Şrift:
Firudin Cəlilov: “Ortaq Türk əlifbasına keçid prosesi sürətləndirilməlidir”
29.05.2012 [15:46] - Türk dünyası-Turan
Təəssüf ki, o çərçivədə yalnız bizim tərəfimizdən “Ortaq türk coğrafiyası” dərsliyi hazırlandı.

Keçmiş təhsil naziri, professor Firudin Cəlilovun müsahibəsi:

- Son dövrlərdə tək Azərbaycan-Türkiyə münasibətlərinin deyil, ümumiyyətlə, Türk dövlətləri arasında bir çox sahələr üzrə əlaqələrin genişlənməsi müşahidə olunur…
- Doğrudur, mövcud müstəqil Türk dövlətlərinin qarşılıqlı əlaqələrində irəliyə doğru müəyyən hərəkətlənməni müşahidə etmək mümkündür. Bu yaxınlaşma meyilləri özünü daha çox humanitar sahələrdə büruzə verir.
Əlbəttə ki, belə bir tendensiya Türk dövlətlərinin yaxınlaşmasının zəruriliyini dərk edən hər bir kəsi sevindirir. Lakin qeyd olunan məqamlara baxmayaraq, Türk dövlətlərinin münasibətləri hələ də arzuolunan səviyyədə deyil. Ortaq köklərə malik olan dövlətlərin münasibətləri daha yüksək səviyyəyə çatdırılmalıdır.
- Bununla belə, bir müddət əvvəl yaradılmış Türk Dövlətləri Əməkdaşlıq Şurası çərçivəsində artıq ortaq Türk əlifbası və Tarix dərsliyinin hazırlanması istiqamətində müzakirələr aparılır…
- Əslində, bu məsələ ilə bağlı ilkin hazırlıqlara təxminən 20 il əvvəl Bişkekdə keçirilmiş Zirvə Toplantısında başlanılmışdı. Həmin toplantıda ortaq Türk əlifbasının qəbul olunması və dərsliklərin nəşr edilməsi haqqında qərar verildi.
Nəzərdə tutulurdu ki, ən qısa müddətdə ortaq Türk əlifbası tətbiq olunsun və dərsliklər hazırlanaraq bütün Türk dövlətlərinin məktəblərində tətbiq olunsun. Amma təəssüf ki, o çərçivədə yalnız bizim tərəfimizdən “Ortaq türk coğrafiyası” dərsliyi hazırlandı və bildiyim qədər həmin dərslikdən indi də istifadə olunur.
Prosesin başlanğıcında digər Türk dövlətləri özlərini bu işlərə həvəsli kimi göstərsələr də, həqiqətdə heç bir iş görmədilər. Təbii ki, ortaq Türk dilinin və tək Tarix üzrə deyil, bütün fənlər üzrə dərsliklərin hazırlanması çox vacibdir və bu işlə hazırlıqlı mütəxəssislər ardıcıl qaydada məşğul olmalıdırlar…
- Hər halda, yenidən başlanmış bu prosesin ilkin mərhələsində hansı işlər həyata keçirilməlidir?
- Əgər ortaq dərsliklərin nəşrindən danışırıqsa, o zaman ilk növbədə ortaq Türk əlifbasının qəbul edilməsi lazımdır. 1992-ci ildə Azərbaycanda bu gün istifadə olunan latın qrafikalı əlifba ortaq Türk əlifbası kimi qəbul olunmuşdu. Təəssüf ki, o vaxt əldə olunmuş razılaşmaya baxmayaraq, həmin əlifbadan hazırda yalnız Azərbaycanda istifadə edilir.
Azərbaycandan sonra Tatarıstan da bizim işlətdiyimiz əlifbaya keçmişdi. Lakin Rusiyada 13 il əvvəl baş verən hakimiyyət dəyişikliyindən sonra Tatarıstanda həmin əlifba ləğv olundu.
Bundan başqa, Türkmənistan da başlanğıcda latın qrafikalı əlifbaya keçsə də, bir müddət sonra Türkmənbaşının göstərişi ilə o əlifbanın bəzi işarələri dəyişdirildi və bununla da ortaqlıq prinsipi pozuldu. Qazaxıstanda da bu məsələ ilə əlaqədar bir sıra problemlər ortaya çıxdı.
Ona görə də, sonradan belə problemlərin yaranmaması üçün qərarlar ən yüksək səviyyədə qəbul edilməli və ardıcıllıqla yerinə yetirilməlidir.
- Sizcə, adlarını çəkdiyiniz Türk dövlətlərində ictimai rəyin ortaq əlifbaya münasibəti necədir?
- Birmənalı şəkildə deyə bilərik ki, Türk dövlətlərinin ictimaiyyətində qarşılıqlı rəğbət hissi var və onlar bütün sahələr üzrə ortaqlığa hazırdırlar. Amma təəssüflə qeyd etmək lazımdır ki, o dövlətlərin hökumətləri ictimai rəydən fərqli olaraq, bu məsələlərə o qədər də həssaslıqla yanaşmırlar.
Bilirsiniz ki, Orta Asiyanın Türk dövlətlərinin rəhbərliyindəki şəxslərin çoxu sovet mühitində formalaşmış insanlardır. Ola bilər ki, bu səbəbdən də dediyimiz məsələlərə lazımi səviyyədə diqqət yetirmirlər və ya yetirmək istəmirlər.
O ölkələrdə idarəetməyə cəlb olunan yeni nəsil də belə görünür ki, köhnələrin müqavimətini hələ qıra bilmir. Əminliklə deyirəm ki, bu məsələnin uğurla nəticələnməsi üçün gerçək siyasi iradə nümayiş etdirilməlidir. Əks halda, bu işləri uğurla başa çatdırmaq problemli görünür. Amma yenə də ümid edək ki, istənilən nəticə əldə olunacaq.

A.Zeynalov
Bu xəbər oxucular tərəfindən 1849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed