Şrift:
Nadir Qazipur Urmu gölünün dərsliklərdən silinməsinə növbəti dəfə etiraz edib
20.10.2017 [11:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Urmu gölünün şəkilinin dərsliklərdəki xəritələrdən çıxarılması növbəti dəfə etirazlara səbəb olub.

Tarixi Azərbaycan torpaqlarının nadir incilərindən olan Urmu gölünun quruması fəlakət həddinə çatıb. Bu vəziyyətdə İran rejimi gölə əlavə su ehtiyatlarının axıdılması ilə bağlı tədbir görmək əvəzinə, göllə bağlı bütün əsər-əlaməti aradan aparmağa çalışır.

Son vaxtlarda İranda Urmu gölünün şəkilinin orta məktəbin biri “Tarix” dərsliyi olmaqla iki dərsliyindəki xəritələrdən silindiyi məlum olub. Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur artıq ikinci dəfədir bu məsələyə etiraz edib.

O bu barədə oktyabrın 19-da “Təsnim” xəbər agentliyinə danışıb.
“Urmu gölünün 97 faizi artıq quruyub. Bu vəziyyət insanların əhvar-ruhiyyəsinə mənfi təsir edir. Gölün adı və təsvirinin dərsliklərdən çıxarılması isə Urmiyə əhalisi və diger vətəndaşlarda xüsusi narahatlıq yaradır. Gölün təsvirinin dərsliklərdən çıxarılması çox yalnış hərəkətdir”- deyə o bildirib.

Millət vəkli bu məsələnin ətraf mühit tərəfdarlarının xüsusi narahatlığına səbəb olduğunu da diqqətə çatdırıb.

“Bu barədə Təhsil Nazirliyinin məsul şəxsləri ilə müzakirələr aparmışıq. Onlar problemin aradan qaldırılacağına söz veriblər. Ümid edirik ki, vətəndaşlarımızı narahat edəcək bu kimi məsələlərə bir daha şahid olmayacayıq”- deyə N.Qazipur əlavə edib.

Bundan öncə İranda Sənədlərin Qeydiyyatı İdarəsinin mülkiyyətlə bağlı sənədlərinin fonundakı təsvirdə Urmu gölünün təsviri ləğv olunmuşdur.

Ötən illərdə dövlət televiziyalarında da Urmu gölünün İran xəritəsindən silindiyi hallara dəfələrlə rast gəlinib.

Məsələ ilə bağlı Nadir Qazipur ötən ay İranın Təhsil naziri Seyid Məhəmməd Bəthayiyə məktub ünvanlamışdır.

Millət vəkilinin məktubunda bu ifadələrə yer verilib:
“Avstraliya kimi ölkələrdə, insanların xətaları nəticəsində təbiətə vurulan zərərləri uşaqlara göstərmək məqsədilə Urmu Gölünün quruması mövzusu dərsliklərə daxil edilərkən, təəssüf ki, Təhsil Nazirliyinin məsulları Urmu Gölünü dərsliklərdən silirlər. Məsulların Urmu Gölünün canlandırılmasına dair vədləri yerinə yetirilməzkən, indi gölün şəkili də dərsliklərdən silinib.”

Millət vəkili bu barədə Təhsil nazirindən “inandırıcı açıqlama” gözlədiyini qeyd etmişdir.

Bütün bunlar o halda baş verir ki, Urmu gölündə böhran getdikcə dərinləşir. Hətta Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmiləri də bunu etiraf edir. Mərkəz rəsmilərinin sözlərinə görə, göldə suyun səviyyəsinin aşağı düşməsi prosesi davam edir, gölün sulu sahəsi 90 faizdən çox kiçilib.
Urmu gölünün bərpasını gözləyən bölgə əhalisinin artıq yağıntıların artmasından başqa heç bir ümidi qalmayıb... .
Bu xəbər oxucular tərəfindən 117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed