Şrift:
Corc Soros: “Avropanın avronu xilas etməyə cəmi üç ay vaxtı var”
04.06.2012 [11:21] - Köşə yazarları, İqtisadiyyat
Dünya şöhrətli milyarder Corc Soros hesab edir ki, Avropanın öz vahid valyutasını xilas etmək üçün cəmi üç ay vaxtı qalıb. Bunu o, İtaliyanın Trento şəhərində keçirilən İqtisadiyyat Festivalında bildirib.
“Üç aydan sonra bazarlar gözləməkdən bezəcək, daha çox şey tələb etməyə başlayacaq, amma hökumətlər bu tələbləri yerinə yetirə bilməyəcək” - deyə C.Soros qeyd edib.
Onun fikrincə, Avropa Birliyinin iyunun sonunda keçiriləcək sammiti bütün tərəfləri təmin edən minimal tədbirlərin qəbul edilməsi ilə işini məhdudlaşdıracaq: “Bu tədbirlər mövcud neqativ tendensiyaların qorunması şərti ilə vəziyyəti yalnız müvəqqəti yaxşılaşdıracaq”.
İnvestor deyib ki, iyunun 17-də Yunanıstanda parlament seçkiləri “Avropa Birliyindən qovulmaq qorxusu altında” keçiriləcək və orada beynəlxalq kreditorların tələblərini yerinə yetirməyə hazır olan qüvvələr qalib gələcək: “Amma Yunanıstanda hansı hökumətin hakimiyyətə gəlməsindən asılı olmayaraq, heç kim bu tələbləri yerinə yetirmək iqtidarında deyil və payızda bizi bu ölkədəki böhranın kulminasiyası gözləyir”.
C.Soros payızda Almaniya iqtisadiyyatının da zəifləyəcəyini proqnozlaşdırır: “O zaman kansler Merkel almanları növbəti avroöhdəliklər götürməyə inandıra bilməyəcək”.
Məşhur maliyyəçi avronu xilas etmək üçün bir sıra təkliflər də irəli sürüb: “Banklardan əmanətlərin kütləvi axınının qarşısını almaq üçün bank depozitləri sığortalanmalı, Avropa bankları Avropa Maliyyə Sabitliyi Fondundan birbaşa maliyyələşdirilməlidirlər. Amma heç nəyə Almaniyanın köməyi olmadan nail olmaq mümkün deyil”.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed