Şrift:
Gürcüstanın hakim partiyasından Marneuli rayonunun meri vəzifəsinə namizəd azərbaycanlı gənclərlə görüşüb
14.10.2017 [12:40] - Borçalı
Gürcüstanın hakim “Gürcü arzusu - demokratik Gürcüstan” partiyasından Marneuli rayonunun meri vəzifəsinə namizəd Teymur Abbasov oktyabrın 13-də bu rayondakı azərbaycanlı gənclərlə görüşüb.

Görüşdə T.Abbasov Gürcüstanda yaşayan azərbaycanlıları narahat edən problemlərdən danışıb, əsas məqsədin həmin problemləri birlikdə həll etmək, bunun üçün müxtəlif layihələr hazırlamaq, gənclərin Gürcüstan ictimaiyyətinə və Avropaya inteqrasiyasına kömək göstərmək olduğunu vurğulayıb. O, mer seçiləcəyi təqdirdə gəncləri narahat edən problemlərin həllinə çalışacağını bildirib.

Kvemo-Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı Gürcüstanda milli azlıqlar, o cümlədən azərbaycanlı gənclər üçün yaradılmış şəraitdən danışıb, gənclərin inteqrasiyasının vacibliyini vurğulayıb.

Gənc mütəxəssislərdən Ayaz Məmmədov bildirib ki, bu gün azərbaycanlı gənclər Gürcüstanın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Onlar oktyabrın 21-də keçiriləcək seçkilərdə də fəal olacaq, layiq bildikləri namizədə səs verəcəklər.

Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan tələbələr və qeyri-hökumət təşkilatlarının rəhbərləri - Murad Muradov, Ravil Məmmədov, Reşan Ziyadəliyev, Aytac Əhmədova, Aişə Məmmədova və başqaları çıxış edərək gənclər siyasətindən danışıb, gənclərin gürcü dilini öyrənmələrinin vacibliyini xüsusi vurğulayıb, seçkilərdə fəal iştirak edəcəklərini bildiriblər.

Qeyd edək ki, oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 922 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed