Şrift:
Opera və Balet Teatrında yeni mövsümün ilk premyerası keçiriləcək
17.10.2017 [14:21] - Afişa, Mədəniyyət
Akademik Opera və Balet Teatrında oktyabrın 25-də yeni mövsümün ilk premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, premyera xalq artisti Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasının tamaşası ilə baş tutacaq.
C.Cahangirov "Xanəndənin taleyi" operasını 1978-ci ildə qələmə alıb və həmin ildə opera səhnəyə qoyulub. Maraqlı süjet xətti olan tamaşa XX əsrin əvvəllərində Azərbaycanda çox məşhur olan müğənni Mir Səidin taleyindən, onun hələ gənc ikən Avropaya mühacirət etməsi, qürbətdə vətən həsrəti ilə yaşamasından bəhs edir.
Qeyd edək ki, operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, xalq artisti Baba Mahmudoğlu ifa edib.
Yeni quruluşda isə əsas qəhrəmanın obrazını teatrın solisti əməkdar artist İlkin Əhmədov yaradacaq. Səhnə əsərində həmçinin əməkdar artistlər Afaq Abbasova (Xanım), Fərid Əliyev (Rəşid bəy), Səbinə Vabahzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədova (Xanəndə qız), solistlər Tural Ağasıyev (Aşur bəy), Fəhmin Əhmədli (Qasım), Tələt Hüseynov (Məmməd) çıxış edəcəklər.
Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
İki pərdəli opera tamaşasının səhnə tərtibatı və kostyum eskizlərinin müəllifi isə əməkdar mədəniyyət işçisi, rəssam Tehran Babayevdir.
Bu xəbər oxucular tərəfindən 974 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed