Şrift:
Hüseyn Cavid milli romantik şeir və mənzum dramın əsasını qoyub
30.11.2017 [11:09] - Mədəniyyət
Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi Kürdəmir şəhər Səyavuş Paşayev adına 6 nömrəli orta məktəblə birgə görkəmli şair və dramaturq Hüseyn Cavidin 135-ci ildönümünə həsr olunan tədbir keçirib.

Ədəbiyyat Muzeyindən bildiriblər ki, tədbir “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 2017-ci il 24 oktyabr tarixli Sərəncamına əsasən təşkil olunub.

Əvvəlcə tədbirdə Hüseyn Cavidin “Şeyx Sənan” dramına yazılan “Kor ərəbin mahnısı” səsləndirilib.

Muzeyin Aran regional şöbəsinin müdiri Yaqut Bahadurqızı böyük sənətkar Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb. Vurğulanıb ki, Hüseyn Cavid milli romantik şeir və mənzum dramın əsasını qoyub.

Sonra məktəbin müəllimi Flora Yaqubova Cavidlər ailəsinin faciəli taleyindən söz açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin diqqəti və qətiyyəti sayəsində Hüseyn Cavidin nəşi uzaq Sibirdən doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib.

Məktəbin direktoru Elmira Şıxəliyeva böyük ədibin xatirəsinin həmişə xalqımız tərəfindən əziz tutulduğunu, onun yaradıcılıq irsinin bundan sonra da araşdırılacağını və tədqiq ediləcəyini söyləyib.

Sonra şagirdlər ədibin əsərlərindən nümunələr söyləyiblər.

Sonda akademik Rafael Hüseynovun 1982-ci ildə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma Vətənə gətirilməsi ilə bağlı yazdığı ssenari əsasında çəkilən “Qayıdış” filmindən kadrlar nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed