını təmin etmək fikirlərini istismar edirdilər. Çar generalları isə Rusiyanın birliyi və bölünməzliyi şüarı arxasında milli maraqları çox vaxt görmək istəmirdilərsə də, vaxtaşırı bu problemə aid bəyanatlar verirdilər.

Sovet hakimiyyətinin ilk illərində milli məsələ - Bolşeviklər xalqları necə aldatdı?

Araşdırmadan aydın olur ki, sovet hakimiyyətinin ilk illərində milli məsələ daim diqqət mərkəzində olmuş, xalqların milli dillərinin, mədəniyyətlərinin inkişafına xüsusi fikir verilmişdir. Bütün bunlar sovet hakimiyyətinin möhkəmləndirilməsi məqsədi daşısa da, hər halda xalqların maraqlarına uyğun gəlmişdir.

1905-1907-ci illər, xüsusən də 1917-ci il Fevral inqilabı, Rusiyanın bütün xalqlarında olduğu kimi, Volqaboyu türk xalqlarında da dövlətçiliklərinin bərpasına ümid yaratdı. Volqaboyu türklərinin dövlətçilik ideyası müxtəlif şəkildə təcəssüm tapırdı. Yerlərdə müxtəlif yönümlü, lakin eyni məqsədli təşkilatlar yaranırdı. Görkəmli şəxsiyyətlər Rəşid İbrahim və Qayaz İsxaki hələ 1906-cı ildə muxtariyyətin yaradılması ideyasını irəli sürmüşdülər. 1915-ci ildə Yusif Akçura və Rəşid İbrahim Osmanlı imperatorluğunun protektoratlığı altında dövlət yaradılması tərəfdarı olmuşdular. 1917-1918-ci illərdə Volqaboyu türkləri muxtariyyət uğrunda mübarizələrini davam etdirdilər. Bu məsələdə iki mövqe hökm sürürdü: biri sadəcə milli muxtariyyət, o birisi isə milli-ərazi muxtariyyəti idi. 1917-ci il noyabrın 20-də Sədri Maksudi yeni yaranmış Milli Məclisin açılışındakı çıxışında Rusiya tərkibində yaranan dövlətlərin əhəmiyyətini xüsusi qeyd etdi.

Volqaboyu türkləri tərəfindən yaradılmış Milli Məclis 1917-ci il dekabrın 4-də İdil-Ural adlı dövlətin yaradılmasını elan etdi. Müxtəlif türkdilli xalqları birləşdirən bu dövlət hər hansı xalqın hökmranlığını yolverilməz sayırdı. Sədri Maksudinin başçılığı ilə hökumət də yaradıldı. Dövlətin tərkibinə Kazan və Ufa quberniyaları, Orenburq, Perm, Vyatka, Samara və Simbirsk quberniyalarının müəyyən əraziləri daxil ola bilərdi. Milli Məclis Rusiyadan ayrılmaq məqsədini güdmədiyini bildirdi. Buna baxmayaraq, bolşeviklər belə dövlətin yaranmasına yol verə bilməzdilər. Bu məqsədlə bolşeviklər milli təşkilatların başçılarını həbs etdilər. Bolşeviklərin belə hərəkəti bir çox milli ziyalıları və siyasətçiləri onlardan üz döndərməyə məcbur etdi.

1918-ci il yanvarın 3-də Qalimcan Şərəf ərazi muxtariyyətinin tərəfdarı kimi çıxış etdi. O, dünyada artıq inkişaf tapmış “hər millətin öz dövləti” ideyasını irəli sürdü. O, öz fikrini təsdiq etmək üçün türk tarixindən hər türk xalqının öz dövlətinin olmasına dair misallar gətirdi. 1918-ci il yanvarın 4-də Qayaz İsxaki türkçülərin adından belə bir fikir irəli sürdü ki, yaradılacaq birləşmiş qurumun əsas həyat mənbəyi yerli iqtisadi imkanları olacaqdır. Bu səbəbdən, onun fikrincə, Volqa çayı bu yaradılacaq qurumun əsas arteriyası olmalı idi. Dövlət qurumunun adı İtil-Ural ölkəsi təklif edildi. Kazan və Ufa quberniyaları tamamilə, Çuvaş və Mari əhalisinin məskunlaşdığı ərazilər, Samara və Həştərxan quberniyaları tamamilə, Orenburq, Simbirsk və Perm quberniyalarının bir qismi quruma daxil olmalı idi. Bu qurumun mütləq Xəzər dənizi, Qafqaz, Türküstan və Azərbaycanla sərhədi olmalı idi. Belə vəziyyət Türkiyəyə çıxmaq imkanı verəcəkdi. İştirakçılar bu təklifin çox əlverişli olduğu qədər qeyri-real olması fikirlərinə cavab olaraq bildirdilər ki, referendum keçirilməlidir və ancaq Samara və Həştərxan quberniyalarından imtina etmək olar. Xəzər dənizinə çıxış, Qafqaz, Azərbaycan və Türküstanla ümumi sərhədin olmasının vacibliyi bütün çıxış edənlər tərəfindən səsləndi. 1918-ci il yanvarın 5-də Əhməd Salikov Müəssislər Məclisinin müsəlman sosialist fraksiyası adından bəyanat verdi ki, Xalq Komissarları Soveti Rusiya xalqlarının azadlığını və milli inkişafını təmin etmək yolunda acizdir. Bəyanatda yaranmaqda olan Volqaboyu, Cənubi Ural, Türküstan qurumlarının tanınması və milli ordularının yaranma prosesinin qanuniləşdirilməsi tələb olunurdu.

Sovet hakimiyyətinin ilk illərində milli məsələ - Bolşeviklər xalqları necə aldatdı?

Volqaboyu türklərinin öz dövlətçiliklərini bərpa etməsi yolunda əsas ziddiyyət onun Vahid Türk Respublikası, yaxud ayrı-ayrı türk xalqlarının suverenliyi əsasında yaranan federasiyası olması məsələsi idi. Söhbət ilk əvvəl tatarların və başqırdların birgə, yaxud ayrı-ayrı dövlət yaratmaları haqqında gedirdi. Görkəmli ictimai xadim Z.V.Toğan ilə tatar siyasətçilərinin danışıqları heç bir nəticə vermədi. Validi Toğan birgə dövlətin əleyhinə çox sərt çıxış edərək ayrıca Başqırd dövlətinin yaradılması uğrunda çalışırdı. Qardaş xalqlar arasında baş vermiş bu qarşıdurma iki dövlətin yaradılması ilə nəticələndi. Özlərini türkçülər adlandıran və vahid dövlət yaratmaq fikrində olanlar vahid siyasi qurumun tərəfdarı idilər, ayrı dövlət yaratmaq istəyənlər isə müstəqil siyasi qurum yaratmaq fikrində idilər. Türkçülərin zəifliyi bu təkliflərin reallaşmasına mane oldu və lazımi təşkilati strukturun yaradılmasına gətirib çıxartmadı. Ayrı dövlət yaratmaq tərəfdarları təklif olunan dövlət qurumunu daha aydın görürdülər. Türkçülərin mövqeyində çox əhəmiyyətli bir məqam var idi. Bu da ondan ibarət idi ki, Rusiya tərkibində ancaq vahid türk dövləti və ya federasiyası bu qurumun geostrateji marağını təmin edə bilərdi. Yəni vahid qurum olsa, o, eyni vaxtda Şərqdə Çinlə, Cənubda Türkiyə, İran və Əfqanıstanla sərhəd əldə edib dünyanın aparıcı qüvvəsinə çevrilə bilərdi. Bu səbəbdən hətta artıq müsəlman əhalisi azlıq təşkil edən Samara və Həştərxan quberniyalarının da bu quruma daxil edilməsi nəzərdə tutulmuşdu.

1918-ci il martın 23-də, nəhayət, Sovet hökuməti təşəbbüsü ələ alaraq Tatar-Başqırd Sovet Respublikasının yaradılması haqqında dekret verdi. Çuvaşların və marilərin xahişi ilə onlar da həmin respublikanın tərkibinə daxil edildilər. Lakin bu respublika real həyatda yaranmadan, elə dekret olaraq qaldı. 1920-ci ildə bu, “milli burjua” fikri kimi təqib edildi. 1919-cu ilin fevralında bolşeviklər müstəqil ordusu olan müttəfiq Başqırd respublikasını yaratmağa hazır olduqlarını bildirərək başqırd millətçilərindən olub çar generalları tərəfində vuruşan Z.V.Toğanı və İlyas Alkini öz tərəflərinə çəkdilər. Validi Toğan qazaxların “Alaş-Orda” milli təşkilatlarının rəhbərləri ilə danışıqları birgə aparmağa vəd verdi. Bolşeviklər tərəfindən 1919-cu il martın 20-də paytaxtı Temas kəndi olmaqla başqırd muxtariyyəti, 1920-ci il iyunun 20-də isə Kazan şəhəri daxil olmadan Tatar Sovet Respublikasının yaradılması haqqında qərarlar verildisə də, sonralar qəbul olunan konstitusiyalarda bu, nəzərə alınmadı. Stalin belə ilkin qərarı vətəndaş müharibəsinin törətdiyi müvəqqəti, məcburi güzəşt kimi qiymətləndirdi. Ufanı Başqırdıstandan, Kazanı Tatarıstandan, Orenburqu Qazaxıstandan, Bakını Azərbaycandan kənarda saxlamaq bolşeviklərin ümumi siyasətinin tərkib hissəsi olmuşdur.

Beləliklə, 1905-1907-ci il və 1917-ci il inqilablarından sonra Rusiyanın türk xalqlarının dövlətçilik uğrunda mübarizəsi üçün əlverişli şərait yarandı. Türk xalqlarının mütərəqqi xadimləri həmin prosesin önündə gedirdilər. Fikir ayrılığı əsasən bir məsələnin üstündə mövcud idi: vahid türk dövləti olmalıdır, yoxsa ayrı-ayrı türkdilli xalqlar arasında parçalanmış dövlət? Bolşeviklər isə bu fikir ayrılığından istifadə edib onların müstəqillik məsələsini sınaqlardan keçirirdi.

P.S. Yazı Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” əsərindən götürülüb.
Bu xəbər oxucular tərəfindən 127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed