Şrift:
Abbas Lisanidən Azərbaycan Milli Hərəkatına ikinci Müraciət
15.11.2017 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan Milli Hərəkatında birliyin daha da gücləndirilməsi və hərəkata qarşı yönələn müəyyən məsələlərlə əlaqədar ikinci dəfə olaraq Milli Hərəkat fəallarına müraciət ünvanlayıb.

Azərbaycanlı fəal birinci müraciətə görə onunla əlaqə saxlayan və 2017-ci il noyabrın 17-də oturuma qoşulacaqlarını elan edən hər kəsə öz təşəkkürünü bildirib.

“Bilrinci müraciətdə açıqlandığım kimi oturuma hər kəs qatıla biləcək, lakin bu bir tatışma oturumu olduğu üçün, görüş məhdud və kiçik bir məkanda keçiriləcək. Bu günədək başqa bir yer təklif olunmadığı üçün oturumun Ərdəbildə baş tutacağı kəsinləşməkdədir.

Təbii ki, müraciətin birinci müxatəbi Milli Hərəkata sədaqətlə bağlı olan, ona illərini sərf edən və fars rasizminin qabağında özünü görən insanlar deyil. Düşünürəm ki, bu keyfiyyətdə olan fəallarla dialoq aparmaq, nəzərdə tutduğum məsələləri müzakirə etməyə ehtiyac yoxdur. Lakin hərəkata özgə olub, amma doğma kimi görünməyə çalışanlarla ciddi bir müzakirə etmək bu oturumun əsas amacıdır. Şübhəsiz ki, bu anti-milli cərəyanda yer alanların hamısı eyni ölçü ilə ölçülə bilməz. Ona görə ki, onların ortaya çıxması bir çox səbəblərdən asılı ola bilər.

Hərəkatın normaları ilə bağlaşa bilməyən mühafizəkar insanlar, İctimai-siyasi məsələləri düzgün qiymətləndirib və ayırd etmə qabliyyətləri zəif olan həyəcanlı ağıla malik olan şəxslər. Həmçinin hərəkatla yeni tanış olan narsist xarakterli şəxslər və Milli Hərəkatın mahiyyətini dərk etmədən duyğusal şəkildə ona qoşulan qüvvələr. Ən önəmlisi isə sistematik olaraq geniş, dərin və buruşuq bir proje içində aylar və hətta illərcə təlim görüb, milli cərəyan pərdəsi altında fəaliyyət göstərib və məmur kimi Milli Hərəkata qoşulanlar bu gün anti-milli cərəyanda yer alan qüvvələrdir”- deyə müraciətin bir hissəsində qeyd olunub.

Tanınmış fəalın yaydığı ikinci müraciətdə bir neçə açıqlama xüsusi diqqət çəkir.

O vurğulayıb ki, noyabrın 17-də keçiriləcək oturumda hər kəs bir-birini və onun özünü sərbəst şəkildə tənqid edə bilər, lakin bu mədəni şəkildə olmalıdır.

“Mənə qarşı çox yaramaz sözlər ünvanlayıblar, lakin mən öz haqqımdan keçirəm. Ama bu o demək deyil ki, bu şəxslərin siyasi əxlaqsızlığı unudulacaq. 2 gün ərzində 1365 milli fəal təxribatlara dur deyərək bəyanat yaydılar, lakin hələ də bu yalnış yola davam edilir. Onların davranışları təhqir və xəyanət həddindədir. Zamanı çatanda Güney Azərbaycan milləti bu haqda özü qərar verəcək. Lakin burada söz verirəm ki, oturumda həmin şəxslərin ehtiramı qorunacaq və bunun üçün əlimdən gələni edəcəm”- deyə müraciətin digər hissəsində bildirilib.

Fəal birinci müraciətdən sonra ona gələn zənglərdən bəhs edib və bir sualın xüsusi diqqətini çəkdiyini deyib. Sual belə olub:

“Siz tutuqlanma ehtimalı verirsiniz? Əgər bu ehtimal varsa, nədən belə bir çağırış etdiniz?”

A.Lisani bu suala cavab olaraq bildirir ki, “Bizim yolumuz mübarizə yoludur, hər addımımız Azərbaycan millətinin azadlığına yönəlib. Bu oturum da eyni məqsədi güdür. Milli Hərəkatın varlıq fəlsəfəsi Azərbaycan millətinin fars rasizminin ayaqları altında tapdalanan haqlarını geri almaqdır. Bu haqqı yalnız virtual aləmdə fəaliyyət etməklə almaq mümkün deyil. Sonda fikir və nəzəriyyələr əməl mərhələsinə keçməlidir. Təbii ki, bunun bədəli də olacaq. Ona görə də, bu oturumda tutulma ehtimalı ola bilər.

Azərbaycanlı fəal bəyan edib ki, bu sual əlavə bir sualı da ortalığa çıxardır. “Nə üçün bəziləri gecə-gündüz virtual aləmdə yazır və çıxışlar edir, lakin təhlükəsizlik qüvvələri onlara mane olmur və bu işlərə göz yümür?!”

“Bu sualın bir çox cavabı var, oturumda bu barədə daha geniş söhbət edəcəm. Onlar ona görə Ettelaat-ın (İran Kəşfiyyat Nazirliyi) toxunulmazlıq çizgisinin içində yer alır ki, Milli Hərəkata zəhərli düşüncələr yeridilsin, bununla da mübarizlik ruhu və şüuru öldürülsün. Məqsəd budur ki, dünyada müqqəddəs sayılan “azadlıq” və onun uğrundakı mübarizə gərəksiz görünsün və hamı passivləşsin və s. Digər səbəb isə real dünyada mübarizəni çətinləşdirmək və insanları daha güvənli olan virtual aləmə yönəltməkdir. Onsuz da təhlükəsizlik qüvvələri virtual aləmdə olub-bitənlərdən xəbərdardır və istədikləri şəkildə müdaxilə edə bilirlər.”- deyə qeyd olunub.

A.Lisani internetdə Hərəkata qarşı fəaliyyətləri qınasa da, virtual aləmdən düzgün istifadə etməyi olduqca yararlı və qaçılmaz olduğunu xüsusi vurğulayıb, onun əhəmiyyətindən söz açıb.

Aşağıda tanınmış fəalın birinci müraciətini oxuya bilərsiniz:

“Ulu tanrının adı ilə

Hər şeydən öncə Azərbaycan türk millətinin azadlığı uğrunda inam və təməlli sədaqətlə teorik və praktik sahələrdə yorulmadan çalışan fikirdaş və dostlara salam deyirəm.

Beləliklə bildirmək istəyirəm ki, Milli Hərəkatda bir sıra nədənlərə görə ciddi bir patologiya və düzəlişlərə ehtiyac var. Bu cəhətdən bu önəmli görəvi sağlam şəkildə uyğulamaq üçün sağlam bir ortam gərəkir. Bu bəhsdə hər kəsin bir-birinə vəya şəxsən mənə qarşı tənqid, önəri, uyarı və s. ola bilər.

Vurğulamalıyam ki, bu oturumda Milli Hərəkatı ilgiləndirən, onu qapsayan hər bir sual və iddiaları, hətta özümə qarşı olan hər türlü açıq və acımasız tənqidləri eşidib və yanıtlamağı özüm üçün vicdan və milli borc hesab edirəm. Tədbirə qatılan şəxslərdən də mənim tərəfimdən irəli sürülən suallara tam bu şəkildə cavab vermələrini gözləyirəm.

Bu oturuma sayqıdəyər hər azərbaycanlı, o cümlədən bütün qurumlar, quruluşlar, şəxslər və cərəyanlar qatıla bilər. Hətta o şəxslər ki, istənilən nədənə görə məni sözlü vəya yazılı olaraq yaramaz və bəyənilməz ifadələrlə təqdim ediblər.

Oturumda beynəlxalq əlaqələr, siyasi, fəlsəfi və sosiologiya məsələləri üzrə fikir mübadiləsi və analiz aparılacaq, tədbirdə müxtəlif, hətta qarşı mövqelər də səsləndiriləcək.

Özəlliklə virtual aləmdə vaxtaşırı monoloq ortamlar yaradıb, populisti və ziddiyyətli çıxışları ilə gənc nəsili yanlışlığa yönəltməyə çalışanlar, Milli Hərəkatın varlığın, axımın və qazanclarını küçümsəyən və gənc nəsilə ümidsizlik təlqin edənlər, habelə Hərəkatın mahiyyət və mübarizə metodunu sual altına alanlar, özlərini və metodlarını bir alternativ kimi ortaya qoyan şəxslərin bu oturumda olmaları və cəmiyyətdə yaranan sorğulara cavab vermələri daha zəruri görünür.

Bu oturuma qatılmağı məsləhət görənlər ortaq bir fikirə gələrək oturumun harada keçirilməsini müəyyənləşdirə bilərlər. Lakin əgər elə bir ortaq fikir olmasa, mən hər kəsi Ərdəbildə qonaq edib və oturumu keçirə bilərəm.

Hərhansı oturum üçün bir yer təyin olunacaqsa, o zaman noyabrın 13-dək elan olunsun ki, könüllü olan bəy və bayanlar noyabrın 17-i saat 14:30-da elan olunacaq məkanda olsunlar.

Əgər qeyd olunan tarixə qədər (noyabrın 13-ü) dostlar tərəfindən yer müəyyən edilməsə, bu o mənaya gəlir ki, mən noyabrın 17-i saat 14:30-da Ərdəbildə bütün könüllü qardaş və bacıların qulluğunda olacağam.

Oturumun düzgün və keyfiyyətli keçirilməsi üçün hər bir təklifi aşağıda nömrəsi göstərilən telefon vasitəsi ilə eşidib, onları nəzərə almağa hazırıq.

Nömrə: 09143539413

Yer: Ərdəbil- Bahünər xiyabanı, Bahünər şəhərciyi, 12 metrlik fəcr küçəsi, 38-ci Ev.

Açıqlama:

Oturumun sonu: Tartışmadan sonuc alınca!
Bir kamera olacaq. kamera elə quraşdırılacaq ki, istəməyən şəxslər filmə düşməsin. Hər kəs istəsə özü ilə kamera gətirə bilər. Kameradan amac, olub-bitənlərin təhril edilməməsidir.
Sayqılarla: Abbas Lisani”
Bu xəbər oxucular tərəfindən 177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed