Şrift:
Azərbaycanlı millət vəklili: “Artıq Əhər yolundakı qəzalarda ölənlərin yas mərasiminə getməkdən utanırıq”
05.10.2017 [09:38] - Güney Azərbaycan xəbərləri
Əhər və Herisinin İran parlamentindəki millət vəkili “ölüm caddəsi” kimi tanınan Əhər-Təbriz yolunda minlərlə insanın yol qəzalarında öldüyünə işarə edərək artıq bu vəziyyətdən utandıqlarını deyib.

Beytulla Abdullahinin bu sözləri “Fars” xəbər agentliyində dərc olunub.

“Həsən Ruhani ilk prezidentlik dövründə Təbriz əhalisinə söz verdi ki, Əhər-Təbriz yolu layihəsi 2016-cı ildə istifadəyə veriləcək, lakin bu vəd yerinə yetirilmədi. Ona görə də əhalinin prezidentə qarşı bədbin olmaması üçün ondan verilən vədin gərçəkləşməsi iqtiqamətində ciddi göstəriş verməsini növbəti dəfə tələb edirik”- deyə o bildirib.

Ölkə üzrə ən çox yol-nəqliyyat hadisəsinin Əhər-Təbriz yolunda baş verdiyini deyən millət vəkili bəyan edib ki, “bu yolda baş verən yol qəzaları və ölüm faktlarının həddindən artıq olmasından artıq xəcalət çəkirik. Nə üçün bölgə əhalisi azad iqtisadi məntəqəsi, neft-kimiya sənayesi, dəmir yolu və yeni xəstəxanalara deyil, ölkənin ən çox avtomobil qəzası baş verdiyi yola malik olmalıdır?! Bölgə əhalisinin 50 mindən çoxu ölkənin ən pis yollarından istifadə etməyə məcburdur. Bu yollar islam inqilabının birinci illərində istifadəyə verilib, lakin avtomobillərin sayının artmasına baxmayaraq hələ də yenilənməyib. Hesab eliyirəm ki, artıq prezident vəziyyətin yaxşılaşdırması üçün yeni tədbirlərin görülməsinə göstəriş verməlidir.”

B.Abdullahi sözlərinin davamında deyib: “Biz nəyi gözləyirik?! Bizim oyanmağımız üçün hamı ölməlidir?! Yalnız bundan sonra yol yenilənməlidir?! O qədər Əhər yolundakı qəzalarda ölənlərin yas mərasiminə getmişik ki, artıq yasa getməkdən utanırıq.”

Qeyd edək ki, Güney Azərbaycanın əksər yollarının qeyri-standard vəziyyətdə olması bir çox qanlı yol qəzalarına səbəb olur. Əhər-Təbriz caddəsində hər il ölüm və xəsarət alma ilə nəticələnən çox sayda yol qəzası baş verir, bu səbəbdən həmin yol əhali tərəfindən “ölüm caddəsi” adlandırılır. Yolun ensiz olması, uzun trafiklər və sərt döngələr “ölüm caddəsi”ni olduqca təhlükəli vəziyyətə gətirib.
90 kilometrlik Əhər-Təbriz yolunun yenilənməsi uzun illərdir ki, bölgə əhalisi üçün bir arzuya çevrilib.

N.S
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed