Şrift:
Gənclər Fondunun təqdimat mərasimi keçiriləcək
04.06.2012 [14:27] - Gənclik
İyunun 8-də Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimində fondun loqosu, saytı, fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunacaq.

Loqo tərtib olunması üçün müsabiqə elan edilmişdi və 181 ədəd loqo təklifi gəlmişdir. Müsabiqədə Avropanın bir sıra ölkələrinin də gəncləri iştirak etmişlər.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmiləri, nazirlər, millət vəkilləri, özəl sektor təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, fond Azərbaycan Prezidenti İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı Fərmanı ilə yaradılıb.

Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcəkdir. O cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək Fondun əsas məqsədləridir.

Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyəcək, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artıracaq, ideyaların yaradılması və idarəedilməsini stimullaşdıracaqdır.
Bu xəbər oxucular tərəfindən 1272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed