Şrift:
Urmiyə Texniki Universitetinin öyrənciləri Elm, Tədqiqat və Texnologiya nazirinə etiraz ərizəsi ünvanlayıb
18.11.2017 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyə Texniki Universitetinin öyrənciləri üz-üzə qaldıqları problemlərlə əlaqədar İranın Elm, Tədqiqat və Texnologiya naziri və Qərbi Azərbaycan valisinin universitetə baxış keçirməsini tələb ediblər.

Universitetdə hazırlanan etiraz ərizəsini bu günədək 1000 nəfər öyrənci imzalayıb.

Bu barədə Urmiyə Texniki Universitetinin Sendika Şurasının katibi Məhəmmədrza Salimi “Fars” xəbər agentliyinə məlumat verib.

“Urmiyə Texniki Universitetinin öyrənciləri Elm, Tədqiqat və Texnologiya naziri, Qərbi Azərbaycan valisi, Öyrənci Rifah Fondunun rəisi və Öyrəncilərin İşləri üzrə Təşkilatın rəisinə etiraz ərizəsi ünvanlayıb. Ərizə bu günədək 1000 öyrənci tərəfindən imzalanıb. Ərizədə universitetin inkişafı istiqamətində layihələrin icrasına mane olan amillər və öyrəncilərin yataqxana probleminə işarə olunub”- deyə o bildirib.

M.Salimi bildirib ki, “öyrəncilər Qərbi Azərbaycan Əyalətində əhalinin sayına görə az sayda şagirdin universitetə daxil olmasına etiraz edib, Urmiyə Texniki Universiteti və əyalətin digər ali təhsil müəssisələrinə yardımçı olmalarını istəyiblər.”

Öyrəncilər, universitetləri təsis edildiyi gündən heç bir Elm, Tədqiqat və Texnologiya nazirinin ona baxış keçirmədiyinə etiraz edərək hazırkı nazirdən ali təhsil müəssisəsinə baxış keçirməsini tələb ediblər. Bundan əlavə, onlar Qərbi Azərbaycan valisinin də universitetə baxış keçirməsini istəyib. Öyrəncilər bu vasitə ilə təhsil sahəsində olan müxtəlif problemlərini həll etməyə çalışır.

M.Salimi ərizənin yaxın günlərdə Elm, Tədqiqat və Texnologiya naziri, Qərbi Azərbaycan valisi, Öyrənci Rifah Fondunun rəisi və Öyrəncilərin İşləri üzrə Təşkilatın rəisinə göndəriləcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed