Şrift:
Təbriz Şəhər Şurasının üzvü Səttarxan və Xiyabanının məzarlarının Təbrizə intiqal edilməsini istəyib
17.10.2017 [11:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Şəhər Şurasının üzvü Qulamhüseyn Məsudi Reyhan Azərbaycanın müasir tarixinin ən önəmli şəxsiyyətlərindən biri Şeyx Məhəmməd Xiyabanının məzarının təxrib edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videoya işarə edərək baş verən hadisəyə öz münasibətini bildirib.

Yerli mətbuatda yayılan məlumata görə, Şura üzvü sosial şəbəkələrə etimad etmədiyini, lakin özü tarixi şəxsiyyətin məzarını ziyarət edərkən qəbirin bir hissəsinin söküldüyünə şahid olduğunu deyib.
“Ş.M.Xiyabani kimi böyük şəxsiyyətin məzarı bugünkü vəziyyətdə olmamalıdır. Azərbaycan məşhurları və böyük insanlara diqqət yetirmək əslində sosial tələbat və Təbrizin mədəniyyətsevər əhalisinə hörmət sayılır. Məsullar Səttarxan və Ş.M.Xiyabani kimi tarixi şəxsiyyətlərə hörmətlə yanaşmalıdılar. Təklif edirəm ki, bu iki böyük insana layiq bir şəkildə onların anıt qəbiri inşa edilsin və bunun üçün lazımi büdcə vəsaiti də ayrılsın. Başqa təklifim isə onların qəbirinin Təbrizə inqilal edilməsidir”- deyə Q.Məsudi Reyhan deyib.

Bu arada qəbiristanın böyüdülməsi projesi ilə əlaqədar Ş.M.Xiyabaninin təxrib edilmiş məzarının artıq əvvəlki vəziyyətə gətirildiyi bildirilir.
Bu barədə Təbrizin keçmiş millət vəkili Məhəmmədrza Mir Tacəddini məlumat verib.
“Ötən cümə axşamı günü Şah Əbduləzimdə qəbiristanda oldum. Artıq vəziyyət sosial şəbəkələrdə yayılan təsvir kimi deyil, məzarın kənarında yaradılan çuxur artıq betonla doldurulub” deyə o bildirib.
Keçmiş millət vəkili Şah Əbduləzimin Abadlaşdırma İşləri üzrə səlahiyyətli şəxsləri ilə danışaraq Azərbaycan şəhidləri, xüsusi ilə də Məşrutə inqilabının tanınmış liderləri Səttarxan və Ş.M.Xiyabanının məzarlarının onlara layiq şəkildə yeni bir formada təmir edilməsi ilə bağlı təkliflər irəli sürdüyünü də diqqətə çatdırıb.

Ötən günlərdə sosial şəbəkələrdə Ş.M.Xiyabaninin məzarının təxrib edildiyini əks etdirən video yayılmışdır. Videoda görünürdü ki, İran rejiminin əlaltıları tarixi Məşrutə mübarizinin qəbir daşına hörmətsizlik edib, onun altını torpaqdan boşaldıblar.

Tehranda Şah Əbdüləzimdə yerləşən qəbiristanlıqda Ş.M.Xiyabanının məzarı Sərdar-i Milli Səttarxanın məzarının bir neçə metrliyində yerləşir. Hər iki məzar olduqca adi və baxımsız vəziyyətdədir. Bu məzarlar hətta vaxtaşırı müxtəlif bəhanələrlər təxrib edilir və aşağılanır. Ş.M.Xiyabanının qəbir daşı 2014-cü il iyun ayında da naməlum şəxslər tərəfindən təxrib olunub, məzarın üstünə inşaat tullantıları atılmışdır.
Sərdar-i Milli Səttarxanın da məzarı Ş.M.Xiyabanının məzarı kimi baxımsız vəziyyətdə olub, lakin onun məzarı ötən illərdə Azərbaycan Milli Hərəkatı fəalları tərəfindən təmir edilib, təxrib edilmiş qəbir daşı isə yenisi ilə dəyişdirilib.

Cari ilin fevral ayında isə Salar-i Milli Baqirxanın Təbrizin Məfaxir Parkında yerləşən məzarı ətrafında ayaqqabı sərgisinin keçirilməsinə qərar verilib, lakin əhalinin kəskin etirazı nəticəsində bu qərar ləğv edilib.
Qeyd edək ki, azərbaycanlılar bu acınacaqlı vəziyyəti gördükləri üçün, uzun illərdir Azərbaycan qəhrəmanlarının məzarını Azərbaycan şəhərlərini köçürmək istəyir, lakin rejim buna imkan vermir.

N.S
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed