Şrift:
Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
08.06.2012 [17:44] - Gündəm, İqtisadiyyat
Bu gün Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşları iştirak edib.
ASC-nin mətbuat xidmətindən cümə günü verilən məlumata görə, bu rayonda yenidənqurma işləri Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində həyata keçiriləcək.
Təməlqoyma mərasimində çıxış edən Hüseynov "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramının tərkib hissəsi olan bu layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacağını söyləyib.
"Sabirabad şəhəri və ətraf kəndlərdə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının aparılması üçün Kür Sutəmizləyici Qurğular Kompleksindən çəkiləcək yeni magistral kəmərlə rayona saniyədə 118 litr su ötürüləcək. Halbuki hazırda Sabirabad sakinlərinə içməli su Kür çayından götürülərək, qismən təmizlənib verilir. Layihənin icrası nəticəsində sakinlər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq, şəhərin kanalizasiya infrastrukturu tamamilə yenidən qurulacaq", - o deyib.
"Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi Sabirabad şəhərində 34423, Qalaqayın, Suqovuşan, Qəfərli, Əsədli, Bulaqlı, Balakənd kəndlərində isə 14352 nəfər olmaqla, ümumilikdə 48775 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.
Layihənin həyata keçirildiyi yaşayış məntəqələrində yüksəksıxlıqlı polietilen borulardan 79,8 km uzunluğunda içməli su və 87 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 300-dən artıq yanğın hidrantı quraşdırılacaq. Fasiləsiz su təchizatının aparılması üçün tutumu 5400 kubmetr olan su anbarı inşa ediləcək. Yaranacaq çirkab suları kənarlaşdırarkən özüaxımlı rejimi təmin etmək üçün mikrotunel qazılacaq, məhsuldarlığı sutkada 10500 kubmetr olan çirkab sutəmizləyici qurğu da inşa olunacaq. Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tenderin nəticələrinə əsasən, tikinti işlərini Türkiyə-Azərbaycan konsorsiumu - "Koçoğlu-Art-Akkord" həyata keçirir.
Qeyd edək ki, Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" 4 şəhərdə (Şamaxı, Qəbələ, Sabirabad və Sabirabad) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 1409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed