Şrift:
Göygöldə yaşamış sonuncu almanın ev muzeyi yaradılacaq
17.11.2017 [10:21] - Mədəniyyət
Göygöl şəhərinin sonuncu alman sakini Viktor Klaynın vaxtilə yaşadığı mənzil ev muzeyi və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək.

Bunu Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova müsahibəsində deyib.

Kəmalə İbrahimova bildirib ki, Göygöl rayonunda Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

K.İbrahimova qeyd edib ki, Viktor Klayn Göygöldə yaşayan sonuncu alman olub. O,1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə 72 yaşında vəfat edib. Ata-babalarından miras qalmış evi və məişət əşyalarını satın almaq istəyənlər olsa da, Viktor onların heç birini satmayıb. Hazırda həmin əşyalar mənzildədir və rayon rəhbərliyi tərəfindən qorunur.

Mənzilin restavrasiyasından və gələcək fəaliyyət istiqamətlərindən danışan Kəmalə İbrahimova deyib ki, Viktor Klaynın evi və içindəki hər bir əşya olduğu kimi qorunub saxlanılsa da, bu mənzillə eyni həyətdə olan və Klaynın babalarına məxsus digər iki mənzil sonradan satılıb. Muzeyin həm də daha geniş mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi məqsədilə həyətdəki digər evlər geri alınıb, sakinlər isə başqa mənzillərlə təmin olunublar.

K.İbrahimova deyib ki, təmir olunduqdan sonra mənzil rayonun turizm marşrutuna salınacaq və qeydiyyata alınmış bütün əşyalar muzeyin eksponatları kimi nümayiş etdiriləcək. Həmçinin muzey mədəni mərkəz kimi Azərbaycan-Almaniya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə və ölkədə hökm sürən multikultural mədəni mühitin inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, indiki Göygöl şəhərinin əsası 1819-ci ildə Almaniyanın Virtemberq knyazlığından bu əraziyə mühacirət etmiş koloniyaçılar tərəfindən qoyulub. Qısa vaxtda 118 ailə Helenendorf (indiki Göygöl) şəhərində 6 küçə salıb və bu küçələrdə həmin dövrün alman memarlığına xas olan 600-ə qədər ev tikib. Almanlar məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irs, eləcə də Azərbaycanda şəhərsalma mədəniyyətinə vermiş olduqları dəyərli töhfələr Göygöl şəhərində bu günədək qorunub saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed