Şrift:
Onlarla nobel mükafatçısı İrandan azərbaycanlı alimin azadlığa buraxılmasını tələb ediblər
22.11.2017 [11:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Müxtəlif ixtisaslar üzrə onlarla nobel mükafatı laureatı İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndəliyinə məktubla müraciət edərək güney azərbaycanlı araşdırmaçı-alim professor Əhmədrza Calalinin azadlığa buraxılmasını tələb ediblər.

İsveçdə (Sued) yaşayan azərbaycanlı alim qondarma ittihamlarla İranda ölüm cəzasına məhkum edilib.

İranın BMT-dəki nümayəndəsi Qulaməli Xoşruya ünvanlanan məktub 1993-cü ildə tibb üzrə nobel mükafatına layiq görülmüş britaniyalı bioloq və biokimyaçı Richard Roberts tərəfindən yazılıb. Məktubu müxtəlif ixtisaslar üzrə 74 nobel mükafatı laureatı imzalayıb.

“Bu qrup nobel mükafatının təsisçisi Alfred Nobelin istədiyi kimi bəşəriyyətə xidmət prinsipinə möhkəm bağlıdır. Ona görə də bu qrup, bir araşdırmaçısının həyatının təhlükədə olmasına səssiz qala bilməz. Doktor Əhmədrza Calali və ailəsi İsveçdə yaşayır, o radioaktiv, bioloji, kimyəvi və terror hücumları kimi hadisələrdə təcili tibbi yardım işləri ilə məşğul olub”- deyə məktubun bir hissəsində qeyd olunub.

“Radio Fərda”nın yaydığı məlumatda bildirilir ki, “Richard Roberts İranın BMT-dəki nümayəndəliyinə ünvanladığı məktubda vurğulayıb ki, araşdırmaçının tutulma tərzi xüsusi nigaranlığa səbəb olur. Doktor Calalinin bu barədə olan sənədi, onun İranın təhlükəsizlik qüvvələri ilə əməkdaşlıqdan imtina etdiyinə görə ədalətsiz məhkəmə qərarı ilə üzləşdiyinə dair şübhələri daha da ciddiləşdirib.”

Nobel mükafatı laureatları İrandan doktor Calalinin azad edilməsini tələb edərək onun yenidən ailəsinə qovuşması və bəşəriyyətə xidmət məqsədi ilə apardığı elmi araşdırmaları yenidən bərpa etməsini istəyiblər.

Məktubu imzalayanlar arasında Amerika Birləşmiş Ştatları, Almaniya, İran, Yaponiya və s. kimi ölkələrdən nobel mükafatı laureatları gözə dəyir.

Mətbuatda yayılan xəbərə görə, İranda təbrizli alim, professor Əhmədrza Calali İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) və digər təhlükəsizlik qüvvələri ilə gizli əməkdaşlıq təklifindən imtina etdiyinə görə edam cəzasına məhkum edilib.

İranlı nüvə alimləri haqda İsrailə məlumat ötürərək onların terror edilməsinə şərait yaratmaq kimi qondarma ittihamla üzləşən alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb, 9 il öncə isə İsveçin Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Prof. Əhmədrza Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

Əhmədrza Calalininin Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edildiyi bildirilir. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib, məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.

Edam hökmü oktyabrın 21-də elan olunub.

Məhbus alimin dəqiq olaraq nədə ittiham olunduğu məlum deyil, lakin onun həyat yoldaşı alimin “düşmən dövlətlərlə əməkdaşlıq etmək”də ittiham olunduğunu deyib. Müstəntiqlər isə istintaq aparıldığı zaman ona bildiriblər ki, bizimlə əməkdaşlıq etmədiyin üçün sənə ağır ittiham irəli sürüləcək.

Əhmədrza Calalinin vəkili Mahmud Təbatəbayi isə müvəkkilinin təhlükəsizliklə bağlı dosyesi olduğunu qeyd edərək vurğulayıb ki, “biz və Əhmədrza düşmən ölkələrlə əməkdaşlıq etmək ittihamını heç bir şəkildə qəbul etmirik.”

Əhmədrza Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə məhdudiyyətlər qoyulub. Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.
Bu xəbər oxucular tərəfindən 143 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed