Şrift:
Asiyanın iki qədim xalqını daha da yaxınlaşdıran növbəti addım – JAPAN EXPO-2017
22.11.2017 [13:50] - Gündəm, Siyasət
Oktyabrın 27-28-də Bakıda Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi çərçivəsində JAPAN EXPO-2017 sərgisi keçirildi. AZƏRTAC-ın informasiya dəstəyi göstərdiyi bu tədbir öz mahiyyətinə görə iqtisadi-ticari münasibətlərdən daha çox Asiyanın iki qədim xalqı arasında dostluq əlaqələrinin möhkəmlənməsi baxımından diqqəti cəlb edirdi.

Sərginin açılış mərasimində çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri Qafar Əliyevin dediyi kimi, bu sərgi Azərbaycan ilə Yaponiya arasında yalnız iqtisadi əlaqələri deyil, eyni zamanda xalqlarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirdi, onları biri-birinə daha da yaxınlaşdırdı. Əsası ümummilli lider Heydər Əliyevin 1998-ci ilin fevral ayında Yaponiyaya ilk rəsmi səfəri zamanı qoyulan bu əlaqələr ötən dövrdə yalnız iqtisadi deyil, eyni zamanda, siyasi, mədəni, humanitar və digər sahələrdə də inkişaf edib. Azərbaycan Prezidenti İlham Əliyevin bu Gündoğar ölkəyə 2006-cı ilin martında baş tutan rəsmi səfəri isə iki dost ölkə arasında münasibətləri yeni səviyyəyə qaldırdı. Bu gün iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə davam edir və gündən-günə daha da genişlənir.

Sərgi günlərində və sonra baş verənlər, ziyarətçilərin sərgiyə böyük marağı, elə ilk görüşdən meydana çıxan birgə fəaliyyət barədə işgüzar təkliflər, yapon iş adamlarının Bakıda keçirilən “Arıçılıq məhsulları sərgisi”nə göstərdiyi maraq, Xətai rayonunda yerləşən Heydər Əliyev parkındakı “Yapon bağı”na səfər, nümayiş etdirilən qida məhsullarının böyük bir hissəsinin sağlamlıq imkanlarından məhdud 3 saylı internat məktəbinin şagirdlərinə çatdırılması məqsədilə burada keçirilən görüş həmin sözlərin nə qədər həqiqətə uyğun olduğunu birbaşa təsdiq etdi. Bundan əlavə, həmin fikir yapon mətbuatının sərgidən sonra bu mühüm tədbir ilə əlaqədar yaydığı məqalələrdə də öz əksini tapmaqdadır. İstər Yaponiyanın ən böyük NHK telekanalı, istərsə də həm mərkəzi, həm də regional qəzetlər sərgi ilə əlaqədar yaydıqları məlumatlarda bu tədbiri Yaponiya ilə Cənubi Qafqaz regionunun ən inkişaf etmiş dövləti olan Azərbaycan arasında əməkdaşlığın inkişafı baxımından çox mühüm əhəmiyyətə malik addım kimi yüksək qiymətləndirməkdədirlər.

Cənubi Qafqaz regionunda Yaponiyanın ən böyük maraq dairəsində olan dövlət bu gün də məhz Azərbaycandır. Bu maraq münasibətlərin hər iki ölkə üçün qarşılıqlı faydalılığı baxımından böyük perspektivlərə yol açır. Yaponiya kimi bir ölkənin Azərbaycanda neft və qaz sektorunun inkişaf etdirilməsi, qlobal kommunikasiya layihələrinin reallaşdırılması, sosial-mədəni sahələrdə yeni texnologiyaya əsaslanan proqramların tətbiqində fəal iştirakı bu istiqamətlərdə daha böyük uğurlara zəmin yaradır. Azərbaycan Yaponiyanin regiondakı etibarlı tərəfdaşıdır. Siyasi-diplomatik və iqtisadi sahələrdə getdikcə genişlənən nailiyyətlər, ölkələrimiz arasında ticarət dövriyyəsinin ildən-ilə artması bu münasibətlərin yaxın gələcəkdə daha da inkişaf etdiriləcəyindən xəbər verir. Azərbaycanda neft-qaz və enerji sənayesində fəal surətdə çalışan, ekologiya, infrastruktur və digər layihələrdə yaxından iştirak edən Yaponiya şirkətləri şübhəsiz ki, bu sahələrdə fəaliyyətlərini daha da genişləndirəcəklər. Eyni zamanda, Azərbaycan şirkətlərinin də Yaponiyada müxtəlif biznes layihələrinin icrasına qoşulması heç də uzaq perspektiv deyil. Bu münasibətlər “Made in Azerbaijan” brendinin Yaponiyada, Yaponiya məhsullarının isə Azərbaycanda və ümumilikdə regionda geniş istehlak olunması, qarşılıqlı sərmayə yatırımı üçün böyük imkanlar açır.

Qeyd edim ki, JAPAN-EXPO sərgisində iştirak etmək üçün ölkəmizə gələn yapon iş adamlarından ibarət qrup, həqiqətən də say tərkibinə görə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Yaponiyadan Azərbaycana səfər edən ən çoxsaylı nümayəndə heyəti idi. Belə ki, sərgidə Yaponiyanın əksər prefekturalarından olan 60-dan çox şirkətin 200-ə yaxın nümayəndəsi iştirak edirdi. Sərginin təşkilatçısı olan Yaponiyanın “Cros Border Club” (“Sərhədləri Aşanlar Klubu”) təşkilatının böyük və gərgin zəhməti bahasına başa gələn tədbir təqribən 3 il ərzində Azərbaycanın bu Gündoğar ölkədə aparılan böyük təbliğat-təşviqat işi nəticəsində başa gəlmişdi. Təşkilatın rəhbərliyi ilə sıx əlaqədə olduğuma görə, onların sərginin təşkili məqsədilə atdığı hər addımdan xəbərdar idim. Bir çox məqamlarda isə onların yanında olaraq ölkəmizi tanıtmaq istiqamətində yorulmaz fəaliyyətlərinə dəstək verməklə, görülən işlər barədə Azərbaycan mətbuatına ötürdüyümüz informasiyalarla onları daha da həvəsləndirməyə çalışmışdım.

Məqsədim məhz böyük zəhmət bahasına başa gələn və çox böyük müvəffəqiyyətlə yekunlaşan sərginin keçirilməsində əziyyəti olan insanları oxucularımıza yaxından tanıtmaq, Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilən bu möhtəşəm tədbirin əhəmiyyətini çatdırmaqdır.

Söz yox ki, həmin şəxslər arasında birinci “Cross Border Club” təşkilatının prezidenti, “World Investors TV” internet televiziyasının prodüseri, sərginin təşkili üzrə icraiyyə komitəsinin sədri, yalnız mənim deyil, eyni zamanda Azərbaycanın yaxın dostu olan Kazuyasu İşidanın adını çəkməliyəm. Onunla ilk dəfə Azərbaycanın Yaponiyadakı səfirliyində, mən bu ölkədə xüsusi müxbir kimi fəaliyyətə başladığım ilk tədbirlərin birində görüşmüşdük. Həmin vaxt səfirliyin konsulu vəzifəsini tutan Rövşən Mirzəyev bildirdi ki, Kazuyasu İşida sözün həqiqi mənasında Azərbaycanı sevən, ölkəmizi Yaponiyada böyük fəallıqla təşviq edən dostlarımızdan biridir. Həmin tanışlıq qısa vaxt ərzində böyük dostluğa çevrildi. Azərbaycana təşkil etdiyi turlardan həm əvvəl, həm də sonra keçirdiyi tədbirlərə bizi – AZƏRTAC-ın və Azərbaycan Televiziyasının Yaponiyadakı müxbirlərini mütləq dəvət edir. Azərbaycan ilə əlaqədar Yaponiyanın müxtəlif şəhərlərində təşkil etdiyi seminarlar barədə məlumatları isə qısa vaxt ərzində bizə göndərir, sonradan Azərbaycan mətbuatının bu barədə yaydığı xəbərləri böyük sürətlə sosial şəbəkələrdə paylaşır.

İnformasiyanın cəmiyyətdəki rolunu çox yaxşı bilən K.İşida məhz onun köməyi ilə ölkəmizə təşkil etdiyi turlarda iştirak edən yapon iş adamlarının sayını bu gün 500-ə çatdırıb. Rəhbəri olduğu “World Investors TV” internet televiziyasını demək olar ki, Azərbaycan haqında verilişlərin əsas mərkəzinə çevirib. 2013-cü ildə nəşr etdiyi “Yapon iş adamları üçün xaricdə investisiya imkanları” adlı kitabında ölkəmizə xüsusi yer ayıraraq “Açılmamış sərvət dağı - Azərbaycan” adlı məqaləsində qazanılan böyük uğurlardan, qısa vaxt ərzində əldə edilən nailiyyətlərdən ətraflı danışıb. Xarici ölkələrə investisiya yatırmaq istəyən yapon iş adamlarına məhz Azərbaycanı seçməyi tövsiyə edib. 2014-cü ildə çap etdiyi “Yaponların tanımadığı sürətlə inkişaf edən ölkə - Azərbaycan” adlı bələdçi kitabı isə “Yaponiya Kitabxanalar Cəmiyyəti” tərəfindən “İlin ən maraqlı kitabı” mükafatına layiq görülüb.

Sərgidən qayıtdıqdan sonra təəssüratlarını bizimlə bölüşən K.İşida bildirdi ki, indiyə qədər gəzdiyi 50-dən çox ölkə arasında Azərbaycana xüsusi məhəbbətlə yanaşır. Var gücü ilə çalışır ki, qədim tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, insanlarının qonaqpərvərliyi və səmimiliyi ilə seçilən ölkəmizi Yaponiyada daha yaxşı tanısınlar. Azərbaycana həsr etdiyi məqalələrin, kitabların, televiziya verilişlərinin arxasında da məhz bu məhəbbət, bu dostluq hissləri dayanır. Yaponiyanın şimalındakı Hokkaydo adasından başlamış cənubdakı Okinava adasındakı şəhərlərin yerli iş adamları ilə təşkil etdiyi çoxsaylı seminarların da məqsədi həmin sevgini bu insanlarla bölüşmək, iki ölkə arasında işgüzar əlaqələri inkişaf etdirmək istəyindən irəli gəlir.

Yaponiyada artıq uzun müddətdir ki, yaşayan həmyerlimiz, elektronika sahəsində yalnız bu ölkədə deyil, bütün dünyada yaxşı tanınmış alim-mühəndis Xəlil Kələntərin sədrliyi ilə Azərbaycan-Yaponiya Dostluq Mərkəzini yaradarkən idarə heyətinə onun da daxil olmasını istədiyimizi bildirdikdə tərəddüd etmədən “Mən həmişə sizin yanınızdayam”, - dedi. Təşkilatımızın tədbirlərinə böyük məmnuniyyətlə qatılmaqla yanaşı, eyni zamanda başçısı olduğu internet televiziyasının qapılarını da üzümüzə böyük məmnuniyyətlə açdı. Məhz bu televiziya son illər Yaponiyada Azərbaycanın dövlət bayramları, 20 Yanvar, Xocalı faciələri ilə əlaqədar verilişlərin müntəzəm şəkildə göstərildiyi məkana çevrildi. Ötən ilin aprelində Dağlıq Qarabağda baş verən döyüşlərlə əlaqədar dünyanın bir sıra informasiya kanallarının yalan məlumatlar yaydığı zaman, məhz Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərliyi bu kanal vasitəsilə həqiqətin yapon ictimaiyyətinə çatdırılmasına nail oldu.

K.İşida bütün bunlarla kifayətlənməyərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar birlikdə hazırladığımız verilişdən sonra ölkəmizin bu ərazisi ilə Yaponiyanın Okinava adası arasında dostluq əlaqələri qurmaq ideyasını dəstəklədi. Qısa vaxt ərzində Okinava prefekturası assambleyasının rəhbərinin başçılıq etdiyi böyük nümayəndə heyətinin Bakıya, oradan isə Naxçıvana səfərini təşkil etdi. Naxçıvanın rəhbərliyi tərəfindən göstərilən böyük diqqəti, qonaqpərvərliyi bütün Yaponiyada təbliğ edərək Miyakocima şəhərində həmin səfərə həsr edilən xüsusi foto sərgi təşkil etdi.

Bütün bunları sadalamaqda məqsədim Azərbaycanı, xalqımızı səmimi qəlbdən sevən bu insanı oxucularımıza daha yaxından tanıtmaq niyyətidir.

“JAPAN EXPO” sərgisinə qatılan hər bir iştirakçı, hər bir ziyarətçi sərgi günlərində K.İşidanın, eyni zamanda sərginin təşkili üzrə icraiyyə komitəsinin digər üzvlərinin gərgin əməyinin canlı şahidi oldu.

Bununla yanaşı, sərgi yalnız bütün dünyada keyfiyyəti ilə seçilən yapon məhsullarının deyil, həmçinin yapon mədəniyyətinin, musiqi və teatr sənətinin ölkəmizdə yaxından tanıdılmasına xidmət etdi. Burada sərgi boyunca səslənən canlı musiqi, müxtəlif prefekturalardan gətirilən məhsullar barədə təqdimatlar, yapon milli teatr sənəti olan kabukinin nümayişi, peşəkar kalliqrafların çıxışları sərginin ziyarətçiləri tərəfindən çox yüksək qiymətləndirildi.

Sərginin yüksək səviyyədə təşkilində icraiyyə komitəsinin digər üzvləri Yugi Hayasaka, Faiq Hüsiyev, Yuriko Ohtani, Namiq Ələsgərov, Yoşifumi Sato və Muneçika Tanionun, eyni zamanda həm Yaponiyada, həm də Azərbaycanda bu işə dəstək olmuş bütün insanların böyük zəhmətini qeyd etməmək mümkün deyil. Təşkilatçılara yardım edən idarə və müəssisələrə gəlincə isə, söz yox ki, Yaponiyanın müvafiq qurumları ilə yanaşı ilk yerdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsini, Azərbaycanın Yaponiyadakı səfirliyini, o cümlədən Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərini, AZPROMO-nu, Turizm Assosiasiyasını, “Silk Way Holiding” , “Silk Way Ground Handling”, “Paşa Bank”, “AzGranata” şirkətlərini, Hava Nəqliyyatinda Baş Gömrük İdarəsini, sərgiyə media dəstəyi göstərmiş AZƏRTAC və Azərbaycan Televiziyasını, Azərbaycan Dillər Universitetini də qeyd etmək lazımdır. Məhz bu müəssisələrin, insanların dəstəyi və birbaşa köməyi ilə iki qədim və dost xalqı biri-birinə daha da yaxınlaşdıran JAPAN-EXPO sərgisi arzu edilən səviyyədə baş tutdu.

Sərginin davamlı olması ilə yanaşı, “Made in Azerbaijan” brendini Yaponiyada tanıtmağa xidmət edəcək AZERBAIJAN EXPO sərgisinin Tokioda təşkili barədə qəbul edilən qərar isə bu böyük tədbirin mühüm nəticəsi kimi yüksək qiymətləndirilməlidir.
Bu xəbər oxucular tərəfindən 141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed