Şrift:
“Traxtur” klubundan növbəti etiraz: “Düzgün hakimlər seçilsin...”
23.11.2017 [11:15] - Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubu hakim idarəçiliyinə növbəti dəfə etiraz edib.

Bu barədə klubun icraçı direktoru Mustafa Acorlu İran Liqa Təşkilatının rəisi Heydər Bəharvəndə etiraz məktubu göndərərək “Perspolis”, “İstiqlal”, “Siyah Cameqan” və “Sepahan” komandaları ilə görüşdə hakimlərin yanlış qərarlarına etiraz bildirib.

“Bundan öncə “Traxtur”un oyunlarında hakimlərin səhvləri barədə çoxlu yazışmalarımız olub. Biz dəfələrlə həm Liqa Təşkilatı, həm də Hakimlər Komitəsindən hakimlərin seçimində diqqətli olmalarını istəmişik. Buna baxmayaraq yenə də hakimlərin yalnışı serialına şahid oluruq. Mən “Perspolis”, “İstiqlal” və “Siyah Cameqan”la oyunlarda hakimlərin “Traxtur” klubu və onun tərəfdarlarına qarşı etdiyi zülmü nəzərə alaraq dəfələrlər cənabınızdan xahiş etmişəm ki, hakim məsələsində daha diqqətli olmaları üçün göstəriş verəsiniz. Lakin “Sepahan” komandası ilə də eyni hakim faciəsini yaşadıq. Bu göstərdi ki, kimsə bu şəraiti dəyişdirmək fikrində deyil. “Sepahan”la görüş elə proqnoz verdiyimiz kimi də oldu, yenə də klubumuza qarşı ayrı-seçkilik edildi. Hakim oyunun birinci hissəsində “Traxtur”un lehinə verilməli olan bir penaltini gözardı etdi. İkinci hissədə isə “Sepahan”ın xeyirinə olaraq yalnış bir penalti qərarı verildi, həmçinin hakimin səhvi nəticəsində “Traxtur”un bir oyunçusu oyundan ixrac edildi. Bununla da super liqa yarışları çərçivəsində keçirilən 12 görüşdən 4-də hakimlərin səhvi nəticəsində bir çox xal (imtiyaz) itirdik. Bu vəziyyət klub və onun tərəfdarlarına qarşı böyük zülmdür”- deyə məktubun bir hissəsində qeyd olunub.

M.Acorlu həmçinin vurğulayıb ki, “artıq “Traxtur”un haqqı tapdalandığı dördüncü oyun da sona çatıb. Təbii ki, nəticələri dəyişmək də mümkün deyil. Amma bu gedişatın gələcəkdə təkrar olunmayacağına dair bir qaranti varmı? Mən milyonlarla “Traxtur” tərəfdarının nümayəndəsi kimi sizdən tələb edirəm ki, komandamıza qarşı hakimlər tərəfindən edilən zülm və ayrı-seçkiliyə cavabdeh olun, sözügedən hakimlərə qarşı tədbir görərək son vəziyyəti bizə elan edin.”

Qeyd edək ki, İran rejimi hakimlər, Futbol Federasiyasının İnzibati Komitəsi və stadionlarda “Traxtur” tərəfdarlarına qarşı təhlükəsizlik qüvvələrindən istifadə edərək türklərin sevimli komandasına təzyiq göstərir. “Traxtur” klubu bu vəziyyətə dəfələrlə etiraz edib.
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed