Şrift:
Vədud Səadəti Ettelaat İdarəsi, Rəhim Novruzi isə Universitetin Təhlükəsizlik Bölümünə çağırılıb
28.10.2017 [10:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı öyrənci fəal Rəhim Novruzi təhsil aldığı Ərdəbil Azad Universitetinin Təhlükəsizlik (Hərasət) Bölümünə, daha bir azərbaycanlı fəal Vədud Səadəti isə Ərdəbil Ettelaat İdarəsinin Xəbər Mərkəzinə çağırılıb.

Yerli mənbələrdən əldə olunan məlumata görə, R.Novruzi oktyabrın 26-da telefon vasitəsi ilə universitetin təhlükəsizlik bölümünə çağırılıb, həmin bölümə müraciət edən öyrənci fəal Ettelaat əməkdaşları tərəfindən universitetdən uzaqlaşdırılmaqla təhdid edilib. Bədən tərbiyəsi üzrə ali təhsil alan R.Noruzi Azərbaycanın demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhdidə məruz qalıb.

Azərbaycanlı fəal bundan öncə də İran təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb, işgəncə edilib və müxtəlif təzyiqlərlə üzləşib.

Ərdəbildə azərbaycanlı milli-mədəni fəal Vədud Səadəti də oktyabrın 26-da Ettelaat İdarəsinin Xəbər Mərkəzinə çağırılıb.

Yerli mənbələr bildirir ki, fəal Ettelaat İdarəsinə müraciət etdikdən sonra sorğu-suala tutulub, ondan kütləvi etirazlara qatılmamaq üçün öhdəlik götürməsi tələb olunub. Məlumatda vurğulanır ki, bütün təzyiqlərə baxmayaraq azərbaycanlı fəal Ettelaat əməkdaşlarının qanunsuz tələbini yerinə yetirməkdən imtina edib.

V.Səadəti 2008-ci il aprelin 10-da Ərdəbildə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb. O Ərdəbil İnqilab Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən milli təhlükəsizliyi pozmaq üçün qrupa üzv olmaq ittihamı ilə mühakimə olunub, sürgündə 5 il həbs cəzasına məhkum edilib. Lakin Ərdəbil Əyaləti Apelyasiya Məhkəməsi irəli sürülən ittihamı sistemin əleyhinə təbliğ ittihamı ilə əvəz edərək fəalı 1 il həbsə məhkum etmişdir.

Azərbaycanlı fəal Ərdəbil Ettelaat İdarəsinin təcridxanasında qaldığı müddətdə yuxusuz qalmaq, elektrik şoku, döyülmək və s. kimi işgəncələrə məruz qalıb.

İranda hər il kütləvi etirazlarda çox sayda azərbaycanlı fəal yaxalanaraq məhkəmə qarşısına çıxarılır, onların əksəriuyyəti ağır həbs cəzasına məhkum edilir.
Bu xəbər oxucular tərəfindən 553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed