Şrift:
Stalini yerli xalqların millətçiliyi niyə narahat edirdi? - SSRİ-nin bəzi türk əsilli siyasətçilərinin yarımçıq taleləri
24.10.2017 [11:25] - Xəbərlər, DAVAMın yazıları
Yazının əvvəlini bu linkdən oxuyun
Stalini yerli xalqların millətçiliyi narahat edirdi. Lakin onun fikrincə, bunların arasında ən ağırı və çətini Cənubi Qafqazdakı hadisələr idi. O, Tiflisdəki çıxışlarının birində etiraf edirdi ki, sovet hakimiyyəti şəraitində Cənubi Qafqazda rast gəldiyi müxtəlif millətlərə mənsub fəhlələr arasında qarşıdurma onu sarsıdır. O belə fikir irəli sürürdü ki, inqilabi dövrdə, yəni 1905-1917-ci illərdə Cənubi Qafqaz xalqları arasında tam milli həmrəylik var idi. Stalin, sözsüz ki, o dövrü ideallaşdırırdı. Cənubi Qafqazda mövcud olan milli qarşıdurmanı o, burjua respublikalarının qoyduqları miras kimi qiymətləndirirdi. Əslində bu, 1918-1920-ci illərin mirası deyildi.

SSRİ-nin bəzi türkəsilli siyasətçilərinin taleyinə qısa nəzər salaq.

Vəli İbrahimov 20-ci illərin ikinci yarısında Krımda Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışaraq milli təmayül proseslərində aktiv iştirak etmişdir. O, sovet hakimiyyəti tərəfindən Krım torpaqlarının türk əhalisinin əlindən alındığına qarşı etiraz səsini ucaltmışdır. Vəli İbrahimov Krımda nümunəvi türkdilli respublika yaratmaq niyyətində idi və hətta Türkiyəni Krım təcrübəsindən yararlanmağa çağırmışdır. Stalin bu təşəbbüsləri Türkiyə xeyrinə casusluq kimi qiymətləndirmişdir. 20-ci illərin sonunda Vəli İbrahimov millətçilikdə ittiham olundu və məhkəməsi keçirildi. Onun əsas günahı Krım üçün muxtar deyil, müttəfiq respublika statusu və daha geniş səlahiyyətlər istəməsi idi. 1928-ci ildə V.İbrahimov və onun müavini güllələndikdən sonra yüzlərlə siyasətçi, məmur, milli təmayüllü kommunist təqiblərə və cəzalara məruz qaldılar.

Firdevs (Kerimcanov) İsmail Kerim (1888-1937) Krım tatarları arasında ilk olaraq 1917-ci ilin mayında bolşeviklər partiyasına daxil olmuşdur. Krımda bir neçə sahə (xarici işlər, milli məsələlər, xalq maarifi) üzrə vəzifələrdə və ədliyyə komissarı, respublika prokuroru vəzifələrində çalışmışdır. O, Sultanqaliyevlə bir sıra strateji məsələlərdə - müstəqil müsəlman kommunist partiyasının yaradılması, SSRİ-nin müsəlman xalqları arasında həmrəyliyin qüvvətləndirilməsi kimi problemlərdə həmfikir olmuşdur. Stalinin ittifaq toplantısında çıxışından belə məlum olur ki, Firdevs Sultanqaliyevin mənəvi rəhbəri olmuşdur. 1926-cı ildə Krımdan mərkəzə çağırılan Firdevs 1929-cu ildə partiyadan xaric edilmiş, 1937-ci ildə həbs olunmuş və Arxangelsk vilayətində yerləşən Solovki məşhur həbsxanasında həlak olmuşdur.

Sədri Maksudi (1879-1957) Volqaboyu və Sibir türklərinin yaratdığı milli-mədəni muxtariyyətin başçısı olmuşdur. O, 1906-cı ildən sonra Rusiyada yaranmaqda olan bir çox müsəlman təşkilatlarının ali orqanlarının üzvü olmuşdur. Dumaya üzv olarkən etirazlara baxmayaraq, Maksudinin təklifi ilə Türkiyə parlamentinə əməkdaşlıq məktubu göndərilmişdir. Onun Dövlət Dumasının tribunasından dediyi “Gec-tez mənim sizin qədər hüquqlarım olacaq. Bizim hüquqlarımızı tanımayınca siz Rusiyanı idarə edə bilməyəcəksiniz” sözləri ildırım kimi çaxmışdır. Daxil olduğu Kadet Partiyasının qurultayında o, Rusiyada yerlərə geniş səlahiyyət verilməsi haqqında məsələ qaldırmışdır.

1917-cu il mayın 1-də keçirilən Ümumrusiya müsəlmanlarının birinci qurultayında Sədri Maksudi Rusiyada yaranan ümumtürk ideyasının daşıyıcısı olmuşdur. O, Rusiya müsəlmanlarının bir-biriləri ilə pozulmuş əlaqələrinin bərpasını vacib hesab etmişdir. Həqiqətən də Qafqaz və Türküstandan başqa bütün Rusiya müsəlmanları və türkləri arasında nəinki mənəvi və siyasi, hətta coğrafi əlaqə pozulmuşdu, onlar bir-birilərindən xəbərsiz idilər. Maksudinin fikrincə, yaradılacaq qurumda məhz bu vəziyyət nəzərə alınmalı idi. Nəhayət, müsəlmanların qurultayı Rusiya üçün “ərazi muxtariyyətinə əsaslanan xalq federativ respublikası” təklifini qəbul etdi. Dörd aydan sonra, 1917-ci il noyabrın 20-də Volqaboyu türkləri paytaxtı Ufada olmaqla Rusiya tərkibində yeni dövlətin yaradılmasını bəyan etdilər. Bu dövlətin Milli Şurasının sədri Sədri Maksudi seçilmişdir. Bu dövlətin təşkilatçıları gələcəkdə Rusiyanın tərkibində Krım, Türküstan, Qazaxıstan, İtil (Volqa)-Ural və Qafqaz daxil olmaqla Türk Federativ Respublikasının yaranmasını mümkün saydılar. Bolşeviklər bu respublikanı tanımış və Stalin onları əməkdaşlığa çağırmışdır. Sədri Maksudi buna etirazını bildirmişdir. 1918-ci ilin aprelində bolşeviklər silah yolu ilə bu respublikanı dağıtdılar. Qeyd edək ki, həmin dövrdə bolşevik-daşnak cütlüyü azərbaycanlılara qarşı da milli qırğını həyata keçirmişdi. Bu hadisələrdən sonra Sədri Maksudi silahlı mübarizədən və vəzifədən imtina edərək Türkiyəyə mühacirət etmişdir.

Əlixan Bukeyxanov (1885-1937) qazax xalqının gələcəyini Qərbə və Qərb mədəniyyətinə doğru inkişafda görürdü (406). Sankt-Peterburq meşə texniki institutunu bitirərək 1903-cü ildə Peterburqda çıxan “Rossiya. Polnoe qeoqrafiçeskoe opisanie naşeqo kraya” adlı 18 cildlik toplunun Qazaxıstana aid hissəsinin müəlliflərindən biri olmuşdur. 1905-ci ildən Kadet Partiyasının və Dövlət Dumasının üzvü, bir neçə qəzetin redaktoru olmuşdur. 14 min 500 nəfərin imzaladığı çar idarə üsulundan narazılıq hissini bildirən və “Qarkala petisiyası” adı ilə məşhur olan petisiyanın təşkilatçılarından olmuşdur. Siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs edilmişdir. 1910-1914-cü illərdə “Müasir dövlətlərdə milli hərəkatın formaları” və “Qazaxlar” adlı topluda bir neçə məqalə çap etdirmişdir. Birinci ümumqırğız (ümumqazax) qurultayının tapşırığı ilə Alaş Partiyasının proqramını yazmışdır. Partiyanın proqramı Rusiyanı demokratik, federativ, bütün xalqlar üçün eyni seçki hüquqlu, milli-ərazi muxtariyyətli bir dövlət kimi nəzərdə tuturdu. Ə.Bukeyxanov Oktyabr çevrilişini tanımamışdır. 1917-ci ilin dekabrında milli qurultayda paytaxtı Orenburq olmaqla Alaş-orda adlı qazax muxtariyyəti elan olundu. 1919-cu ilin sonuna qədər A.Bukeyxanovun başçılığı ilə Alaş-ordalılar bolşeviklərlə mübarizə aparmışlar. 1918-ci il aprelin 2-də Ə.Bukeyxanov V.İ.Lenin və İ.V.Stalinlə Qazaxıstanın milli-ərazi muxtariyyətini tanımaq haqqında danışıqlar aparmışdır. Rədd cavabını alandan sonra da mübarizəsini davam etdirmişdir. Nəhayət, admiral Kolçakın məğlubiyyətindən sonra qüvvələrin bərabər olmadığını görən A.Bukeyxanov ideya və siyasi rəqibləri olan bolşeviklərlə danışığa girmiş və onlardan milli muxtariyyəti saxlamaq haqqında vədləri aldıqdan sonra mübarizəni dayandırmışdır. Ə.Bukeyxanov dövlət və siyasi fəaliyyətindən tamam imtina edərək Qazaxıstanda qalmış və elmi fəaliyyətə keçmişdir. 1920-ci ilin oktyabrında Qazax Muxtar Sovet Sosialist Respublikasının birinci təşkilat qurultayında iştirak edərək sovet respublikasının yaradılmasına səs vermişdir. Lakin sovet hakimiyyətinə loyal siyasət belə Bukeyxanovu təqiblərdən qurtara bilməmişdir. 20-30-cu illərdə o, üç dəfə həbs olunmuş və nəhayət, 1937-ci ildə güllələnmişdir.

Əhməd Zəki Validi Toğan (10.12.1890-26.7.1970, İstanbul) siyasi fəaliyyətinə 1915-ci ildə Dövlət Dumasının müsəlman fraksiyasında başlamışdır. 1917-ci ilin aprelində xalqının milli-azadlıq hərəkatına başçılıq etmişdir. O, başqırd xalq qurultaylarının ideologiyasını müəyyənləşdirmiş və işinə başçılıq etmişdir. Z.V.Toğan Rusiya inqilabına inanmış və bu inqilabın türk, müsəlman xalqlarına inkişaf gətirəcəyinə tam əmin olmuşdur. Sonralar Toğan Türküstanda da marksizmi öyrənməkdən çəkinməmişdir. O, başqırd milli hökuməti və milli ordusunun təşkili ilə bilavasitə məşğul olmuş, milli ordunu bolşeviklər tərəfinə keçirib A.V.Kolçakla mübarizəyə qaldırmışdır. Lakin onun bolşeviklərlə birgə fəaliyyəti uzun çəkməmişdir. Validi Toğan Başqırdıstanı müttəfiq respublika kimi gördüyü halda, bolşeviklər Başqırdıstana ancaq muxtariyyət statusu verməyə hazır olduqlarını bildirdikdə, o, bolşeviklərlə əməkdaşlıqdan imtina edərək 1920-ci il mayın 19-da vəzifələrindən istefa verib Başqırdıstandan getmişdir. Bolşeviklərdən qaçmaq marşrutu Bakıdan keçirdi. Z.V.Toğan türk həmrəyliyini rəhbər tutaraq yardım üçün Türküstana gəlmiş və Türküstan Milli Birliyinin rəhbəri seçilmişdir (405). Türküstanda olarkən Z.V.Toğan Axund Yusuf Talıbzadə ilə tanış olmuşdur. Y.Talıbzadə Azərbaycan ictimai fikir tarixində görkəmli yer tuturdu. Siyasi baxışları liberal idi. Z V.Toğanın dediyinə görə o, əsl panislamist və pantürkist idi. Axund Yusuf (Ziya) görkəmli ədibimiz Abdulla Şaiqin qardaşıdır. 1920-ci ildə o, N.Nərimanovun xahişi ilə Azərbaycana gələrək Naxçıvanın xalq xarici işlər komissarı təyin olunmuşdur. Onun türk paşaları ilə yaxşı əlaqələri Naxçıvanın təhlükəsizliyini möhkəmlətməyə xidmət etmişdir. Bir müddət sonra Axund Yusuf (Ziya) Talıbzadə Naxçıvandan Türküstana köçərək Ənvər Paşa ilə birlikdə basmaçılar hərəkatına qoşulmuşdur. Həmin dövrdə o, Z.V.Toğan ilə tanış olaraq sıx əlaqələr saxlamışdır. 1922-ci ilin avqustunda döyüşdə həlak olmuşdur.

Z.V.Toğan Türküstanda da sovet hakimiyyəti ilə hesablaşmağı üstün tutmuşdur. O, görkəmli türk hərbi xadimi Ənvər Paşa (1881-1922) ilə görüşərək onu sovet hakimiyyəti ilə açıq mübarizəyə girmədən kənardan basmaçılara yardım etməyə, inandırmağa çalışmışdır. Əks halda sovet hakimiyyətinin bütün hərəkatı qanına qəltan edəcəyini bildirmişdir (405). Z. V.Toğan Türküstanda dövlətçilik prinsiplərini müəyyənləşdirməkdə böyük iş görmüşdür. O, milli-azadlıq hərəkatının əsas prinsiplərini müəyyənləşdirmişdir. Yeddi prinsip haqqında qərar qəbul olunmuşdur: müstəqillik, demokratik respublika, milli ordu, müstəqil iqtisadi idarəçilik, geniş miqyaslı maariflənmə, Avropa mədəniyyəti ilə Rusiyanın vasitəçiliyi olmadan birbaşa əlaqənin yaradılması, dövlətdə mövcud olan bütün millətlərin maraqlarının qorunması, din azadlığı, dövlətin dinin, dinin isə dünyəvi məsələlərin işinə qarışmaması. Bu ideyaları inkişaf etdirmək məqsədi ilə Z.V.Toğan əvvəl Türküstan Sosialist Partiyasının, sonra isə Birləşmiş Müsəlman Kommunist Partiyasının yaradılması ideyasını da həyata keçirməyə başlamışdır. Bu qərarlar mürəkkəb sosial bazaya malik Orta Asiya şəraitində Z.V.Toğanın böyük siyasi qələbəsi idi. Validi Toğan kommunist ideyalarına inanmaqda davam etmişdir. Onun münaqişəsi kommunist, sosialist ideyaları ilə deyil, konkret olaraq Stalinlə idi. O, müsəlmanları Qırmızı Orduya girməyə, sovet orqanlarında çalışmağa və partiya orqanlarına seçilməyə çağırmışdır. Tədqiqatçılar Z.V.Toğanın planlarının geniş, taktikasının isə çevik olduğunu qeyd edirlər. Toğan Başqırdıstandan getsə də, yüksək vəzifələrdən imtina etsə də, Türküstanda milli-azadlıq hərəkatına rəhbərlik etdiyi zaman yenə də fikri o olmuşdur ki, 20-ci illərin real şəraitində yeganə çıxış yolu Rusiya tərkibində yaradılmış, amma öz milli ordusu olan Türküstan Respublikasıdır. Maraqlıdır ki, o əvvəllər Turan dövlətinin yaradılmasını qeyri-real sayırdısa da, Türküstandakı fəaliyyətindən və bu hərəkata Ənvər Paşa qatılandan sonra onu real saymağa başlamışdır. Türküstan Milli Birliyinin VII qurultayı Validi Toğana Avropaya mühacirət edib müsəlmanların sözünü oralara çatdırmağı tapşırmışdır.

Avropaya gedən Validi Toğan bir neçə ünvana məktub yazmışdır. Onların arasında Leninə məktub (20 fevral 1923-cü il, Aşqabad) öz sərtliyi ilə seçilir. Bu məktub əslində onun növbəti dəfə Moskvaya dəvət edilməsinə cavab olaraq yazılmışdır. Məktubda Lenin və onun siyasəti kəskin tənqid atəşinə tutulmuşdur. O, məktubda xatırladırdı ki, 1919-cu il martın 20-də Lenin, Stalin və Toğan Başqırdıstanın respublika elan olunması haqqında saziş imzalamış, lakin qısa bir müddətdən sonra bu saziş bolşeviklər tərəfindən “kağız qırığı” adlandırılmışdır. Toğan məktubda Leninin milli siyasətini yalan və iftira üzərində qurulmuş siyasət adlandırmışdır. O deyirdi ki, rus xalqı başqa xalqlara qarşı öz hakim hüquqlarından əl çəkməmişdir. Qeyri-rus xalqlarının mədəniyyətləri ruslaşdırma yolu ilə getmək məcburiyyəti qarşısındadır. Toğan Leninin “inkişaf etmiş xalqlar geridə qalmış xalqlara kömək etməlidir” fikrinin əsl mahiyyətini açmışdır. Bu da ondan ibarət idi ki, hakim xalq öz hökmranlığını bu pərdə arxasında saxlamaq fikrindədir: “Xalqları tam ruslaşdırmasanız, əl çəkmək fikrində deyilsiniz”. Z.V.Toğan məktublarında bolşeviklərin yalan üzərində qurulmuş milli siyasətlərini tənqid atəşinə tutaraq vurğulayırdı ki, indi artıq Rusiyanın ərazisində yaşayan türk xalqlarına olan münasibət beynəlxalq problem olaraq qaldırılacaqdır. Məktubunda Z.V.Toğan dünya inqilabı və proletar diktaturasının əslində şovinist mahiyyət daşıdığını açıqlamışdır. Toğan Leninin xəstəliyinə işarə edərək qeyd edirdi ki, buraxdığınız səhvləri artıq düzəltmək imkanında deyilsiniz.

Leninə məktubla yanaşı, Toğan “Başqırd xalqına” müraciət yazmışdır. O, xüsusi olaraq qeyd edirdi ki, hal-hazırda heç bir üsyana yol vermək olmaz. Toğan Süleyman Murzabulatovun silahlı mübarizəyə çağıran çıxışına bənzər hərəkatların xalqa ziyan verə biləcəyini yazırdı. O, xalqının qarşısında duran başlıca vəzifələri belə müəyyənləşdirmişdir: “Gəncləri savadlandırmalı və bütün sahələrdə mütəxəssis hazırlamalı; gənclərimiz şəxsi mülkiyyətə qapanmamalıdırlar, onlar lazımi keyfiyyətləri inkişaf etdirib sosialist təsərrüfatında çalışaraq xalqına qulluq etməlidirlər; milli dili və dini saxlamaq üçün bütün vasitələr istifadə olunmalıdır, çünki əsas mübarizə bunlar ətrafında olacaqdır. Gələcəkdə bu problemlər millətlərarası xarakter daşıdığından onlara hazır olmaq lazımdır. 1917-ci ildən başlayaraq apardığımız mübarizə haqqında həqiqəti xalqa, gənclərə çatdırmaq lazımdır. Sonrakı hadisələr mübarizəmizi davam etdirməyə bizə imkan verəcəkdir. Əhalisinin əksəriyyəti müsəlman olan Türküstan bu imkanlardan istifadə edə biləcəkdir". Bu, böyük və müdrik şəxsiyyətin xalqına vəsiyyəti idi. Məktubun Başqırdıstana çatdığını və xalq arasında yayıldığını Validi Toğan yalnız 20 ildən sonra, 1943-cü ildə İkinci dünya müharibəsində əsir düşmüş bir başqırddan öyrəndi.

Başqa bir məktubunda Z.V.Toğan yazırdı: “Ən düz qərar vətəndə qalmaq, dinimiz, dilimiz və xalqımızın yaşamağı üçün şərait yaratmaqdır. Vətəndən qaçmaq, deməli, sadəcə canını qurtarmaq deməkdir, yaxud da vətəndən ancaq diplomatik fəaliyyət aparmaq üçün getmək olar”.

Z.V.Toğan İslamın türk üçün ən münasib din olduğunu və tarix boyu türkə dayaq olduğunu qeyd etmişdir. Başqa dinləri sınayandan sonra türk məhz öz seçimini İslam dini üzərində saxladı. Z.V.Toğan deyirdi: “Mən inanıram ki, gələcəkdə türk xalqları öz mövcudluğunu məhz İslam dininə əsaslanaraq inkişaf etdirəcəklər”. Bu fikrini sonralar Z.V.Toğan öz tədqiqatlarında yüzlərlə istinadlarla əsaslandırmışdır.

Z.V.Toğan hesab edirdi ki, sosialist ideyaları yalnız müsəlman xalqları arasında milli ideya ilə vəhdət tapdığı halda uğurlu ola bilər. Z.V.Toğana görə sosializm ideyaları demokratiyanı əsas götürüb milli ideya və İslam dəyərləri ilə birləşdiyi zaman müsəlman xalqları üçün qiymətli olardı. O, qeyd edirdi ki, Şərqdə sosialist inqilabı sinfi qarşıdurma əsasında deyil, ancaq milli-azadlıq zəminində həyata keçirilə bilər. Z.V.Toğan bolşeviklərə xitabən yazırdı ki, siz real qarşıdurmanı görmürsünüz, ancaq süni şəkildə ziyalı dəstəsini xırda-burjua millətçi elementi adlandıraraq onlara qarşı mübarizə aparırsınız. Stalin Toğana SSRİ-yə qayıtmağı təklif etmiş, Lenin onun mühacirətindən heyfsiləndiyini bildirmişdir. Toğan yazdığı məktubda qeyd edirdi ki, sosializm ilə milli-azadlıq maraqları arasında tarazlıq tapılmalı, çoxsaylı millətlərlə azsaylı millətlərin maraqları arasında fərq aradan qaldırılmalıdır. Z.V.Toğan Stalin diktaturasının qanlı nəticə verəcəyini qabaqcadan görmüşdür.

P.S. Yazı Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” əsərindən götürülüb.

Davamı var...
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed