Şrift:
Urmiyənin “Şəhrdari” voleybol komandası ilə Tehranın “Peykan” takımı arasında keçirilən görüş yarımçıq buraxılıb
01.12.2017 [11:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Güney Azərbaycan futboluna edilən ayrı-seçkilik voleybol meydanlarında da təkrar olunmaqdadır.

Noyabrın 30-da Urmiyənin bu şəhərin “Şəhrdari” voleybol komandası Tehranın “Peykan” takımını Qədir stadionunda qəbul edib. Super liqa yarışlarının 10-cu həftəsində baş tutan görüş ev sahibinin meydanı tərk etməsi ilə yarımçıq buraxılıb. Məlumata görə, hakimin 5-ci setdə verdiyi qərəzli qərar “Şəhrdari” komandasının oyunu tərk etməsinə səbəb olub. Belə ki, hakim Əsğər Kazimi “Şəhrdari”nin xeyirinə verdiyi qərarı qarşı komandanın etirazı nəticəsində dəyişib. O topun yenidən oyuna daxil olmasına qərar verib. Bundan sonra “Şəhrdari” komandasının baş məşqçisi hakimə etiraz edərək oyunun həssas dəqiqələrində verilən qərəzli qərarın nəticəyə mənfi təsir etdiyini bildirib. Urmiyə komandasının etirazı qəbul olunmayınca komanda üzvləri meydanı tərk etməyə qərar veriblər.

Mövzu ilə bağlı “Şəhrdari” voleybol komandasının baş məşqçisi Sasan Xudapərəst “Təsnim” xəbər agentliyinə danışıb. O bildirib ki, “biz bu məsələdə Voleybol Federasiyasından tərəfsiz mövqe gözləyirik. Federasiyanın düzgün və tərəfsiz olması məhz bu mövzuda məlum olacaq.”

“Bu məsələdə biz təmami ilə haqlıyıq. Biz hakimin səhvinə görə meydanı tərk etmədik. Ona görə ki, hakimin səhvi də oyunun tərkib hissəsidir və hər an baş verə bilər. Bu oyunda voleybolun qanunu pozulub. Biz məhz qanunun pozulmasına etiraz etdik. Rəqib komandanın meydanında 7 oyunçu olub, bu voleybol qaydalarına ziddir. “Peykan” komandasının 7 oyunçusunu görən köməkçi hakim, ilk öncə bizim xeyirimizə qərar verdi. Əsas hakim isə onu təsdiqlədi. Lakin rəqib komanda buna etiraz etdikdən sonra hakim gözlənilməz şəkildə rəyini dəyişdi. Bu bizim bir xal (imtiyaz) itirməyimizə səbəb oldu, bununla heç bir şəkildə razılaşa bilmərik”- deyə baş məşqçi bildirib.

Qeyd edək ki, uzun illərdir Urmiyə İranın əsas voleybol qütblərindən biri sayılır. Meydanlarda bir çox uğurlara imza atan Urmiyənin “Şəhrdari” komandası bu il super liqa yarışlarında olduqca zəif çıxış edir. Son vaxtlar bu komandanın görüşlərində milli şüarlar səsləndirən gənclərin sayı xeyli artıb. Məhz bu səbəbdən komanda rejimin qəzəbinə tuş gələ bilər... .

N.S
Bu xəbər oxucular tərəfindən 430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed