Şrift:
Güneyli fəallar ərəb liderin qətlinə etiraz edir
14.11.2017 [11:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ölkə xaricində fəaliyyət göstərən “Güney Azərbaycan Milli Hərəkatına” mənsub bir neçə təşkilat və siyasi qrup iranlı ərəb fəal Əhməd Nisinin noyabrın 8-də Hollandiyada qətlə yetirilməsi haqda bəyanat yayıb.

Əhməd Nisi adı ilə tanınan Əhvaz Azadlıq Hərəkatı təşkilatının qurucu lideri Əhməd Maula Əbu-Nəhd noyabrın 8-də Hollandiyanın Haaqa şəhərində evinin önündə naməlum şəxslər tərəfindən güllələnib.

Ərəb fəallar, habelə Nisi haqqında bəyanat yayımlayan güney təşkilatları onun qətlini terror aktı kimi dəyərləndirib və İrana bağlı qruplar tərəfindən həyata keçirildiyini önə çəkib.

Ərəb liderin ölümündən sonra onun İranda yaşayan qardaşlarının təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığına dair xəbərlər verilib.

Əhvaz Azadlıq Hərəkatı təşkilatı İranın Xuzistan vilayəti və ərəb əhalinin sıx yaşadığı digər regionlardan ibarət olan Əhvaz bölgəsinin müstəqilliyi uğrunda fəaliyyət etdiyini bildirir.

Nisinin qətlə yetirilməsi son günlərdə ərəb fəallardan əlavə digər qeyri-fars qruplar, o cümlədən türk fəalların da gündəmində olub.

Azərbaycan Demokratik Birliyi, Güney Azərbaycan Demokrat Partiyası və Dünya Azərbaycanlıları Konqresi kimi təşkilatların yayımladığı bəyanatda “Əhvazın ərəb millətinə” dəstək mesajı verilib.

Güney Azərbaycan Televiziyası (Günaz TV) isə Əhməd Nisinin qətli ilə bağlı özəl proqramlar yayımlayıb.
Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed