Şrift:
Beynəlxalq Diaspor Mərkəzinin sədri İğdır valisi ilə görüşüb
30.11.2017 [11:10] - Diaspor
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev və Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) baş direktoru Göksel Gülbey İğdır valisi Enver Ünlü ilə görüşüblər.

Görüşdə Göksel Gülbey İğdırın Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında çox mühüm rolu olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladan G.Gülbey münasibətlərin inkişafında belə səfərlərin və dialoqların önəmini qeyd edib.

Azərbaycanla Türkiyənin yeganə sərhədinin İğdır olduğunu və ermənilərin ürəyinə xəncər kimi sancılan Ağrı dağının da məhz bu ərazidə mövcudluğunu vurğulayan BDM sədri İsmayıl Ağayev bu cür səfərlərin və nümayəndə heyətlərinin görüşlərini dostda güc, düşməndə qorx yaratdığını bildirib.

“Ermənistan dövlətinin və Avropadakı erməni lobbisinin İğdır üzərində çox gizli planları var. Ermənilər həmişə xəyalını qurduğu Ağrı dağını öz pul və bir çox milli dəyərlərinin üzərində simvol kimi göstərərək əslində qonşu ölkə Türkiyənin ərazilərinə göz dikmişlər. Ona görə də İğdırda Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etməsi üçün sizin də dəstəyinizlə bir sıra tədbirlər keçirək. Beynəlxalq Diaspor Mərkəzi olaraq biz üzərimizə düşən hər bir vəzifəyə hazırıq”, - deyə İsmayıl Ağayev əlavə edib.

Enver Ünlü isə bildirib ki, Azərbaycandan qeyri-hökumət təşkilatları və jurnalistlərin İğdıra səfərləri Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında bu coğrafi ərazinin nə qədər əhəmiyyət kəsb etdiyini göstərir.

O deyib: “Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu əlaqələri daha da inkişaf etdirəcək. Bu regiona iqtisadiyyat baxımından da töhfə verəcək. ASİMDER və BDM-in birgə fəaliyyətləri bizlərə vədlər verir. Qarabağ və uydurma erməni soyqırımı məsələsində dövlətimizin mövqeyi bəllidir. Valilik olaraq qanunlar çərçivəsində mədəni fəaliyyətinizə əlimizdən gəldikcə dəstək olmağa hazırıq”.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed