Şrift:
Qazanılmış zəfərlərin unudulmuş qəhrəmanı... (II HİSSƏ)
18.10.2011 [15:21] - Türkün şanlı tarixi
"Abdulla Çatlını odunla döyə-döyə öldürdük"


ASALA-nın qənimi Abdullah Çatlı kimdir?


Artıq yazının qəhrəmanının ölümündən 15 il keçir. İllər bir-birini əvəzlədikcə hadisələrdən yavaş-yavaş sirr pərdəsi də çəkilir, təbii ki. Ölümündən sonra bu qəhrəman Türkiyədə az qala hər çirkli olaya səbəb göstərildi. Axı bir insan bu qədər şeyə təkbaşına səbəb ola bilməzdi. O, həmişə deyərdi ki, insan dəyər verər, sonra o dəyər verdiyindən zərbə alar, daha sonra səbr edər və sonda zəfər çalar. Dəyər verdiyi bir çoxlarından əvəzində zərbə almışdı çünki.
"Ergenekon" gizli şahidindən şok iddialar: "Abdulla Çatlını odunla döyə-döyə öldürdük"
"Ergenekon" cinayət işində ifadə verən gizli şahid 1996-cı ildə baş verən məşhur "Susurluq qəzası"nda ölən Abdulla Çatlı ilə bağlı şok iddialar irəli sürüb.
Həmin şahidin ifadəsi ikinci "Ergenekon" ittihamnaməsindədir. "Kıskac" adlı gizli şahidin 2008-ci il noyabrın 30-da verdiyi ifadə belədir:
"Antalya JİTEM-də xidmət edən baş çavuş Hakan mənə "Bütün narkobaronları Abdulla Çatlıya biz öldürtdük. O, sonra öz xeyri üçün işləməyə başladı. Hər şeyin bir sonu olacağını bilməliydi. Sən bunun qol qəzası olduğunumu düşünürsən" Bizdə görüntülər var. Maşınlar toqquşandan sonra Abdulla Çatlı sağ idi, sağ qolu sınmışdı, yaralıydı. Maşın ön hissədən, sağ tərəfdən vurulmuşdu, Çatlı isə arxada, solda oturmuşdu. Qolunu bükdük, bizə yalvarırdı. Qəzada ölmədi, bizim yetirdiyimiz xəsarət nəticəsində keçindi. Abdulla Çatlını odunla öldürdük", - dedi. O, qəzanı özlərinin təşkil etdiklərini və maşınları izlədiklərini söylədi".
Ard-arda erməni liderlərinin ölümü ASALA-nı sarsıdır və Çatlı təşkilatı tərəfindən 7 ölkədə keçirilən 28 əməliyyatla ASALA tarixin arxivinə çevrilir.
"Çatlı hətta məni də
vəzifəmdən sala biləcək gücə sahib idi"
4 mart 1982-ci ildə Çatlı Avropada "təhlükəli şəxs" elan edilmiş, İnterpolda axtarılırdı. Səbəb isə Nevzat Bilecanın Çatlını ASALA-ya qarşı mübarizə aparan biri kimi polislərə bildirməsi olmuşdu. Və o gündən Çatlı əsas hədəf seçilir artıq. Növbənöv tələlər, pusqular qurulur. Nevzat Bilecanın müəmmalı şəkildə gözlənilmədən belə bir açıqlama verməsi düymənin yuxarılardan basıldığına işarə edirdi bəlkə də. Ya da artıq ASALA məhv edildiyindən Çatlıya daha ehtiyac olmadığını düşünənlər vardı bəlkə də... Çünki o, əməliyyatlar əsnasında bir çox məşhur rəsmilərlə əlaqədə olmuşdu. Müxtəlif səfirlik və konsulluqlardan saxta pasportlar əldə etmişdi. Bu bəzi qurumları narahat edirdi, yəqin ki.
O dövrün MİT rəhbəri Mehmet Eymür "Çatlı məni belə vəzifəmdən salacaq gücə sahib idi" deyirdi. ASALA-dan sonra həm də MİT-lə Çatlı arasında inciklik olur. Bunun nəticəsində 1985-ci ildə Çatlı müstəqil hərəkət etməyə və türk düşmənlərinə qarşı mübarizəni kimsənin yardımı olmadan öz bildiyi kimi həyata keçirməyi qərara alır.
Yaxın silahdaşı Oral Çelikin anlatdıqları: "28 əməliyyat keçirdik. 18-i Fransada, qalanları Livan, Almaniya, Avstriya, Yuqoslaviya, Kanada və ABŞ-da oldu. Hər əməliyyatın xərci 10.000 dollar idi və bunun da az bir hissəsini alırdıq. Amma sonda MİT bizə verdiyi çox sözün üstündə durmadı. Yalançı şahidlərin üzündən həbs edildik ".
Bəli, hətta Mete adlı əlaqələndirici şəxs vasitəsilə Çatlı ilə Oral Çelikin arası vurulmağa çalışılmışdı. Çatlı kiminsə olanları polisə çatdırdığından şübhələnirdi, Mete isə bunun Çelik olduğunu bildirməklə aralarını vurmaq istəyirdi.
ASALA-dan sonrakı hadisələr Çatlını çox yormuşdu, bezdirmişdi. Fransız polislərinə kimsə xəbər vermiş, onu tutmuşdular. Sorğudan sonra buraxmışdılar, amma bununla bitmirdi olanlar. Haqlı və ya haqsız MİT Çatlını tərk etmişdi. Çatlı özü demişkən "Mən həbsxanaya düşəndə leş qarğaları kimi düşdülər ailəmin üstünə".
Onun həbsi isə belə olmuşdu. Türkiyədən onlar üçün hazırlanan pasportları almaq üçün getdiklərində dostu Sementlə birgə polislər tərəfindən saxlanmışdı və bu hadisə onun satıldığı ehtimalını daha da artırır. Belə ki, 8 ay Parisdə həbs həyatından sonra İtaliyaya "Papa sui-qəsdi"ndə şahid qismində aparılmışdı. Çatlı onu bu halda tək qoyanlara, ailəsini maddi sıxıntı çəkməyə məcbur edənlərə qarşı hesab çəkmək üçün Paris həbsxanasından çıxmasını gözləyirdi. Lakin onu indi də İsveçrə cinayətdə günahlandırdığından Parisdən Çatlının onlara verilməsini tələb edirdi. Beləliklə, 25 oktyabr 1988-ci ildə Parisdən İsveçrəyə, Bazel şəhərindəki Lonof polis həbsxanasına ekstradisiya olunur. İsveç məhkəməsi ona Parisdə 5 il verilməsinə baxmayaraq, yenidən 7 il iş kəsir. Lakin bu gedişlə həbsxanadan çıxmasını müşkül sayan Çatlı 1990-cı ildə 6 nəfərlə həbsdən qaçır. Həmin il ailəsini də götürüb Türkiyəyə gəlir. Uzun illərdir həsrət qaldığı vətəninə qəlbindəki intiqam hissi ilə gəlir, əslində. Vətənində isə çoxlarının qəlbinə bu qayıdışa görə vəlvələ düşür. Yaxın dostlarının dediyinə görə Böyük Millət Məclisinə, bir çox rəsmi orqanlara rahatlıqla girib-çıxar, istədiyi adamla görüşərdi Çatlı.
Hətta qızı xatirələrində yazır ki, atası Turqut Ozal, o dövrkü nazir Alpaslan Pehlivanlı ilə yaxın dost idi. Hətta Çatlının sayəsində Məsut Yılmazın ANAP konqresinə seçildiyini bildirirlər. Məsut Yılmaz xarici işlər naziri olarkən də yaxın münasibətləri olub onunla.
"Biz Sena çayında abdəst alanlara əl qaldırmarıq"
1990-cı ildə Türkiyəyə qayıtdıqdan sonra köhnə MİT-çilərin yemək dəvətini xətir-hörmət qəbul edən Çatlı bütün hirsini o məclisdə o zamankı MİT rəhbəri Eymürə tökür. Sonralar Eymür MİT rəhbərliyindən çıxarılır, amma Çatlı əvvəlki kimi MİT-lə isti münasibətlər qurmaqda maraqlı olmur. Bu da təbii problemlər ortaya çıxarırdı. O dövrdə Eymürün başçılığı MİT, hər kəsdən gizli saxlanan Çatlı adını mediada hallandırmışdı. Bu onu çox qəzəbləndirmişdi. Həm də raportda o, Tansu Çillərlə bağlı bir qrupun üzvü kimi, 7 TİP-li cinayəti, Mehmet Ali Ağcanın (Papaya atəş açmışdı- R.H.) həbsxanadan qaçmasında, MİT-ə bağlı Tarık Ümitin qaçırılmasında, "Papa sui-qəsdi"ndə adı hallanmışdı. Bu isə Çatlı adının söylənənlərin doğru olub-olmamsından asılı olmayaraq deşifrəsi demək idi, hansı ki, belə bir şey yolverilməz idi. Məlum olduğu kimi ondan qorxanlar, varlığından narahat olanlar var idi. "Yeşil" kod adlı Ahmet Demir Çatlıyla birgə PKK-ya qarşı mübarizə aparmaq qərarına gəlmişdi, lakin onların araları məqsədli vurulmuşdu. Sonradan səhvini alayan "Yeşil" "Biz Sena çayında abdəst alanlara əl qaldırmarıq" demişdi. "Abdəst alanlar" rəmzi mənada erməniləri öldürənlər mənasını verirdi.
Məşhur və müəmmalı
Susurluk qəzası
Son zamanlar Çatlı evə gec gəlməyə başlayır, çoxlu cangüdənlər onu müdafiə edirdi. O, özünün izlənildiyini bildirir ailəsinə. "Bu gecə soyuq olacaq, evə girməyin" isə Çatlının ailəsini təhlükəyə qarşı xəbərdar etmə parolu idi. 1996-da belə təhlükələrdən ilki baş verir. Onun avtomobilinə bomba qoyulur. Artıq Çatlının aradan götürülmək istəndiyi aydın idi. O, həm də müstəqil olaraq PKK-ya, onun maliyyəçilərinə qarşı mübarizə aparmaq qərarına gəlmişdi. Bu da çoxlarını narahat edirdi. Çatlı yoldaşına son zəngində, yəni 1 fevral 1996-cı ildə əcnəbi şəxslər tərəfindən maşınla izlənildiyini bildirir. Və 3 fevral 1996-da Balıesirin Susurluk yolunda Siverek millət vəkili Sedat Bucak və bir neçə başqa şəxslə birgə qəzaya uğrayır. Qəzaya səbəb isə Çatlının içində olduğu maşını arxadan başqa bir avtomobilin təqib etməsi və bunun nəticəsində sürəti 220-yə qaldıran Hüseyn Qaracadağın avtomobili yolu kəsən "TİR"ə çırpması olur.
Qeyd edək ki, Susurluk ərazisi hərbi təyyarələrin eniş yeri olduğu üçün orada uzaqdan idarə mümkün olub. Belə ki, sürəti artırdıqdan sonra Qaracadağ əyləc və sükanın işləmədiyini Çatlıya bildiribmiş. Qəzada Çatlıyla eyni avtomobildə olan və qəza sonrası sağ qalan Qonca Usun bildirdiyinə görə artıq hamı o "TİR"lə toqquşacaqlarını bilirdi və o, bu anda Çatlının ayaqlarını özünə tərəf yığdığını, silahını sağ qıçının altına qoyduğunu, əlləri ilə başını tutub kəlməyi-şəhadəti söylədiyini bildirir. Saat 19:30-da isə sözügedən qəza baş verir. Sükanı idarə edən Hüseyn Qaracadağ yerindəcə ölür. Arxadan gələn ağ rəngli "Mersedes" "TİR"in altında qalan "Mersedes"in şəkillərini çəkməyə başlayır və Çatlının sağ qaldığını görüncə başına zərbələr endirir, daha sonra boğurlar. Qəzada əyləc izinin olmaması da əyləcin məqsədli şəkildə sıradan çıxarılmasına sübutdur. Həmçinin qəzadan sonra yalnız Çatlı tərəfə olan qapının açıla bilməsi birilərinin öncədən bunu açmağa səy göstərdiklərindən xəbər verir. Hətta ağ "Mersedes" sonradan yenə həmin avtomobilin yanına gəlir və hadisə yerinə silah atırlar. Lakin silahların heç birində barmaq izləri tapılmır. Hadisə yerinə ilk şəkli çəkmək üçün isə jurnalistlər axışır. Lakin şəkil artıq çəkilmişdi...
Çatlı, cangüdəni Ercan Ulusoy tərəfindən Susurluk Sağlıq Ocağına, oradan da Susurluk xəstəxanasına aparılır. Yolda nəbzini yoxladığını deyən Ulusoy onun son sözlərinin gülümsər sifətlə "Allah" (c.c) olduğunu bildirir. Hətta ölümündən sonra bir çox cinayətləri onun üstünə atmaq üçün morqda gizlincə barmaq izi alınır.
Bəli, ölümündən sonra özü ilə çoxlu sirlər apardı Çatlı. Elə Susurluk qəzası da bu günə kimi açılmayıb. Kimi daxili düşmənlərin, kimilərisə bunu rus mafiyasının etdiyini söyləyir.
Qəhrəmanım nə qədər ziddiyyətli, haqqında yekdil rəy olmayan biri də olsa, onu yazıma ona görə qəhrəman seçdim ki, o, ASALA-nı tamamilə yox edib və bununla neçə ailəni başçısız olmaqdan, neçə ananı oğul, qız dağından, göz yaşlarından qoruyub.
Ruhu şad olsun.

Rafiq HUNALTAY
Bu xəbər oxucular tərəfindən 2109 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed