Şrift:
Azərbaycan voleybol yığması reytinq cədvəlində irəliləyib
04.10.2017 [10:34] - İdman
Avropa Voleybol Konfederasiyası qadınlardan ibarət yığmaların yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan və Gürcüstanda keçirilən Avropa çempionatının yekununa əsasən müəyyənləşən cədvəl millimiz üçün uğurlu alınıb.

Belə ki, yarışda 4-cü yeri tutan Faiq Qarayevin yetirmələri 1 pillə yüksəlməklə, 15-ci yerə qalxıb. Komandamız reytinq xalını 200-ə çatdırıb. Yığmamız Avro-2017-də aktivinə 94 xal əlavə edib.

Siyahıya Bakıda Avropa çempionu tituluna yiyələnən Serbiya başçılıq edir. Qızıl medal qazanmaqla, xallarının sayını 290-a çatdıran balkanlılar Rusiyanı qabaqlayıblar. 1/4 finalda Türkiyəyə uduzan şimal qonşularımız serblərdən 8 xal geri qalır. Ruslar kimi yarımfinala yüksələ bilməyən İtaliya voleybolçuları (280 xal) isə 3-cü pillədəki yerlərini qoruyublar.

Bakıda finalda Serbiyaya uduzan Hollandiya 3 pillə irəliləməklə, 4-cü yerə qalxıb. Onlar 278 xala malikdilər. 3-cü yer uğrunda matçda Azərbaycana qalib gələn Türkiyə isə 276 xalla 5-cidi.

Siyahıda ən çox irəliləyən Gürcüstan millisi olub. Onlar qrup mərhələsində “ilişsələr” də, həlledici oyunlara qatıldıqları üçün 7 rəqibi qabaqlayıblar. Gürcülər 28-ci yerə qalxıblar.

Qeyd edək ki, 48 ölkənin yer aldığı siyahıda Ermənistan milli yoxdu.
Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed