Şrift:
Azərbaycanın tarixi taleyi Xəzərlə ayrılmaz surətdə bağlıdır
01.12.2017 [11:05] - Kitab evi
Azərbaycanın tarixi taleyi Xəzərlə ayrılmaz surətdə bağlıdır. Azərbaycan öz coğrafi mövqeyinə görə iki min ildən artıq müddətdə Qafqaz-Xəzər regionunda əsas geosiyasi qüvvələrin mübarizəsində mühüm tərkib hissələrindən biri, bu regionda baş verən hərbi-siyasi hadisələrin mərkəzi olub və bu gün də belədir.

Tarix elmlər doktoru, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru Nurulla Əliyevin və tarix elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru mərhum Pərvin Darabadinin “Qafqaz-Xəzər regionunda geosiyasət və Azərbaycan” kitabı bu sözlərlə başlanır.

Səkkiz fəsildən ibarət olan kitabda üç minillik ərzində Azərbaycan ərazisində baş vermiş hərbi-tarixi hadisələr əhatə olunub. Əsər Qafqaz-Xəzər regionu üzərində nəzarət uğrunda çoxəsrlik geosiyasi rəqabətin tarixinin tədqiqinə həsr edilib. Bəşər sivilizasiyasının tarixi inkişafında bu regionun daim artan əhəmiyyəti göstərilib.

Monoqrafiyada orta əsrlərdə və XVIII-XX yüzilliklərdə Qafqaz-Xəzər regionunda aparıcı dövlətlərinin mübarizəsi tarixi məsələlərinə xeyli yer ayrılıb. Müasir dövrdə formalaşmaqda olan geostrateji mərkəzlər arasında geosiyasi rəqabətə qiymət verilib, bu proseslərdə Azərbaycanın mühüm rolu açıqlanıb.

Kitabda Antik dövrdə Qafqaz-Xəzər regionu, Böyük İpək Yolunun əsas hissələrindən biri olan Xəzəryanı yol üzərində nəzarət uğrunda Qafqaz-Xəzər regionunda hərbi-siyasi mübarizə (III-XVII əsrlər), Qafqaz-Xəzər regionu – Yaxın və Orta Şərqdə geosiyasi rəqabət arenası (XVIII-XIX əsrlər), XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlində Qafqaz-Xəzər regionu “Böyük geosiyasi oyunda”, Qafqaz-Xəzər regionu – Böyük Dövlətlərin geosiyasi rəqabət obyekti, geosiyasət və Birinci Dünya müharibəsi, 1918-1920-ci illərdə Qafqaz-Xəzər regionunda hərbi-siyasi hadisələr, Qafqaz və Xəzər İkinci Dünya müharibəsi ərəfəsində və müharibə dövründə “böyük geostrategiya”da, Qafqaz-Xəzər regionu XX-XXI əsrlərin qovuşuğunda ən mühüm geosiyasi mərkəzlərdən biridir mövzularına xüsusi diqqət yetirilib.

Nəşrin hərbi məsləhətçisi Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının rəisi, general-leytenant, dosent Heydər Piriyev, elmi məsləhətçisi - filologiya elmləri doktoru Sədi Nuriyev, redaktoru – tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Səbuhi Əhmədovdur. Ali humanitar məktəblərin və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, adyunktları və aspirantları, tələbələri və kursantları üçün nəzərdə tutulan bu kitab, heç şübhəsiz, Qafqaz-Xəzər regionunun tarixinə dair zəruri biliklərin gənc nəslə çatdırılması işinə sanballı töhfədir.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed