Şrift:
Zərif: “Amerika ilə danışıqlar aparmaq faydasızdır”
23.09.2017 [10:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
BMT Baş Assambleyasının 72-ci sessiyasına qatılmaq üçün Nyu-Yorka səfər edən İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, sentyabrın 22-də jurnalistjlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın nüvə sazişi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Yaponiyalı həmkarı ilə görüşüb bir sıra məsələlər barədə fikir mübadiləsi aparan Zərif deyib ki, İran, əldə edilmiş nüvə sazişi ilə bağlı yeni müzakirələrin aparılması barədə səsləndirilən bəyanatları qəbul etmir: “ABŞ-ın indiki hökumətinin nüvə sazişi (Bərcam) ilə bağlı yürütdüyü siyasəti dünyaya belə bir mesaj verir ki, bu barədə Amerika ilə danışıqlar aparmaq faydasızdır.

Hesab edirik ki, Qərblə İran arasında imzalanmış bu saziş, yenidən müzakirəyə çıxarıla bilməz. Yox, əgər Amerika bu barədə danışıqların aparılmasını və sazişə hansısa əlavələrin və ya düzəlişlərin edilməsini istəyirsə, o zaman biz də həmin razılaşmanın digər bütün bəndləri haqda yenidən müzakirələrin aparılmasını tələb edəcəyik”.

ABŞ prezidenti Donald Tramp sentyabrın 19-da BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərək İrana qarşı sərt bəyanatlar səsləndirib.

Öz çıxışında İran hakimiyyətini “korrupsiyalaşmış cinayətkar və qanunsuz bir rejim” adlandıran Tramp, İranın regionda yürütdüyü siyasətini, o cümlədən də terrorizmə dəstəyini kəskin pisləyərək, rəsmi Tehranla imzalanmış nüvə sazişini tənqid edib.

5+1 qrupunun İranla imzaladığı nüvə sazişini tarixin “ən pis” razılaşması adlandıran Tramp deyib ki, Amerika və onun hökuməti bu sazişə yenidən baxılmasını tələb edir: “İranla bağlanmış nüvə razılaşması, bu günə qədər imzalanmış ən pis təktərəfli bir sazişdir. Bu isə Amerika üçün böyük bir rüsvayçılıqdır. Biz, “Amerikaya ölüm” şüarı verən, ardıcıl olaraq İsrailin məhvini istəyən və müttəfiqlərimizin düşməni olan bir ölkənin nüvə silahına yiyələnməsinə imkan verə bilmərik və verməyəcəyik də.”
Bu xəbər oxucular tərəfindən 137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed