Şrift:
“Gülüstan”- yüzilliyin acı tarixi
18.10.2011 [15:06] - Türkün şanlı tarixi
Azərbaycan mənfur siyasətin qurbanı


Hər dəfə xalqımızın tarixi, faciələri, ərazilərinin işğal səbəbləri ilə bağlı materialları, əski sənədləri araşdırarkən, ilk növbədə, belə bir fikir ortaya çıxır ki, tariximizin bütün qanlı səhifələri 1725-1726-cı illərdə I Pyotrun öz əli ilə yazdığı 12 bənddən ibarət vəsiyyətnamənin həyata keçirilməsindən başlayır. Məqsəd bütövlükdə türk dünyasını, islam amilini məhv etmək, İrana, Türkiyəyə və Cənubi Qafqaza sahib olmaq idi.

Çar Rusiyasının Azərbaycan torpaqlarındakı irticaçı siyasəti rəsmi olaraq 1804-1813-cü illərdə - Rus-İran (o zaman İran anlayışı yox idi. Müharibə Qacar türk dövləti ilə aparılırdı) müharibəsinin başa çatdığı dövrdən başladı. 1813-cü ilin 12 oktyabr tarixində Qarabağda Zeyvə çayı yaxınlığında Gülüstan kəndində rus ordugahında məşhur "Gülüstan" sülhü imzalandı. Müqavilə Rusiya İmperiyası ilə Qacar dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilədir. Müqavilə tarixə imzalandığı yerin adıyla “Gülüstan müqaviləsi” kimi daxil olur. Müqaviləni ali şöhrətli İran dövlətindən Mirzə Əbül Həsən Xan, Rusiya tərəfdən isə müvəkkil və Gürcüstanda Baş Komandan Nikolay Rtişşev imzalayıblar. Qarabağın şimalında yerləşən Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Azərbaycanın Araz çayından şimaldakı torpaqları Rusiya imperiyasının tərkibinə daxil edilib, Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalıb.
Müqavilədə bircə dəfə də “Azərbaycan” adına rast gəlinmir. Rusiya və İran yurdumuza yiyələnmək üçün bir-birini didsə də, sonda bağladıqları müqaviləyə cinayətlərini gizlətmək üçün yurdumuzun adını bilərəkdən salmayıblar. Sanki bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş. Yurdumuzu 11 maddədən ibarət müqavilə ilə bölən yağılarımız öz aralarında savaşa son qoymaq üçün bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz də verdilər. Bu gün həmin dostluq davam etməkdədir...
Göründüyü kimi, millətimizin uzun illik tarixinin hər səhifəsində düşmən məkrinin izi var. Düşmənin fəallığı bütün dövrlərdə Azərbaycan torpaqlarında özünü göstərmiş və indi də göstərir. Bunun qarşısını isə yalnız türk dünyasının birliyi ala bilər...

Aysel ARAZ
Bu xəbər oxucular tərəfindən 1182 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed