Şrift:
Millət vəkili Əhər-Təbriz caddəsi ilə bağlı verilən vədlər haqda xəbərdarlıq etdi
04.10.2017 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əhər və Herisin İran parlamentindəki millət vəkili Beytulla Abdullahi ölüm caddəsi kimi tanınan Əhər-Təbriz caddəsi ilə bağlı verilən vədlər haqda dövlət rəsmilərinə xəbərdarlıq edib.

“Nəsr” xəbər agentliyinin yaydığı məlumata görə, millət vəkili sözügedən yolun təmiri və genişləndirilıməsi ilə bağlı vədlərin yerinə yetirilməsini tələb edib.

“Bu yolda uzun tıxaclar yaranır və çoxlu yol-nəqliyyat hadisəsi baş verir. Bölgə əhalisi isə bu vəziyyətdən cana gəlib, əgər yolun genişləndirilməsi ilə bağlı verilən vədlər yerinə yetirilməsə, əhalinin ciddi narazılığına səbəb olacaq.

Bu məsələ artıq bir sosial tələbə çevrilib. Ona görə də səlahiyyətli orqanlar caddənin təmiri və genişləndirilməsi layihəsinin icrasında aktiv olmalıdır. Unutmayaq ki, bu layihə bölgə üçün prioritet əhəmiyyət kəsb edən layihələr sırasındadır”- deyə o bildirib.

Millət vəkili Əhər-Təbriz caddəsində gedən işlərin sürətlənməsini təkidlə tələb edib. “Layihənin tamamlanması ilə bağlı ölkə rəhbərliyi və yerli məsullar vəd veriblər. Biz bu məsələni prezident, Yol və Şəhərsalma naziri, Büdcə və Planlaşdırma Təşkilatı və digər səlahiyyətli orqanlarla müzakirə etmişik. Heç şübhəsiz ki, layihə istifadəyə verilənədək əhalinin haqlı tələbinin gərçəkləşməsinə çalışacayıq.

Bir sıra məsullar caddənin 35 kilometrinin bu il istifadəyə veriləcəyinə dair söz veriblər. Onlar artıq ictimaiyyət qarşısında cavabdehlik daşıyırlar. Ümid edirik ki, bu il vaxtı-vaxtında Əhər-Təbriz caddəsində vəd verilən asfalta şahid olacayıq”- deyə B.Abdullahi bəyan edib.

Qeyd edək ki, Güney Azərbaycanın əksər yolları qeyri-standard vəziyyətdə olduqları üçün bir çox qanlı yol qəzalarına səbəb olurlar. Əhər-Təbriz caddəsində hər il ölüm və xəsarət alma ilə nəticələnən çox sayda yol qəzası baş verir, bu səbəbdən həmin yol əhali tərəfindən “Ölüm caddəsi” adlandırılır. Lakin bütün etirazlara baxmayaraq uzun illərdir “Ölüm caddəsi”ndə olan təhlükəli vəziyyət olduğu kimi davam etməkdədir.
Bu xəbər oxucular tərəfindən 75 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed