Şrift:
Kanadada Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib
29.05.2012 [01:08] - Diaspor
Dünən 28 May – Respublika Günü münasibətilə Kanadanın Toronto şəhərinin meriyası qarşısında Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib.

Tədbir Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının və Azərbaycanlı Gənclərin Kanada Şəbəkəsinin təşəbbüsü ilə keçirilib. Tədbirdə, həmçinin, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin nümayəndəsi də iştirak edib.

Mərasimdə Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının rəhbəri İsgəndər Qədirzadə çıxış edərək Azərbaycan Demokratik Respublikasının tarixi barədə bəhs edib.

Daha sonra Azərbaycan Respublikasının dövlət himninin sədaları altında Azərbaycanın dövlət bayrağı qaldırılıb.

Mərasimindən sonra Toronto Universitetində Azərbaycan icmasının üzvlərinin iştirakı ilə forum keçirilib. Forum zamanı Kanadada fəaliyyət göstərən Azərbaycan icmasının, o cümlədən, Azərbaycanlı Gənclərin Kanada Şəbəkəsinin fəaliyyəti və gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlər ətrafında müzakirələr aparılıb.

Bununla yanaşı, Kanadanın Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərinin meri Qreqor Robertsonun (Gregor Robertson) müvafiq qərarı ilə 28 may 2012-ci il tarixi Vankuver şəhərində “Azərbaycanın milli günü” elan edilib. Bu münasibətlə Vankuver şəhərində Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib və mərasimdə Britaniya Kolumbiyası əyalətinin bir sıra rəsmiləri də iştirak edib.

Kanadanın Kalqari və Ottava şəhərlərində də 28 May – Respublika Günü münasibətilə Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed