Şrift:
Millimizin üzvü: Azarkeşlərin dəstəyi sayəsində özümüzü toparladıq və qalib gəldik
23.09.2017 [09:13] - Xəbərlər, İdman
"Birinci setdə müəyyən səhvlərimiz oldu, lakin sonradan uyğunlaşdıq. Təcrübəmiz, məşqçimizin və azarkeşlərin dəstəyi sayəsində özümüzü toparladıq və qalib gəlməyi bacardıq".

Bunu Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının üzvü Kseniya Pozdnyak Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsində Macarıstan komandasına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

K.Pozdnyak bildirib ki, ilk məqsəd qrupda birinci yerə çıxmaqdır: “Biz bütün rəqiblərə hörmət edirik, burada zəif komanda yoxdur. Lakin biz öz oyunumuzu oynasaq, özümüzü oyuna daha yaxşı kökləsək, hesab edirəm ki, kimin güclü olması vacib olmayacaq”.

Komandanın digər üzvü Nataliya Məmmədova isə bildirib ki, birinci set gərgin keçdi: “Birinci setdən sonra özümüzü toparladıq, komandada əvəzetmələr oldu və oyun bizim xeyrimizə dəyişməyə başladı. Birinci məqsəd qrupdan çıxmaqdır. Növbəti rəqiblərimizə qarşı da hazırlaşacağıq”.

Qeyd edək ki, Azərbaycanda və Gürcüstanda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi keçirilir.

Oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.
Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed