Şrift:
“Ermənilər Cənubi Qafqazda” kitabının təqdimatı olub
12.10.2017 [10:58] - Kitab evi
Oktyabrın 11-də Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradovun “Ermənilər Cənubi Qafqazda” kitabının təqdimatı olub.

ADU-dan bildiriblər ki, tədbirdə regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva rektor, akademik Kamal Abdullanın təklifi ilə tələbələrin dünyagörüşünün artırılması məqsədilə tövsiyə olunan əlavə oxu ədəbiyyatı siyahısına “Ermənilər Cənubi Qafqazda” kitabının daxil edildiyini söyləyib.

Qeyd edilib ki, universitetin “Auditoriya +” proqramı çərçivəsində nəşr olunan kitab “Ermənilərin mənşəyi haqqında”, “Cənubi Qafqaza erməni köçləri” və “Erməni qriqoryan kilsəsinin mənimsəmə siyasəti” bölmələrindən ibarətdir. Ermənilərin tarixboyu müxtəlif ərazilərdə məskunlaşması və yaranmış situasiyadan yararlanaraq sonradan özlərini həmin ərazilərin yerli əhalisi saydıqları və bu prosesin hələ də davam etdiyi indiki dövrdə bu kitab vaxtında yazılıb oxucuların ixtiyarına verilib.

AMEA-nın Tarix İnstitutunun professoru Solmaz Töhidi “Ermənilər Cənubi Qafqazda” kitabının üç dildə nəşr olunmasını yüksək qiymətləndirib. Bildirib ki, kitab mövzu ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayacaq.

Sonra ADU-nun beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov erməni saxtakarlığı, regionşünaslıq kafedrasının doktorantı Elşən Məcidov ermənilərin mənşəyi, qafqazşünaslıq kafedrasının dosenti Qorxmaz Mustafayev isə Dağlıq Qarabağ əhalisinin tərkibi haqqında ətraflı məlumat veriblər.

A.Şahmuradov müəllifi olduğu kitabın erməni saxtakarlığına qarşı yönəldiyini vurğulayıb. Nəşrdə bir çox mənbələrə müraciət edildiyini deyən müəllif bu prosesdə əsasən erməni müəlliflərin materiallarından istifadə olunduğunu diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed