Şrift:
Məhbub Tişə: İrandakı siyasi mükaliməni bilən qüvvələrimiz olmalıdır
14.11.2017 [11:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məhbub Tişənin fikrincə, Azərbaycan Milli Hərəkatına mənsub aydınlar İran toplumunun gündəmində olan mövzulara hakim olmalı, onları təhlil edərkən öz tələblərini də İranın ictimai sahəsində səsləndirməlidirlər. İsveçdə mühacirətdə yaşayan güneyli fəal Amerikanın Səsi ilə söhbətdə İranın mərkəzçi siyasi cərəyanları və qeyri-fars cəmiyyətlərə mənsub qruplar arasındakı əlaqələri dəyərləndirib.

Məhbub Tişənin sözlərinə görə, “türk etnik cəmiyyətinə mənsub Azərbaycan Milli Hərəkatı son 20 il ərzində özünü İranın siyasi sahəsində göstərə bilmiş və bu müddətdə dialoq qapıları da açıq olmuşdur... Ölkə daxilində bizim bəzi milli cərəyanlarımız oradakı mərkəzçi qruplarla əməkdaşlıq ediblər. Misal üçün, seçkilər zamanında, hətta bəzi ictimai mövzular çərçivəsində onlarla dialoq və işbirlik içində olublar.”

Siyasi fəal eyni zamanda Azərbaycan məsələləri və türklərin siyasi tələblərinin farsdilli media və İranın ictimai sahəsində kifayət qədər əks olunmadığını təsdiqləyir.

İranlı siyasi birliklərin qeyri-farsların məsələlərinə önəm vermədiklərini önə çəkən Tişə Azərbaycan Milli Hərəkatına mənsub qüvvələrin də lazımi qədər çalışmadığını ifadə edir:

“Bu gün biz görürük ki liberal düşüncəyə mənsub partiyalar ya platformalar o cümlədən, İranın Azadlıq Nehzəti ya İranın Milli Cəbhəsi kimi qruplar [qeyri-fars] millətlərin məsələlərinə önəm vermirlər. Bizim tərəfdə də vəziyyət belədir ki, gedib onların qapısını çalan yoxdur. Onlara meydan oxuyan yoxdur.”

Siyasi fəal nöqsanların olduğunu etiraf edir. "Bizim İranın gündəmində olan mövzuları dəyərləndirən təhlilçilərimiz yoxdur. Olsa da biz ümumi sahədə onların səsini eşitmirik... Yəni ölkənin ümumi məsələlərini təhlil edib və onun içində öz milli söyləmimizi də gündəmə gətirən qüvvələrimiz yoxdur,” o deyir.

“Mərkəzçi qruplar zülm altında olan millətlərin nümayəndələri və tələblərinin kənarda qalmasını istəyirlər. Bu bizim siyasi qruplar və aydınlarımızın bacarığına qalıb ki, bu durumu dəyişdirələr. Belə ki, məsələn, mərkəzçi qruplar liberal, neo-liberal, seukular ya feminist cərəyan olaraq özlərini müxalif kimi gündəmdə tuturlar. Bizim Milli Hərəkatın içində də qüvvələr olmalıdır ki, o düşüncələr və diskurslara hakim olub, o qruplara meydan oxuyalar. Ya misal üçün sol diskursuna hakim olub və İran soluna meydan oxuyalar,” Məhbub Tişə əlavə edir.
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed