Şrift:
Təbrizin yeni bələdiyyə başqanı 3 vəd verdi
07.11.2017 [11:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 6-da Təbriz şəhərinin yeni bələdiyyə başqanı İrəc Şəhin Baherin təqdimetmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən İ.Şəhin Baher qarşıdakı planları ilə ilə bağlı geniş məlumat verib. ““Təbriz 2018” layihəsi işə düşənədək Azərbaycan Meydanı, "Məqbərətül-şüəra" (Şairlər məqbərəsi) və Beynəlxalq Konfranslar Mərkəzi projelərində işləri yekunlaşdırmağa çalışacayıq”- deyə o vəd verib.

Azərbaycan Meydanı projesi Təbrizin şimal-qərb məntəqəsində həyata keçirilir. Bu meydanın 125 hektar sahəsi var və Tehranın Azadi Meydanından 1.5 dəfə böyükdür.

Ustad Şəhriyar, Xaqani Şirvani, Qətran Təbrizi, Əsədi Tusi və Mücrəddin Beyləqani kimi təxminən 400 böyük şair və ədəbiyyatçıların dəfn olunduğu "Məqbərətül-şüəra" projesi isə 40 ildir ki, tamamlanmır. Təbriz Bələdiyyəsi uzun müddətdir dövlətin göstərişi ilə bu projeyə vəsait ayırmaqdan imtina edir.

Təbrizin Xavəran şəhərciyində yerləşən Beynəlxalq Konfranslar Mərkəzi binasının təməlqoyma mərasimi isə 2016-cı ildə (Hicri-şəmsi təqvimi ilə 1394-cü ilin son aylarında) keçirilib, lakin bu günədək istifadəyə verilməyib. Bu layihə Güney Azərbaycanın ən önəmli mədəniyyət infrastrukturu kimi qəbul olunur.

İ.Şəhin Baher ötən ay Şəhər Şurasının 13 üzvündən 7-nin səsini qazanaraq Təbrizin 56-cı bələdiyyə başqanı seçilib.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir. Lakin rejimin büdcə vəsaiti ayırmadığından Təbrizin 2018-ci il üçün heç bir hazırlığı yoxdur. Bu barədə yerli məsullar dəfələrlə hökumətə öz etirazlarını bildiriblər.

N.S
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed