Şrift:
Həsən Ərk: Kərkükdə baş verənlər İran Azərbaycanında da diqqət mərkəzindədir
24.10.2017 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həsən Ərkin dediklərinə görə, son vaxtlar İraq Kürdüstanının keçirdiyi müstəqillik referendumu və ardından İraq hökumət qüvvələrinin Kərkük şəhərini kürd qüvvələrindən geri alması Güney Azərbaycanda, xüsusilə milli fəalların diqqət mərkəzində olub. Təbrizdən Amerikanın Səsinə danışan jurnalist və siyasi fəal İraqda yaşananları kompleks və mürəkkəb olaylar olaraq dəyərləndirir.

“Kürd qüvvələrinin Kərkükdən rahatlıqla geri çəkilməsi, Haşdi Şabi (İraq şiələrinin təşkil etdiyi milis qüvvəsi) və İraq Ordusunun rahatlıqla Kərkükə girməsi burada hamını şok etdi. Biz orada müqavimət və silahlı qarşıdurma gözləyirdik. Amma elə olmadı. Buna görə, bu olay bir az qarışıq və mürəkkəb görünür. Belə nəzərə gəlir ki, bunlar hamısı oyundur. İndi necə oyun olduğuna görə müxtəlif fikirlər var,” Həsən Ərk söyləyir.

Onun sözlərinə görə, milli fəallar ümumilikdə Kərkükün Məsud Barzani qüvvələrindən geri alınmasını müsbət qarşılayıblar:

“Kərkük tarixdə türk şəhəri olub. İŞİD məsələsindən sonra Barzani qüvvələri oranı işğal etmişdi. Burada (İran Azərbaycanında) da narahatlıq var idi. Türkmənlər oradan sürgün olunurdular. Mühacirət etməyə məcbur edilirdilər.”

Jurnalist həmçinin İraq Kürdüstanının keçirdiyi müstəqillik referendumu ilə bağlı düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.


“İnsan haqları baxımından baxsaq, milli fəallar da bunu qəbul edir ki, tamam millətlər öz haqqına çatsın. Bu haqqı özlüyündə hamı qəbul edir. Yəni belə şey yoxdur ki, filan millətin haqqı verilsin, filan millətin haqqı verilməsin. Amma bu haqqı ələ gətirmək şəkli və başqasının torpağına əl uzatmaq bizi incidir. Buna görə də milli fəallar buna qarşı oldular,” Ərk deyir.

Həsən Ərk əlavə edir ki, İraq Kürdüstanı rəhbərliyinin Kərkükdə əhalinin etnik tərkibini dəyişmək cəhdləri azlıqlararası münasibətləri gərginləşdirib. Hazırkı İraq mərkəzi hökumətindən gğözləntilərə nisbətən fərqlidir. Belə ki, Səddam Hüseyn devrildikdən bəri ölkədə təşəkkül tapmış konsensual hökumət milli azlıqların maraqlarını nəzərə almağa çalışır.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed