Şrift:
1918-ci ildə qurulan dövlətimizə niyə Türk Cümhuriyyəti yox, Azərbaycan Cümhuriyyəti adı verildi? - Parlamentin ilk iclasının protokolu
02.10.2017 [10:30] - Xəbərlər, DAVAMın yazıları
Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Cumhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Cümhuriyyətin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır.
Şəfi bəy Rüstəmbəyov - 5 dəqiqə tənəffüs elanını təklif edirəm.

Sədr - Varid olan təklifə görə 5 dəqiqə tənəffüs elan edirəm. (Tənəffüsdən sonra Məmməd Əmin bəy yenə iclası açır).

Sədr - Əfəndilər, Məclisi-Məbusana sədr və sədr müavini olacaq namizədlərin adlarını deyiniz.

Şəfi bəy – “Müsavat” və bitərəflər namından rəisliyə Əlimərdan bəy Topçubaşov, birinci müavinliyə doktor Həsən bəy Ağayevin namizədliyini təklif edirəm.

Sədr - Başqa namizəd təklif edən və bu barədə söz söyləyən yoxmu? Yoxsa, Əlimərdan bəy ilə Həsən bəyin namizədlikləri qəbul olunacaq.

Əhməd Cövdət - Müsəlman sosialistlər ittifaqı tərəfindən “Müsavat”ın göstərdiyi bu namizədlərə etiraz yoxdur.

Heybətqulu Məmmədbəyov – “İttihad” firqəsi tərəfindən Əlimərdan bəy Topçubaşovun namizədliyinə etiraz yoxdur, fəqət Həsən bəyin göstərildiyinə rəy verməyəcəyik.

Şeyxislamov - Sosialist “Hümmət” firqəsi tərəfindən “Müsavat”ın namizədlərinə etiraz yoxdur.

Sədr - Şu sürətlə məsələni səsə qoymalıdır. Hər kəs bu namizədliyə razıdır, əlini qaldırsın. (İttihadi-ara ilə Əlimərdan bəy sədrliyə seçilir.)

Sədr - Deməli, Əlimərdan bəy həzrətləri rəisliyə intixab edilmiş olur. Fəqət Əlmərdan bəy həzrətləri burada yoxdur. Şimdi isə baş müavin intixab edəlim. Hər kəs Həsən bəy Ağayevin baş müavinliyinə razı isə əlini qaldırsın.

(“İttihad” firqəsindən başqa ittifaqa-ara ilə Həsən bəyin namizədliyi keçir. Alqışlar altında Həsən bəy mövqei-sədarəti işğal edir).

Həsən bəy - Möhtərəm, parlament üzvləri: Bu günkü tarixi gündə mənim boynuma böyük bir şərəf, böyük bir iqdam düşdü. İzhari-etimad ilə məni uca mənsəbə layiq bildiyinizdən dolayı bilaistisna hamınıza təşəkkür edirəm. Məni sərəfraz parlament birinci müavinliyə intixabla minnətdar buyurdunuz. Rəis cənabları gələnə kimi onun ağır vəzifəsinin ifası öhdəmə buraxıldı. Bu ağır vəzifəni ifa edə biləcəkmiyəm, yoxmu, bunu deməyə cəsarət edəmirəm. Zira vəzifə xeyli məsuliyyətli və ağırdır. Burası hamınıza məlumdur. Fəqət hamının məqsədi sevgili Azərbaycanın səadəti, buraya toplanmamızdan murad əziz vətənimizi sahili-nicata çıxarmaq olduğundan ümidvaram acizləriniz sizinlə bərabər məqsədə nail və sizin müavinətiniz ilə vəzifəmi hüsnü-ifayə müvəffəq olacağam. Binaənileyh dübarə təşəkkürümü bəyan ilə sizə ittihadə dəvət və xudayi-təaladan istirham edirəm ki, parlamantımız öz məqsədlərinə qolaylıqla nail olsun. Bu günün münasibətilə Azərbaycanın müxtəlif yerlərindən bir çox təbrik teleqramları alınmışdır ki, qismən oxumaq istəyirəm, fəqət bundan hala bir katib intixabini təklif edirəm. Ümum parlamentlərdə qaydadır. Müvəqqət katibliyə ən gənc məbus intixab edilir və siyahidən anlaşıldığı üzrə məbuslarımızın ən cavanı Rəhim bəy Vəkilov olduğundan onun namizədliyini təklif edirəm. (Təklif ittihadi-ara ilə keçir. Rəhim Vəkilov katib mövqeinə keçir).

Sədr - Şimdi təbrik teleqramları oxunacaq, müsaidənizi istərəm.

(Azərbaycanın müxtəlif nöqtələrindən və müxtəlif müəssisələrdən alınmış teleqramları oxuyur).

Sədr - Ruzinameyi-müzakiratda olan məsələlərə keçəlim. Söz Vükəla rəisinindir.

(Fətəli Xan Xoyski mərkəz və sağların gurultulu alqışları arasında kürsüyüxitabata çıxır).

Fətəli Xan - Möhtərəm Azərbaycan parlamenti əzası! Bu günkü gün Azərbaycan üçün böyük, əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız. Hökumət vəkalətilə özümüzü də sizinlə bərabər təbrik edirəm. (Alqışlar). Hökumətin borcudur hüzurunuzda olsun, əski fəaliyyəti və hanki övza altında işlədiyini sizə ərz etsin. Mən bu gün hər nəzarət haqqında sizə məlumat verə bilərəm. Ancaq mən bu gün hökumətin tarixini və nə kimi övza altında təşkil etdiyini ərz edəcəyəm.

Azərbaycan hökuməti o vaxt təşkil etdi ki, Gürcüstan Zaqafqaziyadan ayrılıb elaniistiqlal etmiş idi. O bir məqam idi ki, Türkiyə ilə Hənuz hərb halında idik. Sülh əhdnamələri hənuz bağlanmamışdır. Batumda sülh müzakirəsi gedirdi. O vaxt Qafqaziya cəbhəsinin təsviyyəsi və Türkiyə ilə mübahisəli məsələlərin həlli lazım idi. Xarici işlərimiz belə, daxili işlərimiz məlumdur. Bir vaxt idi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi, gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irz və namusu əmniyyətdə deyil idi. Dəmir yollarında rus qoşunları qayıdarkən nə hallar oldu. Başımıza nə fəlakətlər gəldi, dəmir yolları təmamilə yatmışdı. Poçta, teleqraf yox idi, bir kağız yollamaq mümkün deyil idi. O vaxt idi ki, maliyyatdan hökumət əlində heç bir şey yox idi. Hökumətə lazım olan idarələrin hamısı başdan-başa dağılmış idi, xidmətçilər qaçmışdılar. İdarələrin adı var isə də, özü yox idi. Hərə başına beş-on adam yığıb hökumət bir qanun düzəltmiş idi. Güclü olanlar özünü ağa hesab edirlərdi. Daxili işlər böylə ikən Azərbaycan istiqlalı elan edilmiş isə də, heç bir hökumət tərəfindən təsdiq edilməmişdi. O zaman bütün Azərbaycan tərəfindən seçilmiş milli komitə (soldan: doğru deyil!) bu hökuməti təyin edib idarə işlərini ona tapşırdı. Məni rəis seçərək idarəyə başladıq. Türkiyə ilə sülh əhdinaməsi tezlik ilə bağlandı. Bununla bərabər hökumət qanun və qayda barəsində aciz idi. Zira heç bir tədbir qüvvəmiz və silahımız yox idi. Aşkar hökumət təşkil etməyə məcbur idik, lakin bunu da edə bilməz idik. Ona binaən bir qüvvəyə lüzum görürdük, sülh müzakirəsi vaxtı türklərdən bir qədər əsgər almaq iltizam edildi. Sülhnamədə bir fəsl var ki, Azərbaycan hər vaxt lazım görsə müdafiə hüququ üçün Türkiyə bir qədər əsgər versin. Hökumət bu carəyə təvəssül etdi. Özünüz bilirsiniz Türkiyə öz borcunu yerinə yetirdi. Qonşumuzun köməkliyi ilə mümkün olmayan bir çox şeylər çətinlik ilə yavaş-yavaş əldə edilirdi. Bu təklif ilə başqasına müraciət etmək mümkün deyil idi. İstəsək də bir fayda olmaz idi. Türkiyə həmdinimiz, həmvətənimiz idi. Ona görə ondan kömək istədik. Bu altı ay müddətindəki hökumət idarə eyləmişdir. Siz görürsünüz ki, çox şeylər tazə təşkil olubdur. Daxildə hərci-mərcdən başqa heç bir şey yox idi. Hətta polis də yox idi. Ona görə hamıdan artıq polis işlərinə diqqət etdik. İndi Allaha şükür olsun ki, Azərbaycanın hər yerlərində lazımi qədər olmasa da xalqın malını, canını müdafiə edəcək təşkilatımız var. Bu xüsusda çox sözlər ola bilər. Fəqət vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əsgəri və xəzinəsi olan hökumətmi? Yaxud iki gündə təşkil olunmuş pulsuz və əsgərsiz hökumətmi? Əgər burasını nəzərə alsanız görərsiniz ki, nə qədər zəhmət lazım idi. Dəmir yolları işləmirdi, dağılmışdı, vaqon, filan yox idi. Məmləkətin dolanacağı buna bağlı idi. Ona binaən hökumət buna vaxt verdi. Doğrudur, indi mümkün və lazım olan bir çox şey yoxdur. Lakin nə qədər olsa, allaha şükür yaz, qış dəmir yolları düzəlib idarə olunur. Teleqraf yox idi, bir kağız göndərmək mümkün deyil idi. İndi qüvvəmiz çatan qədər işləyib tamamilə olmasa da çox yerdə poçta, teleqraf açılmışdır. İstənilən yerlərə teleqram, məktub göndərmək olar. Vacib məsələlərdən birisi də maliyyat məsələsi idi ki, onsuz işləmək mümkün deyil idi. Hökumət bir zamanda təşkil olundu ki, Batum nümayəndələrinə pul göndərmək lazım olduğu halda, on min manat toplayıb Tiflisdən borc axtarılırdı. Bu xüsusda hökumət mümkün qədər çalışmışdı. Hökumət üçün para buraxmağa da bir yer yox idi, o zaman heç paytaxtımız da əlimizdə deyil idi, ona görə pul kəsilməz idi. Biz məcbur olduq başqaları ilə şərik olaq. Gürcüstan və Ermənistan ilə şərik olaraq Zaqafqaziya (bon)ları buraxdı. Bədə Bakı alındıqdan sonra Bakı bonu buraxıldı. Eyni zamanda hökumət başqa yerlərə adam göndərib ki, Azərbaycanın öz pulu kəsilsin. Bu saat işləməyir. İnşallah ən yaxın zamanda o da olacaqdır.

Möhtərəm məbuslar! Əlbəttə ki, bu işlər az idi. Və öhdəmizə düşən vəzifənin bir zərrəsidir. Yalnı böyük zəlalət bu idi ki, hökumətimiz hədər olan kimi idi. Bayrağında hürriyyət və əxvət yazmış olan firqələr Bakını əlimizdən almış idi, bizim paytaxtımız buraxılmış idi. Azərbaycanın köksü, paytaxtının sahibi olan müsəlman milləti qətliam edilmiş idilər. Baş bilənlər Dağıstan, İran və Turana dağılmışlar idi. Şəhərdə bir kişi yox idi ki, bunları bir yerə toplasın, bir iş görsün, böylə olan surətdə bu məsələdən başqasına artıq əhəmiyyət vermək olurmu idi? Türkiyəyə müraciətimizin əsil səbəbi də paytaxtımızı əlimizə qaytarması idi. Bu barədə çox əziyyətlər çəkildi, imdi şükür olsun Allaha məqsədə çatdıq, Bakı əlimizə keçdi. Burası hazırən xırda bir şey görülür. Amma o zəlalət yada gətirilsə, nə qədər zəhmət çəkdiyimiz anlaşılar. Bəlkə vəzifəmizi lazımınca ifa etmədik, bəlkə boynumuzda böyük günahlar var. Amma o zəhmətimiz nəzərə alınsa təqsirimiz bir az yüngülləşər.

Doğrudur, möhtərəm əzalar! Şəhər alınarkən nalayiq hərəkətlər olmuşdur. Hökumət bunu gizləmir. Layiq də bilmir ki, gizlətsin. Bəlkə bir çoxlarına əziyyət, bəlkə də cəfa olmuşdur. Lakin mümkün idimi, hökumət bunun qarşısını saxlasın. Zənnimcə insaf ilə baxılsa, Azərbaycan deyil, heç bir hökumət bunun qabağını almağı bacarmazdı. Burada müsəlmanlar qırılsın, namusuna, canına təcavüz edilmiş, əlindən ixtiyarı qoparılmış, bunu da nəzərə almalı ki, üç gün davadan sonra şəhər alınmış, əhali və qoşun şəhərə acıqlı girmiş idi. Hökumət acıqlı deyil idi, acıqlanmazdı, hökumət bu acığı saxlaya bilmirdi. Hökumət bacardığını etdi. Yüzədək müsəlman asdırdı. Çox tərəfdən hökumət barəsində sözlər deyirlər. Amma demək asandır. Deyə bilərsiniz bunu eyləmədik, eyləməli idik, fəqət bu asanı idi.

Möhtərəm, parlament əzaları! Özünüzə məlumdur ki, hökumət üç gündən sonra Bakıya girdi. O vaxtadək nə olmuşdusa da hökumət gəldikdən sonra bu işləri dayandırdı və bundan artıq bacarmazdı. Bu övza ilə bərabər hökumət qarşısında bir çox sair məsələlər də var idi. Xarici işlər bilirsiniz ki, nə halda idi. Zülmət zamanı qayalıq içində nazik taxta bir qayığa bənzər idi ki, hər dəqiqə qayalara toxunub dağılmaq təhlükəsi var idi. Fikir etsəniz görərsiniz ki, böylə idi. Mən tərif etmirəm. İştə bizim vəzifəmiz bu idi ki, qayığı qayalar arasından keçirə idik. Əhvalixariciyyəmiz elə idi ki, hökumət çox müşkülata uğrayır idi, hökumət çox çarpışırdı özgələri daxili işlərimizdən uzaqlaşdırsın. Lakin özümüz gətirmiş olduğumuz adamlara demək olmazdı ki, o vaxt sizi çağırmış idik, indi də size istəmirik, çıxın gedin. Sonra övza dəyişdi, gözlənilməyən bir vaqiə oldu, təzə məsələlər çıxdı, bir zaman gəldi ki, hökumət nə edəcəyini bilməyirdi, ola bilir idi ki, bir addım ilə hər şey dəyişsin. Xalq yeni işlərə razı olacaqmı, yoxmu? Təzə yol ilə getmək istəyəcəkmi? Hökumətə məlum deyildi, burada xalqın öz rəyini bilmək lazım idi, bu lap axırıncı məqam idi. Binaən-ileyh hökumət parlament dəvətini lazım gördü. Fəqət tez parlament çağırmaq mümkün deyil idi. Hökumət təsis olunandan altı ay müddətində Məclisi-Müəssisan çağırmağa söz vermişdi. Bu vaxtadək hələ Məclisi-Müəssisan çağırılmamış, bu bizim təqsirimiz deyildir. Çünki, torpağımızın yarısı və paytaxtımız əlimizdə yox ikən Məclisi-Müəssisan dəvəti fikrinə düşmək belə gülünc idi. Şəhər alınandan sonra da dəvət etmək və hazırlaşmaq mümkün deyil idi. Bununla belə hələ Bakı alınmadan iki gün əvvəl Gəncədə komissiya təşkil edildi ki, Məclisi-Müəssisan dəvətinə hazırlıq işləri görsün. Məlumdur ki, Məclisi-Müəssisan əsas qanun qoymaq üçündür. Böylə bir məclisə malik olmaq üçün qabaqca Azərbaycan istiqlalının dövlətlər tərəfindən qəbul və təsdiq edilməsi lazım idi. Əlbəttə, əsas qanunu qoyub sonra da ləğv etmək böyük ayıbdır. Binaən-ileyh biz müvəqqəti Məclisi-Müəssisansız qalmağı dəvətinə tərcih etdik. Hələ mənim yadımdan çıxdı sizə qabaqca deyim ki, o vaxt İstanbulda mərkəzi dövlətlər nümayəndələrinin iştirakı ilə konqıra dəvət edilmiş idi. Haman konqırada Zaqafqaziya millətlərinin iştirakı ilə bizim istiqlalımızı qəbul və tərzi idarəmiz məsələsi həll edilmiş idi. Sonra məlumunuzdur ki, övza dəyişdi və bundan dolayı konqıra də də'vətini və Məclisi-Müəssisan çağırılmasını istəmirdik. İndi də tazədən Məclisi-Müəssisan dəvəti üçün qanun hazırlamaq və sair işləri 5 ay çəkər idi. Ona görə biz Milli Şuranı dəvət etdik ki, parlament çağırsın. Noyabrın 17-sində Milli Şura çağırılaraq o dəxi bu sistemi qəbul edərək işbu parlamana dəvət etdi. Bir hal idi ki, mərkəzi dövlətlər məğlub oldular, bütün tədbirlər yox oldu. Həm də o dərəcədə məğlubiyyət üz verdi ki, dünyaya hakim olan Almaniya o qədər zəlil oldu ki, ən rəzil dövlət qəbul edəməyəcəyi şərtlərə razı oldu. Vilhelm xəl edildi. Almaniya donanması təslim oldu. Bunlar bu dərəcə məğlub olaraq qabiliyyət tərəf müqabilə keçdi. İngiltərə, Amerika və Firəngistanın bir qədər qoşunları bizim yaxınımızda (Ənzəli)də idi. İngilislər buraya qabaqcadan gəlmişlər idi, lakin o vaxt paytaxtımız Azərbaycan qoşunları tərəfindən mühasirə edilmişdi. O zaman bizim davamız ingilis ilə deyil idi. Ancaq hüququmuz uğrunda hərb edirdik və ingilislərin vürudi ilə hüququmuzdan əl çəkib qaça bilməzdik. Binaən - ileyh ingilislər burada olduqları halda da müharibə etdik, tarixdə görülməmişdir. Və demək olmaz ki, bu hökumətlər millətlərin həqq və hüququnu almaq istəsinlər. İngilislər ən qədim mədəni və hüquq muxtariyyəti müdafiə edən bir millətdir. İngiltərənin hakimiyyəti altında hamıdan çox müsəlman var. Onlar ingilislər ilə çiyin-çiyinə dava edir idilər. Burası göstərir ki, ingilislər onların hüququna təcavüz etmir və özlərindən incitmiyorlar. Bizimlə də onlar arasında heç bir inciklik ola bilməz. Bundan naşıdır ki, Amerika, İngiltərə, Fransa dövlətləri ümumi sülh konfransında vəkilən Azərbaycanda asayişi müdafiə üçün buraya əsgər göndərmək istədikdə, hökumət etiraz etmədi və hökumət ilə Milli Şura onların gəlmələrinə razı oldular. Çünki, onların vürudundan millətin hüququna və Azərbaycanın istiqlalına zidd və xəta görülməyirdi. Bizim rizamız ilə müttəfiqlər gəldilər. Şimdi görürsünüz ki, heç bir zərər də olmadı və hüququmuzu əlmizdən almaq istəməmişlərdi. Millətin həqq və hüququ və havadarı olan daxili işlərimizə əsla əl uzatmırlar. Bunlar elə millətdir ki, bir təhlükə baş verməz. Bununla bərabər öhdəmizə düşən vəzifələrdən birisi də Qafqaziyada bəzən din və qan qardaşlarımızın və bəzən də qonşularımız tərəfindən təşkil edilmiş olan hökumətlər ilə dostanə əlaqə və münasibətimiz məsələsi idi.

Hökumət dostluq hüslu üçün var qüvvəsilə çalışdı. Gürcüstan ilə aramızda heç bir ixtilaf vaqe olmamışdır. İki qardaş arasında da mübahisə olar. Lakin mübahisəli məsələlərin həpsi dostanə bir tərzdə həll edilir. Şimali Qafqaziya bizə daha yaxındır. Həmişə sözümüz, yolumuz, işimiz bir olmuş, bir-birimizə mütəqabil kömək etmişdik. Aramızda heç bir mübahisə olmamışdır. Ermənistan ilə də aramızda elə mühüm bir ixtilaf olmamışdır. Doğrudur, məzkur iki dövlətlər ilə olduğu kimi Ermənistan ilə dostluq hasil olmamışdır. Bunun da səbəbi şahid olduğumuz hadisələrdir. Bu hadisələrin vüquına biz təəssüf ediriz. Və, heç kəs təəssüf etməyə bilməz. Kim təəssüf etməz ki, axır aylarda ermənilər ilə müsəlmanların arasında müharibə vaqe olub, biri-birlərinin qanlarını tökmüş, biribirini incitmiş, zülm etmiş kimi hallar yetirmişlərdir. Hansı tərəfin daha artıq zülm etdiyini indi tərəziyə vurmaq vaxtı deyil, bu gələcəyin işidir. Bu səbəblərdir ki, iki dövlətin dostluğuna mane olmuşdur. Lakin yenə aramızda elə bir ixtilaf vaqe olmamışdır. Hal-hazırda hər nəzarətdən ayrı-ayrı bəhs edə bilməyəcəyəm. Ancaq bunu deməliyəm ki, o vaxt nə məktəb var idi, nə ədliyyə idarələri var idi. Hökumət buna da diqqət etməli idi. Çünki, ədliyyə idarəsi olmayınca məmləkəti polis qüvvəsi ilə idarə etmək olmaz. Bu iki birdir ki, əvvəl başdan milliləşməli idi. Şimdi məktəblər milliləşdilər. İbtidai məktəblər və bəzi siniflər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır. Bundan əlavə hökumət əldən gələn qədər çalışaraq yox olan ədliyyə idarələrini təcdid etdi. İndi Allaha şükürlər hər yerdə olmaz isə də bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər. Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu sürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur. MİLLƏTİN HÜQUQU, İSTİQLALI, HÜRRİYYƏTİ!

Fəaliyyətimizdə xətalar işləmişiksə də həmişə fikrimiz bu olmuşdur. Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı bizə göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid xeyirli şeydir. Parlamentin əsas vəzifəsi də yol göstərməkdir. Hər nazir o nəzarətləri barəsində bəyanat verəcəklər. Hökumətin ixtiyarı bu günə qədər idi, şimdi siz yığıldınız. Hökumət başında parlamentin etimadinə müzəhhər və parlamentə istinad edən bir kabinə olmalıdır. Heç bir hökumət parlament açıldıqdan sonra iş başında qalamaz. Ona görə mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm, hökumət hüzurunuzdə istefasını verir. (Alqış).

Sədr - Rəisi vükəlanın bəyannaməsini dinlədiniz. Bu xüsusda danışan varsa, söyləsin.

Məmməd Əmin - Təklif edirəm ki, hökumət təşkilinə vəkil şimdiki hökumət iş başında qalsın.

Sədr - Buna etiraz edən yoxdur? Deməli təklif qəbul olunur.

Əfəndilər! Üç komisyon intixabini təklif edirəm. Etimadnamə komisyonu, tərtibat və ləvazimat komisyonu, nizamnamə komisyonu. Hər komisyona neçə üzv intixab edilməsi barəsində rəyinizi deyiniz.

Camalbəyov - hər firqədən bir nəfər.

Səfikürdski - hər komisyon beş nəfərdən ibarət olmalıdır.

Məmməd Əmin - hər firqədən birər, “Müsavat” və bitərəflərdən isə ikişər nəfər intixab olmağını təklif edirəm. Zatən “Müsavat” firqəsi ən böyük firqədir.

Miryəqub - hələlik şəkli-fraksiyon məlum olmadığından naşi hər firqədən bir nümayəndə, əyalət, şəhərlər nümayəndələrindən isə bir nəfər üzv təklif edirəm.

(Sədr təklifləri ruscaya tərcümə edir).

Məmməd Əmin - Mən təklifimdə israr etmirəm.

Səfikürdski - Mən təklifimi geri götürürəm.

Sədr - Deməli “İttihad” firqəsinin təklifi qalır. Rica edirəm, namizədlərinizi göstəriniz. İşbu namizədlər təklif edilir:

“Müsavat” və bitərəflərdən: Şəfi bəy Rüstəmbəyov mandat komisyonuna, Məmməd Yusif Səfərov Nizamnamə komisyonuna, Kazımzadə tərtibat və ləvazim komisyonuna; sosialistlər ittifaqı tərəfindən: Məhərrəmov mandat, Səfikürdski Nizamnamə, Hacınski tərtibat və ləvazim komisyonuna; “Hümmət” firqəsindən: Qarayev etimadnamə, Camalbəyov tərtibat və ləvazim, Şeyxülislamov Nizamnamə komisyonuna! “İttihad” firqəsindən Vəzirov Zeynal bəy - etibarnamə, Məhəmmədbəyov - tərtibat və ləvazim, Qarabəyov Nizamnamə komisyonuna; Sair əqəliyyət təşkil edən millətlərdən: Xahman (yəhudi) etibarnamə, Vanseviç (leh) Nizamnamə, Tsixokaya (gürcü) tərtibat və ləvazim; Slavyan-rus cəmiyyətindən: Mixaylov - etibarnamə, Klinyevski Nizamnamə, keşiş Kravçenko - tərtibat və ləvazim komisyonuna. Daha namizəd göstərən yoxdur ki? Bu namizədləri tək-tək və yaxud birdənmi səsə qoyalım?

Səslər - Birdənbir.

Sədr - Buna etiraz edən var isə əlini qaldırsın! Deməli, təklif qəbul olunur. “İttihad” firqəsi tərəfindən təklif vardır.

Qarabəyli - Məclisi-Məbusanına güşadı münasibətilə “İttihad” firqəsi siyasi məhbuslar üçün əfvi-ümumi elanını təklif edir.

Şeyxülislamov – “Hümmət” firqəsi “İttihad”ın arzu etdiyi təklifi qəbul və təbrik edir. Bu məsələni fraksiya da qaldırmaq istəyirdi. Fəqət bugünkü iclasda müzakirə edilməyəcəyini nəzərə alaraq qaldırmadı. Bu məsələni firqələrin deklarasiyasında oxunmasına təsir etdik. Hər halda əfvi-ümumi əleyhinə heç kəs etiraz etməz. Biz təbrik və “İttihad”a təşəkkür edirik.

Məmməd Əmin - Təbiidir ki, Məclisi-Məbusan yığıldığı zaman əfviümumidən sərfi-nəzər etməyəcəkdir. Şübhəsiz ki, Məclisi-Məbusan əfvi-ümumi məsələsinə yanaşacaqdır. Fəqət, bunu hər fraksiya öz deklarasiyasında bildirəcəkdir. Bununla belə, mən “Müsavat” və bitərəflər namindən “İttihad” firqəsinin işbu təklifini təbrik edirəm. Əfvi-ümumiyə heç kəs etiraz etməz. Fəqət, hələ bu xüsusda qəti bir qərarnamə qəbulundan sərfi-nəzər ilə bəyannamələrin nəşrinə təkin bu məsələni təxir edəlim.

Səfikürdski - Gözəl təklif edildi. Şükürlər olsun ki, biz burada şimdi yığılıb danışa biləriz. O qanlar ki, tökülməyilə bizi bu günə çıxarmışdır və bayrağımızı qaldırmışdır; onları unutmayalım. Hürriyyət və inqilab şühədasının istirahət ruhları üçün təvəqqe edirəm ayağa durasınız. (hamı qalxır). Mən sosialistlər tərəfindən bu təklifi təbrik edirəm! Arkadaşımız Məmməd Əmin buyurduğu kimi bu məsələni hamımız istədik, fəqət, bizim firqəmiz bunu bir brilyant kimi pambıq arasında saxlayıb, təntənəli bir surətdə araya çıxaracaqdır. Millət uğrunda, müqəddəs fikir yolunda çalışanlar müqəssir hesab edilməməlidirlər. Bu gün kiçik bir türk parlamenti açılıbdır. Bizim bu parlamentimiz gözlərdə bir ağ kimidir. Çox imperialistlər onu görmək belə istəmirlər. Cümhuriyyətimizə Türk Cümhuriyyəti deyil, Azərbaycan Cumhuriyyəti dedik ki, hamı vətəndaşlara ümumi bir vətən olsun. (Alqış). Azərbaycanda hamı hürr yaşamalıdır. Heç kəsə fərq qoyulmamalıdır. Bizim sosialistliyimizə şübhə edənlərə sübut olunsun ki, kim həqiqi sosialistdir.

Sədr - (zəng çalır). Rica edirəm, mətləbdən danışasınız. Siz “İttihad”ın təklifi haqqında danışmalısınız.

Səfikürdski - Xülasə, fikrimiz budur ki, hürriyyət və inqilab yolunda toqif edilənlər azad edilsinlər. (Alqış, soldan).

Sədr - Əsasən, bu təklifə etiraz yoxdur. Bunun süni cəhəti qalır. Fəqət icrasını indiki hökumətmi, yoxsa gələcək hökumətə tapşıraq?

Qarabəyli – “İttihad” firqəsi təklif edir ki, bu məsələni qanuni bir surətə salmaq üçün bir parlament komisyonu intixab olunsun.

Məmməd Əmin - Müariz yoxdur. Fəqət, bunu təklif edən firqə bu məsələni qanun yapması surətində sədarətə verməlidir ki, müzakirə edilsin.

Sədr - Buna etiraz edən yoxdur ki?

Qarabəyli - Mən təklif edirəm ki, bu gün, burada bir komisyon seçilsin ki, bu məsələni qanun surətində tərtib versin.

Qənizadə - Parlamentin vəzifəsi qanun qoymaqdır. İndidən bu işə başlasın, vaxta ki, bu gün bu məsələyə baxılmayacaq, mən təklif edirəm ki, bütün millətlər nümayəndələrindən mürəkkəb bir komisyon seçilsin ki, bunu bir qanun şəklinə salsın.

Sədr - Layihə hazırlamaq üçün komisyon təşkili barəsində “İttihad”ın təklifinə etiraz yoxmudur?

Məhərrəmov - Böylə işlər çox olacaqdır. Hər birisi üçün bir komisyon seçmək olmaz. Binaən-ileyh bütün böylə işlərə baxmaq üçün bir ədliyyə komissyonu seçilməlidir ki, daima surətdə işləsin.

Sədr - Təklif edilir ki, ədliyyə komisyonu seçilsin.

Miryəqubov - Təklif edirəm ki, bu məsələni Nizamnamə komisyonuna verək.

Sədr - Bu məsələnin Nizamnamə komisyonuna dəxli yoxdur.

Məmməd Əmin - Bu təklifi edən fraksiya bir qanun layihəsi surətində vermiş olsa idi, əlbəttə qəbul edər idik. Fəqət, şimdi bunu Nizamnamə komisyonuna vermək olmaz. Zira Nizamnamə komisyonu öz işinəmi baxsın və yaxud ədliyyə işlərinəmi baxsın? Məsələ əsas etibarilə qəbul olunur. Lakin digər firqələr miyanında həll edilməmişdir. Bu xüsusda bir layihə hazırlamaq lazımdır. Bunu bir komisyon yaxud bir fraksiya və yaxud bir şəxs də edə biləcəkdir. Binaənileyh və ya “İttihad” firqəsi özü bir layihə hazırlasın və yaxud fraksiyon intixabı üçün tənəffüs elan edilsin. Layihə bir günə yazılar.

Sədr - Məlumat almaq üçün, mən burasını sizə ərz etmək istəyirəm ki, Azərbaycan həbsxanalarındakı məhbusların hesabı on nəfərdən ziyadə deyil. Söz Şeyxülislamovundur.

Şeyxülislamov - Bu məsələ əsasən qəbul olunur. Bu qanun deyil bir manifestdir. Binaən-ileyh layihəsini hazırlamaq üçün üç adamdan ibarət bir komisyon seçilsin ki, bir də parlamentə müraciət etmədən ətrafına teleqram çəkərək məhbusları buraxdırsın.

Sədr - Bu barədə daha danışan varmı?

Səmədağa Ağamalov (yerindən) - Təklif edirəm ki, komisyon indi seçilsin.

Qarabəy - Bir komisyon lazımdır ki, məhbusların dərəceyi-təqsirini təhqiq etsin, iki günə qədər parlamentə məlumat versin. Məhbusların azad edilməsi də bu komisyona həvalə edilsin. Bəzi məsələ var ki, təhqiqi ixtilafa bais olar.

Sədr - Məsələ yalnız siyasi məhbuslara aiddir. Başqa təklif var isə söyləyiniz.

Şəfibəy – “Müsavat” və bitərəflərcə komisyona etiraz yoxdur.

Sədr - Komisyonun əzası barəsində iki təklif vardır. Beş və üç.

Kim beş tərəfdarıdır? Əlini qaldırsın. (Əllər qalxır). Kim üç tərəfdarıdır? Əlini qaldırsın. (Əllər qaldırılır).

Sədr - Əksəriyyətlə beş nəfər qəbul olunur. Rica edirəm. Namizədlərini göstərəsiniz.

Əhməd Cövdət - Sosialistlər ittifaqı tərəfindən Aslan bəy Səfikürdski təklif olunur.

Şəfi bəy - “Müsavat” və bitərəflər tərəfindən Qardaşov və Abdulla bəy Əfəndiyevin namizədliyi təklif olunur.

Heybətqulu - “İttihad” tərəfindən Zeynal Tağıyev.

Şeyxislamov – “Hümmət” tərəfindən Səmədağa Ağamalov.

Məmməd Əmin - Təklif edirəm Məclisi bitirmədən ikinci Məclis vaxtı təyin edilsin.

Sədr - Gələn iclasın vaxtını müəyyən ediniz.

Məmməd Əmin - O birisi gün saat 12-də.

Sədr - Etiraz yox isə iclas düşənbə günü, dekabrın onunda saat 12-də təyin edilir.

(İclas saat 5-in yarısında qapanır).
İkinci iclas

10 dekabr 1918-ci il

İclas Həsən bəy Ağayevin sədarəti və Rəhim bəy Vəkilovun katibliyi ilə açılır.

Sədr - Parlamentin iclası açılır. Ruzinameyi-müzakiratda olan məsələlər bunlardır: Daxil olan işlər, deklarasiyalar elami, natiqlərin nitqi. Bir neçə kağız və teleqramlar varid olmuşdur. Lakin hamısını elan etmək mümkün deyil. Ancaq bir neçəsini elan etmək istərdim.

(Dağıstan hökuməti namindən: Yeni hökumətin təşkil etməsi haqqındakı bəyanatı oxuyur).

Məmmədov Mustafa - Bu teleqramın böyük mənası var. Təvəqqe edirəm ki, Məclis buna cavab versin.

Sədr - Təklif olunur ki, bu kağıza cavab verilsin. Etiraz yox isə qəbul edilir. (Göyçaydan gələn teleqramı oxuyur). Bundan əlavə bir çox digər teleqramlar gəlmişdir. Məsələn, Səlyandan, Tərtərdən, Gəncə rəfahi dəstəsindən, Bakı İranlı İttihad və Səadət cəmiyyətindən, Suraxanı, Əmirhacıyan, Nügədi, Ağdərə kəndlərindən və i. a. Növbədə deklarasiyaların elanıdır. Söz “Müsavat” firqəsindən Məmməd Əmin Rəsulzadə əfəndinindir.

Məmməd Əmin - Bəyannaməmizi elan etmədən əvvəl müqəddimə olaraq bəyan etmək istəyirəm ki, keçmiş hökumətin fəaliyyəti haqqında vaxt müsaidə etmədiyindən firqəmiz ayrı bir zaman bəyanatda bulunacaqdır. Şimdi, Türk ədəmimərkəziyyət “Müsavat” firqəsi tərəfindən tərtib verilmiş deklarasiyaya keçəlim.

(Oxuyur). Möhtərəm məbuslar! Türk ədəmi-mərkəziyyət “Müsavat” firqəsinin Məclisi-Məbusan şöbəsi tərəfindən hüzurunuza ərz etməliyəm ki, “Müsavat” firqəsi bu vaxta qədər gərək Rusiya Məclisi-Müəssisan seçkilərindən, gərək Zaqafqaziya “Seym”ində bitərəf adilə məruf olan müstəqil cəmaət xadimləri ilə bir fraksiyan təşkil edərək, onlar ilə birlikdə hərəkət etmiş idik. Bu gün isə firqə müstəqil bir fraksiyon şəklində hüzurunuzda çıxaraq məruzatda bulunur.

Möhtərəm məbuslar! Yəqin siz “Müsavat” firqəsinin bu hərəkətində bir tərzi-hərəkət dəyişikliyi görürsünüz. Həqqaki elədir. Əcəba böyük Məclis quran müxtəlif firqələrdə proqram dəyişikliyi görürmüsünüz?.. Bizim yaxın məqsədlərimizdən biri olan Azərbaycan muxtariyyətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar oluruq. Sağdakılar bir nöqtədən, soldakılar da başqa bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirlər. Sağdan deyirlər ki Azərbaycan, Azərbaycan deyə-deyə müsəlmanları parçalayır, türklük bayrağını qalxızarkən - nüfuzu bala - İslama xətər vurursunuz. Soldan daxi iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı hürriyyətpərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur. Fəqət, bu gün nə görürsünüz?

Onlar da Azərbaycanı, Azərbaycan istiqlalını. Bizim bu dünənki münqadlarımız bu günnə olanca qüvvətləri ilə bir baxışda, hətta bizdən daha ziyadə bir şiddətlə müdafiə edirlər. Biz Azərbaycan muxtariyyəti şüarını ilk dəfə ortaya atan Türk ədəmi-mərkəziyyət “Müsavat” firqəsi bu gün beş ilə yaxın aləmi-şümul bir döyüşdən sonra qalib və məğlub, bütün zehinlərdə yerləşmişsə “Cəmiyyəti-əqvam” fikrinə inanmış idi. “Müsavat” firqəsincə bu cəmiyyət milli dövlətlərin ittifaqından ibarət olmalı, bu dövlətlər ədəmi-mərkəziyyət və muxtariyyət əsasları üzərinə qurulmalı idi. Bu idrakinə ürəyi ilə inanan firqəmiz Rusiya inqilabının ilk aylarında Petroqrad mərkəziyyətinə şiddətlə ərzi kəsən olan sosialist cərəyanların uymadığı kimi, əksər zehinləri tutan bir növ ruh xəstəliyi kimi şiddətli surətdə sirayət edən “İlhaqçılıq” mərkəzində mübtəla olmadı. Öz-özünə sadiq olaraq həmişə ədəmimərkəziyyətçi qaldı. (Mərkəzdən alqış). Əvvəla, ədəmi-mərkəziyyət, sonra muxtariyyət. Daha sonra cərəyana təbən istiqlaliyyət tərəfdarı, daima Azərbaycan məfkurəsinin müdafei olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki, artıq Azərbaycan fikri üzərinə müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki, artıq cəmatimizin zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş, yerləşmişdir. Çünki üç rəngli o məğrur bayraq artıq siyasətən həpimizi birləşdirmişdir. (Alqış). Əvvəlcə, firqə Azərbaycan fikrini yalnız xaricdə deyil, daxildə də isbat etmək məcburiyyətində idi. Bu gün isə firqəmiz daxilən isbat olunmuş müstəqil bir Azərbaycanın Məclisi-Məbusanında bulunur. Şimdi firqə felən mövcud olan Azərbaycan istiqlalının hüquqca möhkəmləşməsi, xaricdə müdafiəsi, daxildə təşkili üçün çalışmasıdır. Əgər bu vaxta qədər “Müsavat” başlıca məqsədi olan Azərbaycan fikrinə maddi bir vücud qazandırmaq niyyətilə sabit bir mərkəz vücuda gətirmək üçün bu məsələdə kəndisilə müttəfiq bulunan bitərəflərlə bir qəlibdə bulunur idisə, şimdi artıq buna ehtiyac yoxdur. Azərbaycan hər kəs üçün müdafiə olunur, qüdsi və müştərək bir sitareyi-ümid halına gəldikdən sonra təbiidir ki, mərkəz məbusan təbdil, proqramlarda təbdil etməlidir. Firqə proqramımız ilə tanış olanlar bilirlər ki, biz federalist, türkçü və demokratizm məsləkimiz millidemokrat məsələsidir. Demokratlığımız radikalizm dərəcəsinə qədər vardır. Millətin qüvvətli bir cəhəti-camiəsi yalnız dində deyil, xalqın “dili dilimdən, dini dinimdən” deyə kəndinə məxsus sağlam hiss ilə dərk eylədiyi düsturda görüriz. Bu mülahizə ilə biz məfkurəmizdə böyük türk millətini bu gün gəlibdə bir türk federasiyonu (mərkəzdən Alqış) qurmaqla bütün görmək istəriz. Bu ittihadın mədəniyyəti bəşəriyyə sərgisinə qiymətdar bir hers (kultur) bəxş edəcəyinə əminiz. İştə məqsəd iqtisadımızın digər dərəcəsi fəqət bu məqsədlərin fövqində ülvi bir məqsədimiz daha vardır ki, o da bütün cahan federasiyonu “Cəmiyyəti əqvam”dan ibarətdir. (Alqış).

Bunun bir müqəddiməsi olmaq üzrə Rusiya inqilabı zamanında yazılan firqə proqramımız, Rusiyada milli və məhəlli muxtariyyətlər əsası üzərinə qurumu, qoşma xalq Cumhuriyyəti üzərində israr edir idi. Müsaid bir zamanda, mətlub şərtlər altında, təkrar böylə bir ittifat əqd eyləmək bizcə yabançı bir fikir deyildir. Bilxassə ki, proqramımız vəchilə muxtariyyətlərini tələb etdiyimiz Türküstan, Qırğızıstan, Başqırdıstan, Volqaboyu və Krım türkləri ilə biz bu surətlə təkrar əlaqə və irtibat peyda edə biləriz. Müstəqil Azərbaycan digər müstəqil Rusiya millətləri ilə azadanə bir surətdə bağlaşaraq qoşma bir hökumət vücuda gətirə bilər. Yalnız bu qədər vargi bu ittifaqı azərbaycanlılar deyil, Azərbaycan yapa bilər.

Vəziyyəti beynəlmiləlliyyəmiz aydınlaşınca kəndi həqqimizi kəndimizi təinə səlahiyyətdar olduğumuzu Rusiya ilə bərabər, bütün cahan mədəniyyəti qəbul etməyincə toplanacaq sülh konfransında diləyimiz istiqlal təsdiq olmayınca - bir kəlmə - hürriyyətimiz beynəlmiləl bir təminat almayınca, bittəb heç bir ilhaqdan, heç bir ilhahdan, heç bir federasiyondan bəhs olunmaz. (Alqış).

Azərbaycan məsələsi kim nə deyir isə desin, artıq beynəlmiləl bir məsələdir. Müstəqil Azərbaycanın xaricən müdafiəsi, hüququn təsdiq edilməsi yenidən düzələcək hökumət məramnaməsinin baş sətrini təşkil etməlidir. Məclisimiz açıldığı gündə söylənilmiş “BİR DƏFƏ YÜKSƏLƏN BAYRAQ ENDİRİLMƏZ!” sözü dildə deyil işdə də görülməlidir. Bu xüsusda ciddi çalışmaq əzmində bulunan hökumət vəziyyətə hakim bulunan müttəfiq hökumətlərin haqqımızda göstərdikləri dostanə təvəccöhdən son dərəcədə istifadə edə bilər. Amerika rəisi-cümhuri (Vilson) əsasları: Azərbaycan kimi kiçik məmləkətlərin də böyük məmləkətlər kimi haqq və ixtiyara malik olduqlarını elan eyləmişdir. Amerika rəisi-cümhurinin elan etdiyi millətlərin kəndi müqəddəratını həll etmək ixtiyarına malik olduqları düsturunun hakim olacağını elan etmişlərdir. Buna əlavə olaraq paytaxtımızda əmniyyət və asayişi təmin üçün müsafir olaraq gələn müttəfiq ordusu komandan general (Tomson) Qafqaziya məsələlərinin sülh Məclisində həll olacağını rəğmən bəyan etmişlərdir. Belə müsaidə gah bir əsəri-təvəccəhdən istifadə etmək və hər bir vasitə ilə bütün cahan mədəniyyəti hüzuruna, bilxassə dövəli-müttəfiqə mühafilində müstəhəqqi istiqlal olduğumuzu isbat eyləmək Azərbaycan hökumətinin “bismilə” siyasətini təşkil eləməlidir. Bu məsələdə qəvi bir əzm və arsılmaz bir səbatla hərəkət edəcək hökumət hər hanki firqəyə mənsub olursa olsun, hər növ müavinət və mühafizəmizə əmin olsun. Müstəqil bir cüzvünü təşkil eylədiyimiz Qafqaziya öylə siyasi bir vəziyyət qarşısındadır ki, buradakı cavan cümhuriyyətlər, Azərbaycan da daxil olduğu halda ancaq ittifaq və yalnız dostluq rəftar edə bilər. Və belə rəftar edə biləcəkləri gündən etibarən xilas olurlar. Buna görə də xarici siyasətimizin “əlhəmdulla”sını Qafqaziya ittifaqı təşkil etməlidir. Siyasətə və iqtisadiyyata su ilə havaya olduğu kimi möhtac bulunduğumuz bu ittifaq xatirinə aramızda bütün ixtilaflı məsələləri sülh, müsalimət və qarşılıqlı güzəşt və ən sonu hökm vasitəsilə həll etmək tərəfdarıyıq. Hər halda həqiqi və həyatı müttəfiqlərimizi fəda etməmək şərtilə bu kimi məsələləri qansız həll edən hökumət ən ziyadə himayə edəcəyimiz hökumətdir. (Alqış).

Bizimlə həmdərd olan Gürcüstan, Ermənistan dövlətləri ilə hüsnümünasibətlərimizin könül arzu eylədiyi dərəcədə səmimiyyətləşdirilməsi şərtilə arzu edəriz. (mərkəz və soldan alqışlar.) Fəqət, bununla bərabər istərdik ki, Qafqaziya millətlərinin hürriyyət və istiqlalına gələcək zərbəyə hər kəsdən ziyadə və həpimizdən əvvəl məruz qalacaq Şimali Qafqaziyalı qardaşlarımızın müqəddəratı hər zaman nəzərimizdən uzaq qalmasın. Biləlim ki, orada “qəlyanaltı” edəcək “bolşevik” burada “nahar” edəcəkdir. Bunu qətiyyən unutmamalı, ona görə də tədarük görməlidir. (Alqış).

Digər dövlətlər ilə dəxi münasibətə girişmək bilxassə yeni vücuda gəlmiş dövlətlər nəzdində nümayəndələr göndərib, onların nümayəndələrini nəzdimizə cəlb etmək xariciyyə nəzarətimizin ilk dərəcədə görüləcək işlərindən olmalıdır. Xaricən sülh və müsalimətlə hərəkət edəcək hökumət, daxilən də hürriyyət, müsavat, ədalət və əmniyyət təsisinə cəhd etməlidir. Haqqımızı isbat etmək, istihaqqımızı göstərmək nöqteyi-nəzərindən dəxi daxili işlərimizi yoluna qoymaq, bütün idarələrimizi tənzim etmək məcburiyyətindəyiz.

Böyük Rusiya inqilabından qazanılan söz, yazı, vicdan, ictimai ittifaq kimi əhli-vətən hürriyyətləri tamamilə təhti-təinə alınmalı. Azərbaycan müsalihəkar, hürriyyətpərvər bir hökumət olmalıdır. Əgər bu günə qədər hərb və inqilab əhvali fövqüladəsindən naşı bu kimi məqsədlər könül dilədiyi kimi hasil olmuşsa, bunun bir an əvvəl qövldən felə gətirilməsinə çalışmalıdır. Eyni səbəbə bu vaxta qədər yalnız müsəlmanlardan təşkil edən heyəti-vükəla dəxi üzərinə müstəqil müştərək bir hökumət şəklində olmalıdır. Millət məhkumluğu acısını dadmış olan Azərbaycan türkü məhkum millət yaratmaz. (Şiddətli alqış).

Azərbaycan Cumhuriyyəti övladını ögey-doğmaya ayırmaz: erməni, rus, yəhudi, gürcü, nemes, polyak və sair azlıqda qalan millətlər Azərbaycan vətəndaşı olmaqla bərabər milli-mədəni muxtariyyətə malik olub kəndi ümuri-məzhəbiyyə, milliyə və mədəniyyələrini kəndiləri idarə etməlidirlər. (Mərkəz və soldan alqış). Keçmişin məşum tərkəsi olan erməni-müsəlman hadisati-ələmiyyəsinə bir daha meydan verilməmək üçün hökumət hər növ fədakarlığa təhəmmül etməli, burada dağıdıcı ədavətin izaləsinə səy etməlidir. Bu xüsusda qəti və bitərəfanə qərar və tədbirlərilə hökumət mart və sentyabr hadisələri kimi qəmgin faciələrin bir daha təkrar edilməyəcəyi haqqında təminat verməlidir. (Alqış).

Bütün aləmi istila edən demokratik bir cərəyanın yol alıb getdiyi belə bir zamanda Rusiya inqilabi-kəbiri kimi müdhiş bir ixtilal məşiməsindən doğmuş bir Cumhuriyyəti təsis və idarə edəcək hökumət daxili siyasətində hər şeydən ziyadə demokratiya sinfinə, köylülər ilə əmələlərə istinad etməlidir. (Mərkəz və soldan alqış). Fövqəladə bir surətdə bahalaşan məişətin ən ağır yükü millətin əksəriyyətiəzəməsini təşkil edən bu iki sinfin umuzundadır. Binaən-ilhey əkinçiyə yer, əmələyə iş verilməlidir. (Sürəkli alqışlar, mərkəzdən və soldan). Yeri bəs necə verir, iş üçün nə düşünür, deyə vaqe olan suala firqə proqramımızı nəql ediriz.

“Torpaq məsələsi”

22). Xəzinəyə, sabiq padşaha və padşah nəslinə mənsub xanədanə; elə də mülkədarla xüsusi malikələrə məxsus olan bütün torpaqlar pulsuz və əvəzsiz olaraq zəhmətkeş və rəncbər xalqa veriləcəkdir. (Şiddətli alqış, soldan bravo!)

23). Bu surətlə zəhmətkeş və rəncbərlərə veriləcək torpaq onların kəndi mülkiyyətlərinə verilib, həmin yer üzərində bütün hüquqa malik olacaqdır. (Mərkəzdən alqış).

24). Hər bir əldə qalacaq və ya bulunacaq torpağın ən çox miqdarı qanunən təyin olunub, ondan artıq kimsəyə torpaq sahibi olmaq haqqı verilməyəcəkdir.

(Soldan bravo, alqış).

25). Torpağın pulsuz və əvəzsiz surətdə rəncbərlərə verilməsi üzərində xəsarətdidə olan xüsusi maliklərə gördükləri ziyan müqabilində xəzinə tərəfindən, mütərəqqi gəlir vergisi əsasilə varlı siniflərdən alınan vergi pulu ilə hasil olmuş xüsusi bir məbləğ (fond) hesabına olaraq mükafat veriləcəkdir.

26). Malikiyyət torpağın üzərinə olub, altındakı mədəniyyat isə beytülmal (muxtariyyət xəzinəsinə) məxsusdur ki, bu surətlə istifadə olunması dövlət tərəfindən qoyulacaq xüsusi nizam və qanuna bağlıdır.

27). Meşələr, cəngəllər, göllər, duzlaqlar və axar sular ümumidir. Onların idarəsi məhəli idarələrin əlində olub, xüsusi adamların onlardan faydalanmasının tərtibi dəxi məzkur idarələrə bağlıdır.

“İşçi məsələsi”

İşçilərin zəhmətin ağır məşəqqətindən daim rahat etmək üçün firqə aşağıdakı maddələri tələb edir:

28). (Hər bir muzdur, qulluqçu, əmələ və fəhlə üçün iş günü səkkiz saatdan artıq olmamalıdır. (Alqış mərkəzdən və soldan).

29). Hər bir muzdur, qulluqçu, əmələ və fəhlə üçün, ərkək-qadın-fasiləsiz surətdə həftədə 24 saatlıq istirahət qanunən müqərrər olmalıdır. (Alqış, soldan bravo).

40). Qanunən müəyyən olunan iş günündən artıq işləmək qaydası tamamilə mən edilməlidir.

41). Gecə qulluğu axşam saat doqquzdan saat 6-ya qədər yasaqdır. Fəqət, işin texnikası tələb eylədiyi təqdirdə və əhd təşkilatı tərəfindən caiz görüldüyü halda gecə xidməti görülə bilir.

42). On altı yaşına qədər məktəb sinnində olan balaların çalışdırılması məmnuidir. 16 yaşından 18 yaşına qədər olan cavanların iş günü isə altı saatdan artıq olamaz.

43). Qadınların səhhət və vücudlarına zərərli olan işlərdə çalışdırmaq məmnuidir. (Mərkəzdən alqış, soldan bravo). Hamilə olan qadın xidmətkarlar doğulduqlarından dörd həftə əvvəl və altı həftədə sonra xidmətdən azad edilib və bu azadlıqları müddətində dəxi muzd və məvaciblərini tamamilə alacaqlardır.

44). Qadın əmələ və fəhləsi olan hər bir fabrika, zavod və sair karxanalar yanında südəmər uşaqlara məxsus tərbiyəxanalar yapılacaq. (Alqış soldan). Uşaq əmizdirən ana qulluqçular hər üç saat arasında yarım saatdan az olmamaq şərtilə xidmətdən azad ediləcəklərdir.

45). Tamamilə və ya qismən işləmək qabiliyyəti itmiş olan əmələlər dövlət tərəfindən xüsusi bir fond (sərmayə) hesabına sığorta olunacaqlardır. Bu fond dəxi sərmayədarlardan alınan xüsusi bir vergi hasilatından əmələ gələcəkdir.

46). Muzd və məvacib müqabilində nəqd əvəzinə cins vermək qaydası tamamilə mən ediləcək, muzd və məvacib isə həftədə bir dəfə iş müddəti əsnasında veriləcəkdir.

46). Cərimə və xarab olan, bəyənilməyən mətaiq mayasını qatarmaq və sairə kimi hər növ ittifaq və səbəblərdən ötəri olsa da fəhlələrin haqqi-hesabından pul çıxmaq qaydası kökündən mən edilməlidir.

47). Hər növ emalatxana, kəsbxana, fabrika, zavod və sairəyə kifayət edəcək qədər fabrika təftişçiləri (inspektorlar) təyin edilməlidir. Dövlətə məxsus olan sənətxanalar, xadim və qulluqçusu olan kəsbxanalar dəxi bu müfəttişlərin nəzarətinə tabedirlər. Bu cümlədən olaraq ev qulluqçuları, ev nökərləri dəxi fabrika müfəttişliyinə tabedirlər. Qadınların çalışdığı yerlərə qadın müfəttişlər təyin olunmalıdır. Fabrika, zavod və zəhmətin müdafiəsinə məxsus nəşr olunan qanunların kamilən yerinə yetirilməsinə baxmaq üçün əmələlər tərəfindən seçilmiş vəkillər dəxi iştirak etməlidir. (Alqış.) Bu vəkillərə dövlət tərəfindən maaş veriləcəkdir. Əmələlər tərəfindən seçilən bu vəkillər, əmələyə verilən materiallara onların (brakovka) yaramazlığına və ələlümum işlərin nəticəsinə nəzarət etməlidirlər.

49). Sahibkarlar tərəfindən əmələlərə məxsus olaraq verilən evlər ilə mənzillərin səhhətə müvafiq olub olmamasına, məzkur otaqların daxili sıxlığa və tərtibatına, onların kirayə verilmək şəraitinə baxmaq və həmçinin iş sahiblərinin, əmələlərin ev işlərinə müdaxilə etmələrinə meydan verməmək üçün bu mənzillər məhəlli idarələr tərəfindən təftişə alınıb, nəzarət altına alınmalı, bu nəzarətə əmələlərin vəkilləri də iştirak etməlirlər.

50). Hər bir kargah, fabrika və emalatxanada müntəzəm surətdə iş sahiblərinin nüfuzundan azadə səhiyyə nəzarətləri təsis olunmalıdır. İş sahiblərinin hesabına olaraq əmələlərə müftə dərman verməli və azarladıqları müddətcə məvacibləri özlərinə yetişilməlidir.

51). Səy və zəhmət qanununu sındıran iş sahibləri cinayət Qanunu mocibincə məsuliyyətə alınmalıdır.

52). Hər bir kargah və kəsbxanada yarısı iş sahiblərindən, yarısı da əmələlərindən ibarət xüsusi mühakimə heyətləri təşkil olunmalıdır.

53). Yerli və xaricdən gəlmə əmələ və işçilərə qulluq tapmaq üçün kontorları (məsai birjası) təsis etmək işi məhəlli idarələrə həvalə olunmalı, bu kontorlarda əmələ təşkilatı tərəfindən seçilmiş vəkillər dəxi iştirak etməlidirlər. Millətin özəyini təşkil edən fəhlə baxımsızlıq üzündən müzür xəstəliklərə tutularaq minlərlə qırılırlar. Təbiidir ki, tədabiri-səhiyyə etmədiyindən daha ziyadə bir ciddiyyətlə əvəz olunmalıdır. İaşə (ərzaq) məsələsinin islahı, bu xüsusda ən təsirli çarə ola bilər. Fəqət bunun üçün də yolların tərtib və əmniyyəti, başqa millətlər ilə ticarət mübadiləsini təşkil və əmniyyət əlzəmdir. Maarif daha ziyadə yapmalı və daha ziyadə milliləşməlidir. Köylər məktəb şəbəkələri ilə, şəhərlər də darülmüəlliminlər ilə dolmalıdır. Dövlət müəssisələri ilə təhrirati-rəsmiyyənin mümkün olduqca milliləşməsinə cəhd etməlidir. Əlbəttə unutmamalıdır ki, hökumət qurmaq bir tərəfdən xalqın etimadını qazanmaqla olursa, digər tərəfdən dəxi cəbr və qüvvəyə istinad etməklə olur. Bunun üçün də əsgəri təşkilata son dərəcədə əhəmiyyət verilməlidir. Dövlətin xaricən müdafiəsi, daxilən müsaliməti bunu iqtiza edir. Xidməti-əsgəriyyə bütün xalqın üzərinə deyil, daha ağ gün, daha zəngin siniflərə təhəmmül olunmalıdır. Yeni qurulacaq hökumətdən daxilən və xaricən bu proqram daxilində fəaliyyət istəyəcək Məclisi-məbusan, eyni zamanda kəndisini dəxi bizat Azərbaycan Məclisi-müəssisanı dəvət etmək üçün indidən təşəbbüsdə olmalı, qanuni-intixab yazılması üçün bir ay əvvəl məxsusi bir komisyon ayrılmalıdır.

Bayaqdan bəri zikr etdiyim mətləbləri, məmləkətin istiqdalını müdafiə və millətin həyatını mühafizə etmək üçün əzm qəvasilə təşkil edəcək bir hökumətdir ki, vücuda gətirilə bilər. Böylə bir hökumət içində bulunduğumuz şəraiti-hazirəyə görə yalnız tərəqqipərvər bir koalisiyon surətlə təşkil edə bilir.

Bu surətlə qurulacaq bir hökumət firqə və milliyyət etibarilə müştərək olmalı və hər bir cəhətcə parlament hüzurunda məsul bulunmalıdır. Yalnız böylə bir əhval ilə təşkil olunacaq hökumətdir ki, əlbirliklə xilasına borclu olduğumuz vətəni qurtarıb, hürriyyət və istiqlalımızı təmin ilə bizi həm Məclisi-müəssisan hüzuruna çıxarar, həm də istiqlalımızın beynəlmiləllik təsdiqini asanlaşdırar. (Şiddətli və sürəkli alqışlar).
Bu xəbər oxucular tərəfindən 661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed