Şrift:
Azərbaycanın və Türkiyənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub
30.11.2017 [14:27] - Gündəm, Hərb
Noyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, general H.Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önünə əklil qoyub.

Müdafiə Nazirliyində keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də Hərbi Hava Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Söhbət zamanı qardaş ölkələrimizin rəhbərləri və xalqlarımız tərəfindən daim dəstəklənən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsinin vacibliyi vurğulanıb. Təcrübə mübadiləsi məqsədilə hərbi mütəxəssislərdən ibarət ekspert qruplarının qarşılıqlı səfərlərinin, eləcə də Quru Qoşunlarının, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən birgə təlimlərin sayının artırılması və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed