Şrift:
Cenevrənin ən nüfuzlu nəşrində Şuşa haqqına məqalə dərc edilib
09.06.2012 [14:45] - Diaspor
Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik korpusun 10 minlik tirajla çap edilən ən nüfuzlu dövri nəşri “UN Special” jurnalının (www.unspecial.org) 2012-ci il iyun tarixli, 718 saylı buraxılışında Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Murad Nəcəfbəylinin “Şuşa. Azərbaycan mədəniyyətinin məbədi” adlı məqaləsi dərc olunub.

Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin verdiyi məlumata görə, İsveçrədə böyük oxuyucu kütləsi və yüksək nüfuza malik olan “UN Special” dərgisində dərc olunmuş məqalədə müəllif çoxmədəniyyətli müxtəlifliyə malik olan ölkə kimi Azərbaycanın ərazisinin xalqımızın zəngin tarixi və mədəni irsini əks etdirdiyini qeyd edib.

Tarixboyu müxtəlif Azərbaycan dövlətlərinin xarici ölkələr ilə mütəmadi və fəal əlaqədə olduğunu və bunun nəticəsində mədəniyyət və incəsənət mübadiləsinin baş verdiyinin qeyd olunduğu məqalədə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin unikal mərkəzlərindən biri olduğu bildirilib.

Məqalənin əvvəlində XVIII əsrin ortalarında əsası qoyulmuş və qısa zaman ərzində Azərbaycanın Qarabağ xanlığının mərkəzi olan Şuşa qala-şəhərin tarixi və abidələri haqqında məlumat verilib, daha sonra XVIII və XIX əsr milli memarlığımız və şəhər quruculuğumuzun nadir nümunələri qismində “Gəncə qala divarları”, Xan bağı, Qara Böyükxanım qəsri, Yuxarı və Aşağı Gövhərağa məscidləri xüsusilə vurğulanıb.

“UN Special” jurnalında Şuşa şəhərinin Azərbaycan xalqının iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynadığı, milli-mənəvi dəyərlərimiz, musiqi ənənələrimizi əks etdirdiyi diqqətə çatdırılaraq, Şuşanın nəinki nadir abidələr şəhəri, eləcə də Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyli kimi çoxlu sayda yazıçı, şair və musiqiçinin Vətəni olduğu bildirilib.

Məqalədə daha sonra Azərbaycan muğamının beşiyi hesab olunan Şuşanın XIX əsrdə “Qafqazın Konservatoriyası” adlandırıldığı qeyd olunub və bu şəhərdə yaşayıb-yaratmış Azərbaycan musiqisinin görkəmli nümayəndələri – Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Bülbül, eləcə də Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında məlumat verilib.

1970-80-cı illərdə Şuşada yeni mədəni və incəsənət abidələrinin, o cümlədən ikimərtəbəli mineral su qalereyası, M.P.Vaqifin mavzoleyi, M.M.Nəvvab və Ü.Hacıbəylinin abidələri, bir sıra Azərbaycan şairlərinin büstlərinin ucaldığı bildirilib, bu şəhərin ölkəmizin tarixi və mədəniyyətində əvəzsiz rolunu nəzərə alaraq, onun mədəni irsinin hər zaman Azərbaycan xalqının və hökumətinin diqqət mərkəzində olduğu qeyd edilib. Məqalədə Şuşa şəhərində yerləşən XIX əsr Saatlı məscidinin tavanı, şəhərin yuxarıdan görünüşü və xalq yaradıcılığına dair fotoşəkillər yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed