Şrift:
Ümumdünya Dağ Yəhudiləri Konqresinin BMT yanında QHT statusu alması qeyd edilib
30.11.2017 [11:08] - Sosial
Moskvada BMT-nin İnformasiya Mərkəzində Ümumdünya Dağ Yəhudiləri Konqresinin BMT yanında QHT statusu və bu beynəlxalq qurumun İqtisadi və Sosial Şurası yanında məşvərətçi statusu alması münasibətilə rəsmi qəbul keçirilib.

Ümumdünya Dağ Yəhudiləri Konqresi 2003-cü ildə həmvətənimiz, görkəmli iş adamı və ictimai xadim, həyatı boyu bütün dünyada yaşayan dağ yəhudiləri icmasını birləşdirmək üçün böyük əmək sərf edən Zaur Gilalov tərəfindən təsis edilib. Konqresin missiyası müxtəlif ölkələrdə yaşayan Dağ yəhudiləri arasında əlaqələri möhkəmləndirmək, xalqların sülh, tolerantlıq, tərəqqi, mədəni və humanitar sahələrdə inkişafını təşviq etməkdir.

Rəsmi qəbulda BMT-nin İnformasiya Mərkəzinin direktoru Vladimir Kuznetsov, Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədri Akif Gilalov, Rusiyanın Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovski, habelə Rusiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri çıxış ediblər. Onların arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, İordaniya səfiri Ziad Xəzər Saleh Al Macali, İspaniya səfiri İqnasio İbanez Rubio, Yunanıstan səfiri Andreas Friqanas, Fələstin səfiri Abdel Hafiz Nofəl, Özbəkistan səfiri Bahrom Əşrəfxanov və digərləri olub.

Tədbirə dövlət və hökumət rəsmiləri, QHT-lərin və dini konfessiyaların nümayəndələri, mədəniyyət xadimləri, o cümlədən İosif Kobzon da qatılıb.

Rəsmi qəbul zamanı Ümumdünya Dağ Yəhudiləri Konqresinin təsisçisi Zaur Gilalovun xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed