Şrift:
Ukraynada Azərbaycan mədəniyyət günləri keçirildi
07.06.2012 [01:51] - Diaspor
Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Davam.az-a verilən məlumata görə, iyunun 1-dən 5-dək keçirilən mədəniyyət günlərinin təntənəli açılışı Kiyevdə, T.Q.Şevçenko adına Ukrayna Milli Opera və Balet Teatrında gerçəkləşib. Nazir Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Azərbaycanla Ukrayna arasında səmimi dostluq münasibətləri, bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində sıx tərəfdaşlıq əlaqələri mövcuddur. Nazir vurğulayıb ki, bu dəfə mədəniyyət günlərində musiqi kollektivləri ilə yanaşı, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi də iştirak edir. Teatr ukraynalı sənətsevərlərin görüşünə Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin tamaşası ilə gəlib.

Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Azərbaycan Dövlət Rəqs Ansamblının, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının, respublika və beynəlxalq muğam müsabiqələrinin qalibləri çıxış ediblər.

Teatrın foyesində “Azərbaycan: ənənə və müasirliyin qovşağında” adlı fotosərgi açılıb, Azərbaycanın turizm potensialının təqdimatı olub. Bundan başqa nazir bir sıra görüşlər də keçirib. Həmin görüşlərdə mədəniyyət və incəsənət sahəsində ikitərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi istiqamətində məsələlər nəzərdən keçirilib. Ukraynanın paytaxtı Kiyevdə start götürən Azərbaycan Mədəniyyəti Günləri iyunun 3-də Odessa şəhərində davam edib. Həmin gün Odessa Akademik Opera və Balet Teatrında Azərbaycan incəsənət ustalarının qala-konserti olub. Mədəniyyət günləri iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına, dost xalqların bir-birini daha yaxından tanımasına, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə mühüm töhfə olacaq.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed