Şrift:
Metyu Brayza: “Bu il Qarabağ münaqişəsində ciddi irəliləyiş görmürəm”
09.06.2012 [14:35] - Müsahibə
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ilə müsahibə:

- Cənab Brayza, Azərbaycanın ABŞ-la gələcək əlaqələrini necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, prezident Obama Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı növbəti səfiri vəzifəsinə namizədliyini irəli sürməklə ABŞ-Azərbaycan əlaqələrinə olan dəstəyini vurğulamış oldu. Diplomatik karyera müddətimdə hiss etdim ki, əvvəlki rəhbərlik kimi prezident Obama və dövlət katibi Klinton təhlükəsizlik, enerji və daxili islahatlar sahəsində ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyətinin fərqinə varır.

ABŞ-Azərbaycan arasında uzunmüddətli uğurlu əlaqələr daha çox üçüncü faktordan – Azərbaycanın daxili islahatlarından asılıdır. Azərbaycanın artıq yaxşı nəticələr gətirməkdə olan və iqtisadiyyatın neft-qaz sektorundan kənar sektorlarda diversifikasiyasını təmin edəcək iqtisadi islahatları davam etdirməsi çox önəmlidir.

İslahatların növbəti mərhələsi, xüsusilə də Azərbaycanın növbəti nəsil müdriklər, biznes və dövlət liderləri, ölkənin inkişafını davam etdirməkdə və dərinləşdirməkdə məsuliyyət daşıyan cəmiyyətin formalaşması ilə bağlı ciddi çağırışlarla üzləşdiyi təhsil sahəsində islahatlar mərhələsi eyni dərəcədə önəm daşıyacaq.

Əgər Azərbaycan demokratiya daxil olmaqla bütün bu sahələrdə islahatları sürətləndirsə, növbəti illərdə ABŞ-ın ona güclü tərəfdaş olduğunu görəcək.

Birləşmiş Ştatlar da öz növbəsində lazım olduqda konstruktiv tənqidlər irəli sürməli və eyni zamanda Azərbaycanda müsbət inkişaf olduqda bunu təsdiq etməlidir. Bu cür konstruktiv və tarazlı tənqidlər etməməklə ABŞ rəhbərliyi Azərbaycan rəhbərliyi və vətəndaşları üçün növbəti islahatları həyata keçirməkdə lazım olan mühüm siyasi stimuldan imtina edir, ya da heç vaxt məmnun olmayan kritik kimi görünməklə ABŞ-Azərbaycan əlaqələrinə xələl gətirmək riski edirlər.

Uğurlu ABŞ-Azərbaycan əlaqələri həmçinin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox cəhdlər etmək tələbini ortaya qoyacaq. ABŞ prezidentinin Azərbaycanın qonşusu olan Rusiyanın prezidenti qədər Minsk qrupunun işində eyni dərəcədə fəal olacağını ehtimal etmək real deyil.

Lakin ABŞ rəhbərliyi Azərbaycan və Ermənistan liderləri arasında etimadın qurulmasında əsas rol oynaya bilər. Belə bir etimad hər iki ölkənin liderlərinin hələ 2009-cu ilin ortalarında Minsk qrupu çərçivəsində bağlanması gözlənilən çərçivə sazişinin bağlanması üçün tələb olunan ağır kompromislərə getmələri üçün ilkin şərtdir.

ABŞ və Azərbaycan, həmçinin Əfqanıstanda güclü təhlükəsizlik əməkdaşlığına söykənə bilərlər. Azərbaycanın oraya verdiyi mühüm töhfələrə təkcə qoşun deyil, həmçinin Azmeco tərəfindən maliyyələşdirilən və inşa edilən neft emalı zavodu kimi Azərbaycanın fərdi iş adamlarının oraya etdikləri investisiyalar daxildir.

Təhlükəsizlik əməkdaşlığında bu cür qeyri-hərbi formasının saxlanılması ABŞ hərbi qüvvələri 2014-cü ilin sonunadək Əfqanıstanı tərk edəcəkləri üçün daha çox önəm kəsb etməyə başlayacaq. Və həmin vaxt Əfqanıstana giriş və çıxış üçün Azərbaycanın oynadığı mühüm tranzit dəhliz rolu artıq öz əhəmiyyətini itirəcək.

Və əlbəttə, bərpa olunan enerji daxil olmaqla Azərbaycanın enerji ehtiyatları növbəti illərdə ABŞ-ın Avropada aparıcı müttəfiqləri üçün Azərbaycanın strateji əhəmiyyətini təmin edəcək. Xüsusilə SOCAR təbii qazın Avropaya çoxşaxəli girişini təmin etməklə Azərbaycanın strateji əhəmiyyətinin artmasına kömək edir və eyni zamanda əldə edilən gəlirləri xaricə investisiyaların edilməsinə yönəltməklə Azərbaycanın beynəlxalq əhəmiyyətinin daha da artmasını və həmçinin ölkə daxilində iqtisadiyyatın qeyri-enerji sektorlarının inkişafını təmin edir.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 2012-ci ildə həlli perspektivlərini necə görürsünüz?

- Bu il Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş görmürəm. Real yollar tapıb irəli getmək üçün bu faktı etiraf etməyimiz çox önəmlidir. Düşünürəm ki, Minsk qrupu həmsədrləri ötən ilin iyun ayında baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı qeyri-real şəkildə böyük irəliləyişin olacağı ilə bağlı ümidləri artırmaqla və bu irəliləyiş olmadıqda sonradan yalnız bir tərəfi ittiham etməklə öz vasitəçilik fəaliyyətinə xələl gətirdilər.

Minsk qrupunun vasitəçilik prosesinə cəlb olunan hər bir kəsin Azərbaycan və Ermənistan liderlərinin xalqlarımızı son üç ildə başa çatdırılması gözlənilən təklif olunmuş çərçivənin qəbul olunmasına sövq etmək lazımdır sözlərinə diqqət yetirmələri daha effektiv yanaşma olardı.

Lakin hətta Minsk qrupu həmsədrləri belə bir mahir diplomatiyanı tətbiq etmədən öncə ötən il vasitəçilik fəaliyyətlərinə vurduqları zərəri aradan qaldırmalı və Azərbaycan və Ermənistan prezidentləri arasında etimadı bərpa etməlidirlər.

ABŞ prezidenti və dövlət katibi bu məsələ ilə bağlı regiona səfər, telefon danışıqları və liderlərlə digər növ əlaqədar, Fransa və Rusiya həmkarları ilə koordinasiya formasında ciddi töhfələr verə bilərlər.

ABŞ prezidenti və dövlət katibi ümidsizcəsinə gündəmləri yığıb saxlayıblar və münaqişə edən tərəflər tərəfindən bir az da olsa ümid və yaxşı iradə stimulu olmalıdır ki, onlar vaxt ayırıb bu gündəmlərlə yuxarıda təsvir etdiyim şəkildə məşğul olsunlar.

- Son zamanlar İran Azərbaycana qarşı kampaniya keçirməyə başlayıb. Sizcə Tehranın bu işdə məqsədi nədir?

- Siyasi qüvvənin İranda necə təşkil olunub istifadə olunmasını başa düşmək çox çətindir. Azərbaycanla münasibətdə bu gücün necə istifadə olunduğunu başa düşmək ondan da çətindir.

Aydın görünən məsələ ondan ibarətdir ki, İranın siyasi rejiminin bəzi elementləri Azərbaycanın ABŞ və onun İsrail və Avropa ölkələri kimi əsas müttəfiqləri ilə strateji əməkdaşlıq etməsini təhlükə kimi görür.

- Azərbaycanın gələcəkdə enerji siyasətini necə dəyərləndirirsiniz?

- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın enerji ehtiyatları bu ölkənin ABŞ və onun Avropa müttəfiqləri üçün strateji əhəmiyyət kəsb etməsini təmin edəcək.

Eyni zamanda Azərbaycanın enerji siyasəti genişlənir və inkişaf edir. SOCAR neft-kimya sahəsində fəaliyyətini genişləndirir və həmçinin irimiqyaslı digər sərmayələr Azərbaycanın iqtisadiyyatının bütövlükdə şaxələnməsini təmin etməkdə kömək edir.

SOCAR-ın Sumqayıtda yerləşən neft-kimya parkı bu baxımdan mühüm rol oynayacaq. Digər özəl şirkətlər də neft-qaz sektoru əsasında müxtəlif istiqamətlərdə öz yeni sənayelərini inkişaf etdirmək üçün yeni yollar tapırlar. Onlardan biri də Azmeco şirkətidir, hansı ki tezliklə Azərbaycanın zəngin təbii qazından metanol istehsal edən müasir zavod açacaq və sonra da metanol zavodunun ətrafında plastik və kimyəvi məhsullar istehsal edəcək zavodlar inşa edəcək, və bu da öz növbəsində tamamilə yeni sənaye sahələri yaradacaq.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1220 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed