Şrift:
Türkiyədən Qarabağa gedən 4 xainin hələ də cəzalanmaması pis ənənə yarada bilər - xəbərdarlıq
13.11.2017 [11:41] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə məsələyə münasibət bildirməlidir”;

Sabir Rüstəmxanlı: “Hər halda Azərbaycan və Türkiyə tərəfdə ictimai qınaq oldu, yetərincə cavabları verildi”

Bu ilin sentybarında Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri hələ də gündəmdədir. Lakin məsələnin indiyədək açıq qalması, 4 xainin qardaş ölkədə qanunla cəzalandırmaması suallar doğurur.

Azərbaycan ictimaiyyətində isə Türkiyədə fəaliyyət göstərən və son aylarda güclənən erməni lobbisinin, eləcə də bu ölkədə yaşayan ermənilərin həmin şəxslərin cəzalandırılmamasından sonra daha da fəallaşacağı ilə bağlı haqlı narahatçılıqlar var. Azərbaycan tərəfin Aleksandr Lapşini Belarusdan ekstradisiya etdiyi halda, nə üçün həmin 4 türk vətəndaşının ekstradisiyasına nail olmaması da suallar sırasındadır. Hər iki ölkə üçün bu məsələnin pis pesedent yarada biləcəyi ilə bağlı narahatedici mövqelər mövcuddur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Azərbaycan tərəfin münasibətinin ilk günlərdən bəlli olduğunu söylədi: “Çox təəssüf hissi ilə qeyd etməliyik ki, belə bir halla rastlaşdıq. Gərək belə bir hadisə baş verməyəydi. Hər halda bu hadisənin bədəlini ödəmək üçün həmin şəxslərin mütləq cəzalandırılması lazımdır. Bu məsələnin diqqətdən nə üçün kənarda qalması ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə məsələyə münasibət bildirməlidir. Hüquq-mühafizə orqanlarımız da rəsmi şəkildə bu şəxslər barədə ölçü götürülməsi üçün tələbləri olmalıdır. Necə ki, Lapşinlə bağlı tələblər oldu və günlərin birində o yaxalandı. Bizim Türkiyə ilə əlaqələrimizdən istifadə edib, kimsə susqunluq nümayiş etdirəcəksə, bu bizim hüquqlarımız və qanunlarımızın çeynənilməsi deməkdir. Hesab edirəm ki, eyni hal Türkiyə ilə bağlı baş versəydi, Azərbaycan daha fərqli addımlar atardı. Ona görə Türkiyədə pis bir ənənə formalaşa bilər, digərləri də bu haldan istifadə edə bilərlər.
Ermənistan tərəfin də bu məsələdən istifadə etməsi halı ola bilər. Bu baxımdan ölçü götürülməsi çox vacibdir. İçimizi acıdan bu səfərlə bağlı Azərbaycan çox istərdik ki, rəsmi addımlarını atsın, hüquq-mühafizə orqanlarımız həmin şəxslərin cəzalandırılması üçün işlərini görməli, Türkiyənin hüquq mühafizə orqanları ilə birlikdə işlərini həyata keçirməlidir. Bütün hallarda Türkiyə-Azərbaycan münasibətlərinə bu səfərin kölgə salmayacağını qətiyyətlə deyə bilərik. Hər iki tərəfdə yaşayan türklər bilirlər ki, bu xalqın iradəsi deyil. Bütün cəmiyyətlərdə 3-4 nəfər belə şəxslər olur. Azərbaycanda da belələri var. Türk dünyasının düşmənlərim olan şəxslər hər iki ölkədə az deyil. Biz toplum olaraq belə şəxslər barəsində mütləq ölçü götürməliyik. Həmin dörd şəxs barəsində qanunda cəza növlərinin nəzərdə tutulduğu məlumdur. Lapşini Azərbaycana necə və nə üçün gətirdik? Adam qanunsuz olaraq sərhədlərimizi pozmuşdu, işğal edilmiş ərazilərimizə gəlmişdi, reportajlar hazırlamışdı. Həmin türk vətəndaşları da işğal edilmiş ərazilərimizə səfər ediblər, sərhədimizi pozublar, Sərhəd Xidmətimiz, Xarici İşlər Nazirliyi, Miqrasiya İdarəsi ilə heç bir kontaktları olmayıb. Hüququn yolları var, onların məsuliyyət daşımaları üçün müəyyən maddələr nəzərdə tutulub. Azərbaycanın hüquq-mühafizə orqanları Lapşinə tətbiq etdikləri eyni şeyləri həmin 4 türk vətəndaşı üçün də edə bilərlər. Dəqiq bilmirəm ki, həmin şəxslərin ekstradisiyası üçün Azərbaycan tərəfi müraciət edib ya yox? Ola bilər ki, Azərbaycan tərəfi Türkiyə ilə qardaşlıq münasibətlərini nəzərə alaraq, bu işləri qarşı tərəfin öhdəsinə buraxdı ki, onlar ölçü götürsünlər. Əgər müraciətlər olmayıbsa, artıq susmağa dəyməz. Müraciətlərin edilməsi çox vacibdir”.


VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı bunları düşünür: “Türk adı daşıyan, amma türk olmayan, Azərbaycan və Türkiyəni sevməyən türk düşmənləri az deyil. Onlar qəsdən də səfər edə bilərlər, ara qarışdırmaq üçün də. Ona görə bu məsələnin davamlı olaraq, gündəmdə qalacağını gözləmək sadəlövhlük olardı. Gündəm belə hadisələrlə doludur. Bu gün bir məsələ haqqında danışılır, səhəri gün onun yerini başqası tutur. Hər halda Azərbaycan və Türkiyə tərəfdə ictimai qınaq oldu. Yetərincə cavabları verildi. Belə bir cəza növü yoxdur. Xatırlayırsınızsa, ”Ergenekon" davasında Zəkəriyyə guya Türkiyə hakimiyyətinə yaxın şəxslərdən idi, amma bir az quyruğu tapdalanan kimi, apardığı işin saxtakarlığı üzə çıxan kimi qaçdığı yer İrəvan oldu. Oradan da yəqin ki xarici ölkələrə getdi. Belə məsələlərdə ictimai qınaq olur, nəticədə də həmin şəxslərə viza verilmir, səfərlərinin də qarşısı bu yolla alınır. Başqa bir yolu yoxdur".

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed