Şrift:
Azərbaycan və Türkiyə hərb sahəsində birgə mühüm yeniliyə imza atır
02.10.2017 [10:33] - Xəbərlər, Hərb, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu sahədə hər iki qardaş ölkə lazımi potensiala malikdir” Asim Mollazadə: “Birgə silah istehsalının genişləndirilməsilə həm Türkiyə, həm də Azərbaycanın müdafiə qabiliyyəti daha da artacaq”

Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bildirib ki, Azərbaycanla hərbi sahədə əməkdaşlığımız yüksək səviyyədədir: "Biz vahid qüvvə kimi hərəkət edirik. Azərbaycanın gücü Türkiyənin gücüdür və əksinə, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz xaricdən silah alınmasında problemlərlə qarşılaşırıq. Odur ki, öz silahlarımızı istehsal etməyə başlamaq üçün hərbi sənayedə səylərimizi artırmalıyıq". Bu fonda demək olarmı ki, tərəflər birgə silah istehsalını genişləndirəcəklər və bu nə vəd edir?

Milli Məclisin deputatı Fərəc Quliyev qardaş Türkiyə ilə Azərbaycanın bütün sahələrdə olduğu kimi, birgə silah istehsalı sahəsində də əlaqələrin genişlənəcəyinə əminlik ifadə etdi: “Azərbaycanla Türkiyə qardaş ölkə olaraq onsuz da uzun müddətdir ki, hərbi sahədə də müştərək istehsalla məşğuldurlar. Müxtəlif silah növləri, hərbi ləvazimatlarla bağlı istehsalımız Türkiyə ilə razılaşdırılıb. Əlbəttə ki, müəyyən dövlətlərdən asılı olmamaq, özümüzün bazarını qurmaq, yəni, yerli təminatdan başqa onun satışını da həyata keçirməklə bağlı istehsal sahələrimizin olması çox əhəmiyyətlidir. Bu sahədə hər iki qardaş ölkə lazımi potensiala malikdir. Həm elmi potensialımız var, habelə sənaye və xammal potensialına maliyik. Belə olan halda niyə özümüz istehsal etdiyimiz silahlar olmasın.
Düzdür, daxildə müəyyən silahlar istehsal edirik. Daha yeni-yeni silahların istehsalı ilə bağlı olaraq da addımlar atmaq gücündəyik. Hətta bu istiqamətdə Türkiyə ilə birgə silah istehsalı prosesini genişləndirə də bilərik. İnanıram ki, bu istiqamətdə yaxın zamanlarda başqa bazarlardan, başqa ölkələrdən silah asılılığımız azalaraq minimuma enəcək. Hesab edirəm ki, bütün məsələlərdə Türkiyə ilə müştərək davranmağı bacarmalıyıq. Xüsusən hərbi məsələlər, birgə hərbi sənaye məhsulu istehsalı və xarici siyasətimiz ciddi şəkildə koordinasiya olunmalıdır”.
Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, birgə silah istehsalı prosesinin genişlənməsi hər iki qardaş ölkənin müdafiə gücünün daha da möhkəmlənməsinə xidmət etmiş olacaq: “Türkiyə ilə Azərbaycanın hərbi sahədə ümumi səylərinin artırılması ilə birgə silah istehsalı da sözsüz ki, genişlənə bilər. Əlbəttə ki, bu prosesin genişlənməsinə böyük ehtiyac var.
Azərbahycanla Türkiyə əslində, bir millət, iki dövlət deyimini öz fəaliyyətlərilə daha da gücləndirməlidirlər. İki ölkə arasında başqa sektorlarda olduğu kimi, hərbi sənaye sahəsində də əməkdaşlığımızın geniş vüsət alması üçün böyük potensial vardır. Əminəm ki, bu istiqamətdə müəyyən zəruri addımları ataraq əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracağıq. Bu birgə əməkdaşlıq isə həm Türkiyə, həm də Azərbaycanın müdafiə gücü və qabiliyyətini daha da artıra bilər”

Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed