Şrift:
Hürrəmilərin inkar etdiyi “haramlar” - Onların ibadət tərzi ilə bağlı tarixi mənbələr...
27.09.2017 [09:24] - Xəbərlər, İslam dini, DAVAMın yazıları
Enter.News Babək və Hürrəmilər hərəkatı ilə bağlı tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının növbəti – “Hürrəmilər hansı “haramları” inkar edirdilər?” yazısının ikinci hissəsini təqdim edir:

Yazının əvvəlini bu likdən oxuyun

Hürrəmilərin ibadət tərzi ilə bağlı tarixi mənbələrdə qeyd olunan əsas məqamlardan biri onların vaxtaşırı bir yerə toplaşmaları, musiqi səsləndirmələridir. Bəzi mənbə yazarları bu toplantılar zamanı şamların söndürüldüyünü yazaraq bundan Xürrəmilərin əxlaqına ləkə atmaq üçün istifadə etməyə çalışmışlar. Bu haqda həm Bağdadidə, həm Səmaninin “Kitab-əl-ənsab” əsərində, həm İbn Əl-Əsirin “Əl-kübab fi təhzib-ənsab” əsərində, həm də Nizamülmülk, Xondəmir, Mirxond kimi fars tarix yazarlarının əsərlərində yazılmışdır. Səid Nəfisi bildirir ki, “Aydındır ki, ibn-əl-Əsirin buna bənzər yazdığı sözlərdən məqsədi, başqa ərəb yazıçıları kimi, bu xalqa böhtan atmaq idi”. Diqqət yetirilsə, görmək olar ki, Xürrəmilərin kişili-qadınlı bir araya gələrək toplantı keçirmələri ilə ələvilərin və qızılbaşların cəm ibadətləri (ayini-cəm) eynidir. Və bunların hər birinə atılan böhtanlar da eyni məzmunludur. Halbuki əxlaq baxımından həm ələvilərin, həm də qızılbaşların cəmiyyətdə olduqca mühafi­zəkar mövqe sərgilədikləri məlumdur. Və Qurani-Kərimin əl-Cumuə surəsinin 9-cu ayəsinə uyğun olaraq keçirilən cəm ayinləri zamanı da həm sufilərdə, həm Xürrəmilərdə əl-Bağdadinin “tütək” kimi qeyd etdiyi ney musiqisi ilə ilahi zikrlər edilmişdir. Musiqi aləti vasitəsilə ilahi zikrlərin edilməsi sonrakı dövrlərdə qızılbaşlıqda da olmuşdur, bu günkü ələvi toplumunun cəm ibadətlərində də qalmaqdadır. Belə ki, adları çəkilən İslami cərəyanların cəm ayinləri zamanı saz yaxud bağlama ilə Allaha, peyğəmbərə, əhli-beyt imamlarına, pak övliyalara dair müxtəlif ilahi məzmunlu nəzm nümunələri səsləndirilmiş, kütləvi zikrlər edilmişdir.

Hürrəmilərin Quranı təfsir etmə tərzləri və buna uyğun dini dünyagörüşləri barədə yuxarıda sitat gətirilən mənbələrdən əlavə, Seyid Mürtəza Həsən Razinin “Təbsirət-əl-əvam fi mərifəti məqalat-əl-ənam” adlı kitabı da məlumat verir. Hürrəmilərin əhli-beyt inancından uzaq olan digər mənbə yazarlarından fərqli olaraq, Seyid Mürtəza Həsən Razi Hürrəmilərin və onlarla bir cəbhədən çıxış edən digər batini İslam təriqətlərinin məzhəbi dünyagörüşlərini daha loyal bir şəkildə izah etməyə çalışır. Onun əsərində bununla bağlı xüsusilə diqqət çəkən maraqlı bir məqamı nəzərdən keçirməkdə fayda vardır:

“İsmaililərə batiniyyə, qəramitə, hürrəmiyyə, səbiyyə, babəkiyyə və mühəmmirə də deyirlər. Batiniyyə adlanmalarının səbəbi budur ki, onların fikrincə, Qu­ranın və Məhəmmədə aid hədislərin zahiri və batini mənaları vardır. Zahir qabıq, batin isə onun məğzi deməkdir, badamın qabığı və içi kimi. Bu fikri irəli sürənlər aşağıdakı ayəni əldə əsas tuturlar: “Onun bir qapısı var ki, batinində (içərisində) mərhəmət var, amma zahiri əzaba (əziyyətə) tərəf açılır”.... Burada söhbət gedən ayə Qurani-Kərimin əl-Hədid surə­sinin 13-cü ayəsidir. Daha sonra Batinilərin “mövlana” adlı başçılarından danışan Həsən Razi ardınca yazır: “Beləliklə, onlar bütün Quranı və peyğəmbər haqqında olan hədislərin hamısını bu tərzdə təfsir edirlər. Hürrəmidiniyyə də bu tayfaya mənsubdur. Bu xalq Azərbaycan ölkəsinin Bəzz adlanan dağlıq nahiyəsində yaşayır”.

“Mövlanə” isminin sufilər arasında geniş yayılmış olduğunu və “ustad” anlamında işləndiyini də bu yerdə xatırlatmaq olar.

Hürrəmilərin və batinilərin Quranın batini mənalarını təfsir və izah etdikləri barədə əl-Bağdadinin əsərində də qeydlər vardır: “Bunlar (batinilər və Hürrəmilər - C.B.) Quran ayələrini və salam olsun, Nəbinin sünnətlərini öz əsaslarına uyğun olaraq yozurdular”.

Avropa tədqiqatçılarının əsərlərində də bizlər klassik şiələrin və sufilərin Quranı təfsir və izah etmə tərzinin Hürrəmilərin izah tərzi ilə eyni istiqamətdə olduğunu və məzmun etibarilə eyni nəticələrə gəldiyinin qeyd olun­masını görə bilərik. A.Masse “İslam” əsərində yazır: “Şiələr nə qədər uzaqlara getsələr də, Quranı məcazi mənada təfsir etmək yolu ilə islamla əlaqə saxladıqları kimi, sufilər də Quranın ayələrini öz zövqlərinə uyğun surətdə yozurdular”.

İslamda şərti olaraq “şəriət İslamı” adlandıra bilə­cəyimiz, ortodoksal İslami məzhəblərdən əlavə, heterodoksal qanad kimi görülən və şərti olaraq “xalq İslamı” kimi dəyərləndirə biləcəyimiz sufi yönümlü təriqətlərin də mövcudluğu məlumdur (hərçənd bu cərəyanlar məhz özlərini “ortodoksal İslam” olaraq görməkdədir). Yuxarıda az öncə qeyd olunan mənbə məlumatlarından da söyləmək mümkündür ki, Hürrəmilər də bu cür bir İslami cərəyan kimi fəaliyyət göstərmiş, öz dini-məzhəbi inanclarında şəriət qaydalarına əsasən Qurani-Kərim ehkamları çərçivə­sində önəm vermişlər. Aydın məsələdir ki, İslamda Mövlanəlik düşüncəsinin ortodoksal hesab olunan şəriət qaydala­rı və fiqhlə heç bir əlaqəsi yoxdur. Məhz “xalq İslamına” mənsub təriqətlər belə hesab edir ki, İslam təkcə Nübüvvət (Peyğəmbərlik) üzərində yox, həm də Vəlilik məqamı üzərindədir, yəni iki təməl üzərində bərqərar olmuşdur: Nübüvvət (Peyğəmbərlik) və övliyalıq (Vəlilik). Qızılbaşlığın piri-mürşidi Şeyx Səfi-əd-din İshaq Ərdəbilinin (Şeyx Səfi-əd-din İshaq Ərdəbili – 1334-1392 – Sufi-Qızılbaş dövlətinin banisi, Şah İsmayıl Xətainin ulu babasıdır – C.B.) bu iki təməllə bağlı fikirləri “Mənaqib” risal­əsində bu cür qeyd olunmuşdur: “İndi şəriət Ənbiyanın, və təriqət Övliyanındır, mərifət sulükdür, həqiqət vəslət məqamıdur, öylə haqq olmaqdur... Binamaz anlardır kim, Həqq sevgisin, peyğəmbər mehrin və övliya məhəbbətin könlündən çıxara”. Hürufilikdə ən yüksək məqam sahiblərindən biri kimi adı keçən Hüseyn ibn Mənsur əl-Həllac (Həllac Mənsur) Allahla onun dostları arasındakı telləri bu cür təsvir edirdi: “O, özünü öz dostlarından açığa vurur”. Övliyalığın (Vəliliyin yaxud Vilayət məqamının) müqəddəs Qurani-Kərimin bir çox yerində, o cümlədən, Yunus surəsi, 62-ci ayədə təsbit olunması faktı sufilər tərəfindən göstərilməkdədir. Ayədə deyilir: “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”. Burada “Allahın dostları” ifadəsi “Əvliyauhum” / “Övliyauhum” şəklində qeyd olunmuşdur. İslamda “övliyalar övliyası” (övliyalar arasında ən yüksək məqama sahib olanı) məhz əhli-beytin ilk imamı Hz.Əli bin Əbu Talib (ə) hesab olunur. Bununla bağlı tədqiqatlar apararkən müvafiq paralellər gətirərək tarixin sonrakı dövrlərinə aid olan sufi cərəyanlarında, elə­cə də, hürufilikdə və qızılbaşlıqda Muhəmməd-Əli cütlüyünün İslam inancının təməl ünsürü olması barədə düşüncə­nin varlığını qeyd etmək lazımdır. Dahi İmadəddin Nəsi­minin “Qibləgahımdır Muhəmməd, səcdəgahımdır Əli”, qızılbaş təriqət mürşidi Şah Xətainin “Ay Əlidir, gün Muhəmməd bilənə”, Pir Sultan Abdalın “Muhəmməd Əlidir mənim pənahım” kimi dini-ideoloji səpkili misraları bu söylənilənlərə açıq-aşkar dəlil hesab oluna bilər.

Bunu da qeyd etmək lazımdır ki, İslamın əhli-beyt məktəbinə istinad edən təriqət və cərəyanlar kəlmeyişəhadətə könüllü (müstəhəbbi) olaraq əlavə edilən “Əşhədu ənnə Əliyyən vəliyullah” cümləsini Hz.Əli (ə)-ın Vilayət məqamının təsdiqi kimi qəbul etmiş və peyğəmbərin risalətinin tamamlanması barədə Qurani-Kərimin əl-Maidə surəsi, 3-cü və 67-ci ayələrinin məhz Hz.Əli (ə)-ın imamətinin və vilayət məqamının təbliğinə işarə olduğunu bildirmişlər. Bu günkü əhli-şiə şəriət alimləri əsasən kəl­meyi-şəhadətin üçüncü cümləsinin və əl-Maidə surəsinin göstərilən ayələrinin məhz Hz.Əli (ə)-ın xəlifəlik məqamına işarə etdiyini bildirsələr də, əhli-beyt məktəbinin xalq İslamına mənsub qolları “vəliyullah” məqamını yer hakimiyyətini ifadə edən xəlifəlik məqamından fərqləndirir. Hz.Əli bin Əbu Talibin İslamdakı ən yüksək məqamı barədə İslam alimi Şəhid Mürtəza Mutəhhəri özünün “Cazibə və dafiə-i Əli” adlı əsərində hər şeydən öncə bu fikri bildirir: “İmam Əli (ə) Allahın xas qullarından, Haqqın nuru ilə nurlanan övliyaullahdan (Allahın valilərindən) biri idi. Lakin onu digər seçkin möminlərdən daha çox fərqli qılan bir məqam onun hələ də yaddaşlardan silinməmiş olması, öz fikirlərilə insanlara sürəkli iman, canlılıq, zindəlik və yepyeni bir iman gücü bəxş etməsidir... Hətta Səfəvilər İmam Əli (ə) tərəfdarı olan dərvişlərin hər birini yenilməz bir döyüşçüyə çevirə bilmişlərsə də, bunu öz adları ilə deyil, məhz İmam Əli (ə)-ın adı ilə edə bil mişdirlər”.

Mənbə yazarlarının əksəriyyəti tərəfindən Hürrəmilərin də aid edildiyi Batinilərin dini-ideya baxışları haqda danışarkən ilk növbədə bu böyük cərəyanın adındakı “Batin” kəlməsinin Allahın doxsan doqquz ismindən biri olduğunu xatırlatmalıyıq. Qurani-Kərimin əl-Hədid surəsi, 3-cü ayədə oxuyuruq: “Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir.” İslami düşüncədə Allahın özü kimi, zahiri və batini elmi də vardır (buna “elmi-ğaib” də deyilir). Qurani-Kərim də bu məntiqlə həm zahiri, həm batini (gizli) mənalara sahibdir. Akademik Vasim Məmmədəliyev akademik Z.Bünyadovla birlikdə tərcümə edib çapa hazırladığı Qurani-Kərimin tərcümə variantına ön sözdə qeyd edir: “Peyğəmbər aleyhissəlamdan rəvayət olunan, bir hədisdə bu barədə deyilir: “Quranın zahiri və batini (daxili) məzmunu vardır. Batinin bir batini, ondan sonra isə yeddiyə qədər batini vardır””. Ardınca akademik mövlanə Cəlaləddin Ruminin nəzmlə bildirdiyi bir fikri sitat gətirir: “Quran sözünün zahiri olduğunu zənn etmə. Zahirin altında çox çətin anlaşılan bir batin vardır. O batinin altında daha bir batin, sonra isə üçüncü batin mövcuddur ki, orada bütün ağıllar özünü itirib çaşbaş qalar”.

Əhli-beytin ilk imamı Hz.Əli (ə)-ın öz dilindən “Nəhcül-Bəlağə” də belə qeyd olunur: “Allahın dostları o kimsələrdir ki, dünyanın batininə diqqət yetirərlər, bir halda ki, camaat onun zahirinə baxar”.

Hürrəmilərin cismə, bədənə, zahirə yox, məhz batindəki ruha önəm verdikləri haqda məlumata ərəb tarixçisi və coğrafiyaşünası Məqdisinin qeydlərində də rast gələ bilərik. O, bu barədə yazırdı: “Onlar (Hürrəmilər nəzərdə tutulur - C.B.) ruha zövq verən hər şeydən istifadə edirdilər, ancaq bu şərtlə ki, bundan heç kəsə zərər toxunmasın”. Hürrəmilər İslamı sırf şəriətdən ibarət görən din xadimlərini təkcə iqtidardan zülm etmək mexanizmi kimi istifadə edən xəlifələrin əmrlərinə boyun əydiklərinə görə yox, ən əsası, İslamın gerçəklərini inkar etdiklərinə, hər şeyin zahirinə aldandıqlarına və kütlələri də zahirən müsəlman olmağa sövq etdiklərinə görə sərt tənqid edirdilər. Bu haqda “Babək və hürrəmilik: yalanlar və gerçəklər” adlı kitabda da sufi şeyxi Seyyid Yəhya Bakuvinin “Şəfa əl-əsrar” əsərində qeyd olunan aşağıdakı məzmunda maraqlı bir açıqlama əks olunmuşdur: “Təsəvvüfi həyatda sirr deyilən gizlilik vardır. Təsəvvüfi həyatın xaricindəkilərə görə müridlərin, müridlərə görə ustadın az-çox gizlin bir cəhəti vardır. Bundan daha əhəmiyyətlisi İlahi sirrdir.

Təssəvvüf bir mənada, imkan nisbətində İlahi sirrlərin məhrəm qalmasını məqsəd bilir. Gizliliyin səbəbi, əslində mənəvi kamillik baxımından əskik olanların bəzi məsələləri yanlış anlamalarına və azmalarma mane olmaqdır”.

Bu yerdə müvafiq paralellər apararaq onu qeyd edək ki, Hürrəmilərlə eyni dini-fəlsəfi dünyagörüşlərini bölüş­düklərini düşündüyümüz Hürufilik cərəyanının da batini bir İslam təriqəti olması son dövrlərdə tarix elmində təs­diqlənməkdədir. Türkiyəli tədqiqatçı və hürufişünas Ömer Tecimer “Hürufilik” adlı kitabında Abdülbaki Gölpınarlıya istinadən Hürufilik təriqətinin yaradıcısı və şeyxi Fəzlullah Nəiminin soyunun yeddinci imam Museyi-Kazimə bağlı ol­duğunu, mənşə etibarilə Yəmənə gedib çıxdığını, Yəməninsə IX əsrdən mühüm Batiniyyə mərkəzlərindən birinə çevril­diyini, bu baxımdan da Fəzlullahın ailəsinin Batinilik cərə­yanı ilə əlaqəsinin ola biləcəyi fikrini qeyd edir, eyni zaman­da, İstanbul Universitetinin kitabxanasında saxlanılan Nəsi­mi divanında Fəzlullahın Şeyx Həsən adlı bir batiniyyə şeyxinə çox yaxın olması faktının qeyd olunduğunu yazır. İslamın sufilik yolunda xüsusi yeri olan hürufi təliminin məğzi hərflərlə Allahı və İslami həqiqətləri dərk etmək, hərf və rəqəmlərin mistik məna yozumlarını bilmək yolu ilə İlahi gizlinlərdən, başqa sözlə ifadə etsək, batini hikmətlərdən xəbərdar olmaqdır. Ünlü İslam alimi Mühyiddin ibn Ərəbinin bir fikri bu baxımdan olduqca düşündürücüdür: “Ərş saylar aləmi, kürsü isə hərflər aləmidir”.

Gördüyümüz kimi, İslamın batini tərəflərinə önəm vermək məsələsində Əhli-beyt düşüncəsinə istinad edən­lərlə batinilərin və Hürrəmilərlə eyni baxış bucağını pa­ylaşan, xalq İslamına mənsub digər sufi yönümlü təriqət­lərin fikirləri eynidir, eyni mənbədən qaynaqlanır.

SON.
Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed