Şrift:
Prezident rusiyalı nümayəndələri qəbul etdi
03.11.2017 [10:29] - Siyasət
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovu qəbul edib.

Prezident İ. Əliyev görüşdə qeyd edib ki, Dağıstanı Azərbaycan ilə çoxəsrlik dostluq, qardaşlıq, əməkdaşlıq telləri bağlayır:

“Sizi yenidən görməyimə çox şadam. Bu il həm İlyas Maqomedsalamoviç, həm də Xizri İsayeviç Azərbaycan dövlətinin ali ordeni - “Dostluq” ordeni ilə mükafatlandırılıblar. Müvafiq sərəncamlar mənim tərəfimdən bu ilin martında və iyulunda imzalanıb. Demək istəyirəm ki, Azərbaycanda sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirlər. Sizin fəaliyyətiniz Rusiya Federasiyası ilə Azərbaycanın, Dağıstanla Azərbaycanın qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlib. Siz Dağıstanın nümayəndələrisiniz. Dağıstanı Azərbaycan ilə çoxəsrlik dostluq, qardaşlıq, əməkdaşlıq telləri bağlayır. O cümlədən Siz Rusiya dövlətinin, Rusiya hökumətinin nümayəndələrisiniz. Siz Moskvada və Dağıstanda Rusiya Federasiyasının inkişafı işində çox mühüm rolu yerinə yetirirsiniz. Həmçinin çox uğurla tərəqqi edən Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynayırsınız. Azərbaycanda sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirlər. Sizi tanıyırlar, bizim xalqımızın, ölkəmizin böyük dostları kimi tanıyırlar. İlyas Maqomedsalamoviç və Xizri İsayeviç, şəxsən sizin rolunuz böyükdür. Mən sizin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə necə səy göstərdiyinizi və töhfə verdiyinizi dərindən bildiyimə görə bunu tamamilə səmimi deyirəm”.

Dövlət başçısı “Dostluq” ordenlərini İlyas Umaxanova və Xizri Şixsaidova təqdim edib.

İ. Umaxanov isə bildirib ki, Azərbaycanın bu yüksək mükafatını prezidentdən almaq böyük şərəfdir: “İlham Heydər oğlu, mən səmimi minnətdarlığımı bildirmək istərdim. Yəqin ki, həm də Xizri İsayeviç bu minnətdarlıq sözlərinə qoşular. Çünki bizim üçün Azərbaycanın bu yüksək mükafatını Prezidentdən almaq böyük şərəfdir. Biz bu mükafatı dövlətlərarası, parlamentlərarası əlaqələrin və əlbəttə, regionlararası, ilk növbədə, bizim sevimli və yaxın Dağıstanla əməkdaşlığın möhkəmlənməsi istiqamətində qərarların qəbul edilməsinə göstərdiyimiz kiçik töhfələrə verilən qiymət kimi dəyərləndiririk. Mən fəxr edirəm ki, bizim soyadları uzun illər dostluq və hörmət birləşdirib. Bu münasibətlər müharibə və müharibədən sonrakı illərə gedib çıxır. Həmin illərdə sizin babanız Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi idi. O, faktiki olaraq mənim atamı ordudan geri çağıraraq Dağıstan Vilayət Partiya Komitəsinin hərbi şöbəsinə rəhbərliyi təklif edib. Sonralar Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevi Dağıstanla, atamla, Dağıstan rəhbərləri ilə xüsusi, yəqin ki, müstəsna etimadlı münasibətlər birləşdirirdi. Güman edirəm ki, bütün sonrakı nəsillərin vəzifəsi Sizin bu gün Vladimir Vladimiroviç Putinlə ləyaqətlə apardığınız dostluq, əməkdaşlıq, gələcəyə yönəlmiş estafeti qəbul edərək fəal davam etdirməkdir. Çox hörmətli İlham Heydər oğlu, sizə möhkəm cansağlığı, tükənməz enerji, bizim qardaş Azərbaycana isə rifah və tərəqqi arzulamaq istəyirəm. Bugünkü gün unudulmazdır”.

Öz növbəsində X. Şixsaidov bunları deyib: “Əgər bir-iki söz demək mümkündürsə, mən İlyas Maqomedsalamoviçin dediklərinə qoşuluram. Amma Əziz Əliyevin Dağıstan üçün tarixi rolunu xatırlatmaq istərdim. O, əslində dağıstanlıları Sibirə sürgün olmaqdan xilas edib. Bu deportasiya isə Dağıstan üçün böyük itkilərə səbəb ola bilərdi. Biz indiyədək bunu yaxşı xatırlayırıq. Bu gün şəhərlərdə onun adını daşıyan küçələr, təhsil müəssisələri var. Mahaçqalanın mərkəzi küçələrindən biri onun adını daşıyır, 6 metrlik heykəli ucaldılıb. Bu abidənin qarşısına müxtəlif əlamətdar günlərdə insanlar toplaşır, gül-çiçək gətirirlər və ona etdiyi bütün işlərə görə təşəkkürlərini bildirirlər. Mən, həmçinin Azərbaycanın qonşusu olaraq demək istəyirəm ki, biz bu insanları doğma, yaxın hesab edirik. Biz Azərbaycanın bütün istiqamətlərdə - siyasi, iqtisadi sahələrdə iri addımlarla irəliləməsindən çox məmnunuq. İnsanlara, öz xalqınıza olan belə münasibətə görə sağ olun. Əlbəttə, bunun əsasını ümummilli lider, böyük Heydər Əliyev qoyub”.

Prezident İ. Əliyev isə bildirib ki, Dağıstan Azərbaycan üçün qardaş diyardır. “Xoş sözlərinizə görə çox sağ olun. Mən bir daha sizin dediklərinizi təsdiqləmək istəyirəm. Çox sağ olun ki, xatırlayırsınız. Bu, həqiqətən də belədir. Dağıstan bizim üçün qardaş diyardır. Azərbaycan və Dağıstan xalqları arasında tarixi, ənənəvi qardaşlıq münasibətləri Qafqazda və bizim regionumuzda sabitliyin vacib amilidir. Həmçinin dağıstanlılara Əziz Əliyevin xatirəsini əziz tutduqlarına görə minnətdarlığımı bildirmək istərdim. Bu, onun nəvəsi və Azərbaycan prezidenti kimi mənim üçün çox qiymətlidir. Dağıstandakı qardaşlarımıza onun xatirəsinin əbədiləşdirilməsinə, abidəsinin ucaldıldığına, küçəyə onun adının verilməsinə görə dərin təşəkkürümü bildirirəm. Bu gün Azərbaycanın rəhbəri kimi əlbəttə ki, mən öz fəaliyyətimdə bu tarixi xatirəni qəlbimdə saxlayıram. O, Dağıstanı, dağıstanlıları çox sevirdi. Onlar da onu sevirdilər. Onun xatirəsinin qorunması böyük işdir. Əlbəttə, bu gün onu da qeyd etmək istərdim ki, bizim ənənəvi münasibətlərimizin möhkəmlənməsində Dağıstanın rəhbəri İlyas Maqomedsalamoviçin atası Maqomedsalam Umaxanov və Heydər Əlirza oğlu Əliyev böyük rol oynayıblar. Mən onların 1970-1980-ci illərdə münasibətlərini, görüşlərini, söhbətlərini xatırlayıram. Bu gün biz onların davamçılarıyıq. Münasibətlərimizi yeni keyfiyyət səviyyəsinə qaldırırıq. Bir daha sizi təbrik etmək istərdim. Sizə Rusiya, Dağıstan və Azərbaycan naminə uzun fəal ömür illəri arzulamaq istərdim”.



***



Prezident İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Milli Yığıncağının sədri Xizri Şixsaidovu qəbul edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident rusiyalı nümayəndələri qəbul etdi

Prezident rusiyalı nümayəndələri qəbul etdi
Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed