Şrift:
“Human Rights Watch”: “İran hökuməti azyaşlı əfqanıstanlı uşaqları Suriya savaşına göndərir”
02.10.2017 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Human Rights Watch” beynəlxalq təşkilatı oktyabrın 1-də bəyanat yayaraq İranın əfqanıstanlı uşaqları məcburi olaraq Suriya savaşına göndərməsini kəskin pisləyib.

Bəyanatda bildirilir ki, rəsmi Tehran, İranda qaçqın kimi yaşayan azyaşlı əfqanlı uşaqları əsgər adı ilə “Sepah”ın “Fatimiyyun” briqadasının tərkibində Suriya savaşına ezam edir: “Təəssüflər olsun ki, savaşa göndərilən əfqanlılar arasında hətta 14 yaşına çatmamış uşaqlar və yeniyetmələr də az deyil. Bu isə beynəlxalq qanunlara görə hərbi cinayət sayılır. Bundan başqa, Suriya savaşına göndərilən azyaşlı əfqanıstanlı uşaqların yaşı çox vaxt dəyişdirilir və onlar 18 yaşlı kimi təqdim olunurlar. Bu isə dünya qanunlarına qarşı zidd addımdır”.

Bəyanatda həmçinin “Human Rights Watch”ın Orta Şərq ölkələri üzrə bölməsinin rəhbəri Sara Li Vitsonun məsələ ilə bağlı münasibəti də öz əksini tapıb. Xanım Vitson bildirib ki, İran rəsmiləri əfqanıstanlı uşaqların savaşa göndərməyi dərhal dayandırmalı, Suriya cəbhəsinə ezam etdikləri uşaqlarla yeniyetmələri geriyə çağırmalıdır: “Hesab edirik ki, İran rəsmiləri, bu ölkəyə sığınmış müdafiəsiz əfqanlı uşaqları öz quranlarına çevirmək əvəzinə onlara dəstək verməli, onları əsgər adı ilə savaşa göndərən şəxsləri məsuliyyətə cəlb edərək məhkəməyə verməlidir”.
İranın hökumət saytlarının yazdığına görə, “Sepah”ın nəzdində fəaliyyət göstərən “Fatimiyun” briqadasının 14 min üzvü var. Onların isə hamısı İranda mühacir həyatı yaşayan Əfqanıstan vətəndaşlarıdır.

Qeyd edək ki, İran rejimi, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi qüvvələri “Zeynəb” hərəminin müdafiəçiləri adlandırır.
Rəsmi Tehran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarı sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

A.M
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed