Şrift:
Qırğızıstanda Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər bu gündən qüvvəyə minib
01.12.2017 [11:28] - Türk dünyası-Turan
2016-cı ilin dekabrında Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin təşəbbüsü ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendumda qəbul edilmiş maddələr bu gündən qüvvəyə minib.

Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinin lehinə əhalinin 79,6 faizi səs vermişdi və qərara alınmışdı ki, əlavə və dəyişikliklər yeni Prezidentin dövründə qüvvəyə minsin.

Yeni Konstitusiyada Qırğızıstanın Baş nazirinin səlahiyyətlərinin genişləndirilməsi hesabına dövlət hakimiyyəti orqanlarında səlahiyyətlərin müəyyənləşdirilməsi ilə bağlı bir sıra dəyişikliklər edilib.

Ali Qanunda dəyişiklik hakimiyyətin şaxələri arasında qarşılıqlı fəaliyyətin prinsiplərinin dəqiqləşdirilməsi, hüquq mühafizə və məhkəmə sistemlərində islahatlar, cəmiyyətdə yüksək dəyər sistemlərinin formalaşdırılması və dövlət dili olan qırğız dili və rəsmi rus dilindəki mətnlər arasında uyğunsuzluğun aradan qaldırılmasını da nəzərdə tutur.

Konstitusiyaya eynicinsli nikahların qanunsuz olmasını göstərən bənd və müəyyən hallarda vətəndaşlıqdan məhrumetmə haqqında maddə də əlavə edilib. Ümumiyyətlə, əlavə və dəyişikliklər Konstitusiyanın 30 maddəsini əhatə edir.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed