Şrift:
Naxçıvanda gənclər arasında sağlam həyat tərzi təbliğ olunur
02.12.2017 [11:08] - Gündəm, Gənclik
Naxçıvan Muxtar Respublikasında insanların QİÇS-ə yoluxma səviyyəsi aşağı həddədir. Lakin əksər ölkələrdə bu xəstəliyin sürətlə çoxalması muxtar respublikada da QİÇS-lə mübarizəni aktuallaşdırır. Ona görə də QİÇS-in profilaktikasına dair epidemioloji nəzarət və təbliğat gücləndirilir, xəstəliyin vaxtında aşkarlanması məqsədilə bütün donorlar, ümumiyyətlə, risk qrupuna aid olan şəxslər laborator müayinələrə cəlb edilir.

Bu xəstəliklə yaşayan şəxslərə profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi işinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsi fəaliyyət göstərir. Mərkəzin yeni binasında QİÇS-lə mübarizə şöbəsi üçün də müasir iş şəraiti yaradılıb, ən müasir laboratoriya avadanlıqları quraşdırılıb.

Bu gün muxtar respublikada nikaha daxil olmaq istəyən şəxslərin hepatit B, hepatit C, o cümlədən QİÇS üzrə tibbi müayinələri diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, muxtar respublika Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsi tərəfindən bu ilin ötən dövründə 32 min 778 nəfər müayinə olunub, QİÇS-ə yoluxma halları qeydə alınmayıb. Həmçinin bu dövrdə QİÇS-lə mübarizə şöbəsinin həkimləri tərəfindən nikaha daxil olmaq istəyənlərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilib. Bu tədbirlərin həyata keçirilməsində məqsəd nikaha daxil olmaq istəyən şəxslərdə xəstəliklərdən hər hansı biri aşkar edilərsə, həmin xəstəliyin ailə qurduqdan sonra yarada biləcəyi fəsadların aradan qaldırılması, uşaqların, habelə ailənin digər üzvlərinin riskli hallardan qorunmasını təmin etməkdən ibarətdir.

Maarifləndirici tədbirlərin həyata keçirilməsi xəstəliyin yayılması və qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Buna görə də muxtar respublikada profilaktik tədbirlərlə yanaşı, səhiyyə maarifi, əhalinin sağlam həyat tərzi də diqqət mərkəzində saxlanılır.

Muxtar respublikada son illər müasir təhsil və idman infrastrukturu yaradılıb, gənclərin asudə vaxtının səmərəli təşkili təmin edilib, ən ucqar dağ kəndlərində zəngin fonda malik kitabxanalar istifadəyə verilib. Bu da ölkəmizin gələcəyi olan gənclərin savadlı, dünyagörüşlü və sağlam böyüməsinə imkan verir.
Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed