Şrift:
Bakıda Türkiyənin milli bayramı qeyd edilib
02.11.2017 [10:25] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Azərbaycandakı səfirliyi Cümhuriyyətin elan edilməsinin 94-cü ildönümü münasibətilə noyabrın 1-də rəsmi qəbul təşkil edib.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Səfir Erkan Özoral tədbirdə çıxış edərək Türkiyənin istiqlal mübarizəsindən və keçdiyi inkişaf yolundan danışıb. Qeyd edib ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafından danışan diplomat deyib ki, qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır.

Oktyabrın 30-da açılış mərasimi keçirilən Bakı–Tbilisi–Qars dəmir yolunun əhəmiyyətinə toxunan səfir qardaş dövlətlərimiz arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Sonra Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.

Rəsmi qəbulda çıxış edən Baş nazirin müavini Abid Şərifov Azərbaycan hökuməti adından Türkiyə dövlətini və xalqını əlamətdar bayram münasibətilə təbrik edib. O bildirib ki, Türkiyə hərtərəfli inkişaf edərək çox böyük və şərəfli yol keçib. Ortaq tarixə, keçmişə malik ölkələrimiz arasında münasibətlər böyük dostluq və qardaşlığın nümunəsidir. Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir və bundan sonra da inkişaf edəcək. Azərbaycan daim Türkiyənin dəstəyini və diqqətini hiss edib, bu gün də hiss edir. İki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Qarşılıqlı dəstək əlaqələrin daha da genişlənməsinə təkan verir. Ən ağrılı problemimiz olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Türkiyə hər zaman Azərbaycanı dəstəkləyir. Oktyabrın 31-də Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında bir sıra mühüm sənədlər imzalandı. Bu sənədlər əlaqələrimizin daha inkişafına təkan verəcək.

Baş nazirin müavini deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti sabitliyə və iqtisadi inkişafa töhfədir. Bu töhfənin əsasında Azərbaycanla Türkiyənin sarsılmaz dostluğu dayanır. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu qədim İpək Yolunun bərpasıdır. Bu dəmir yolu bir sıra ölkələrin dünya bazarlarına çıxışını asanlaşdıracaq və Avropa ilə Asiya arasında daşımaların həcmini artıracaq.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed