Şrift:
Məsud Pezeşkiyan: “Ölkə daxilində ciddi problemimiz var. Bütün məsulların bir-biri ilə ixtilafı var”
25.11.2017 [10:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamenti sədrinin müavini, təbrizli millət vəkili Məsud Pezeşkiyan noyabrın 23-də jurnalistlərə açıqlamasında ölkədə baş alıb gedən özbaşınalıqdan, cəmiyyətdə insafa və ədalətə riayə olunmamasından, vətəndaşlara qarşı yol verilən ayrı-seçkilikdən və rəsmilər arasında getdikcə dərinləşən ixtilaf və fikir ayrılığından danışıb.

Pezeşkiyan bildirib ki, bir sıra məsulların səriştəsizliyi ucbatından ölkədə meydana çıxmış problemlərə görə heç kəs cavabde olmaq istəmir, hər kəs öz günahını başqasının boynuna atır və səlahiyyəti olmadığı bir halda hər işə qarışır: “Təəssüflər olsun ki, biz hər gün bir-birimizdən üz çevirir, əlaqələrimizi kəsərək bir-birimizlə dalaşırıq. Aramızdakı dava-dalaş və ixtilaflar dərinləşdikcə də, onun həllinə çalışmaq əvəzinə bir-birimizi söyüb təhqir edirik. Hesab edirəm ki, aramızdakı ixtilafların davam etməsi inqilabın yox, Amerikanın xeyrinədir.

Bizim, ölkə daxilində ciddi problemimiz var. Bəzi şeyləri danışmaq yaxşı çıxmaz. Misal üçün millətin pullarını mənimsəyib yeyən banklar məsələsi ölkədə olan ciddi problemlərdən biridir. Unutmayaq ki, bu banklar, başqa bir yerdə yox, məhz burada, yəni İran İslam Respublikası sistemində təsis edilib fəaliyyət aparmış banklardır. Elə buna görə, vətəndaların bu banklarda pullarını itirməsinə görə hamımız məsuliyyət daşımalı, cavabdeh olmalıyıq.

Qəbul etməliyik ki, bu işdə əsas müqəssir özümüzük. Çünki həmin bankların fəaliyyətinə yaxşı nəzarət etməmişik. Bu işdə mərkəzi bank və Məhkəmə Sistemi də müqəssirdır. Onlar da bu bankların işinə yaxşı nəzarət etməyiblər. Bir sözlə, hamımız təqsirkarıq. Lakin indi, özümüzü inqilabçı göstərmək üçün təqsiri boynumuzdan atıb bütün günahları bir nəfərin boynuna yıxmağımız da düzgün deyil.

Ölkədə və cəmiyyətimzdə mövcud digər problemlərdən biri də insafa və ədalətə riayət olunmaması və ayrı-seçkilikdir. Belə ki, bir insan nə qədər də layiq və bacarıqlı olsa da, hansısa bir məsul və ya məmurun dediyini əzbərləyib təkrar etməsə inkişaf edə bilməyəcək. Yaxud hansısa etnik qrupdan olan bir şəxsin nazir və ya ostandar postuna seçilməsinə və ya təyin edilməsinə niyə maneələr yaradılmalıdır. Görəsən kimlərinsə buna mane olaraq vətəndaşlar arasında ayrı-seçkiliyə yol verməsi nə dərəcədə düzgündür. Axı bunun harası ədalətdir”.
Bu xəbər oxucular tərəfindən 221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed