Şrift:
Qazaxda Molla Pənah Vaqifin 300 illiyi qeyd edilib
05.12.2017 [09:58] - Gündəm, Mədəniyyət
Dekabrın 4-də Qazax şəhərinin Ədəbiyyat Muzeyində Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Milli Konservatoriyasının və Beynəlxalq Muğam Mərkəzinin “Sirlər xəzinəsi” birgə layihəsinin böyük Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuş ədəbi-bədii musiqili məclisi, akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxananın nəşr etdiyi “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının və kitab sərgisinin təqdimatı keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, sonra M.P.Vaqifin, M.V.Vidadinin və S.Vurğunun Yuxarı Salahlı kəndindəki abidələri ziyarət olunub.

Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi, professor Kərim Tahirov məclisi açaraq, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq həm bölgələrdə, həm də respublikadan kənarda təşkil edilən silsilə tədbirlərdən danışıb, “Sirlər xəzinəsi” layihəsinin əhəmiyyətini, bu məclisin vaqifşünaslar, poeziyasevər və musiqisevərlər üçün bir töhfə olduğunu vurğulayıb.

Daha sonra M.P.Vaqif haqqında sənədli film nümayiş olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək, milli ədəbiyyatımızda xüsusi iz qoymuş şairin 300 illiyinin bütün türk dünyasında böyük təntənə ilə qeyd edilməsinin təqdirəlayiq hal olduğunu deyib.

Daha sonra filologiya elmləri doktoru, professor Rüstəm Kamal şairin həyat və yaradıcılığı haqqında məruzə edib.

Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, şair Barat Vüsal, Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, professor Ənvər Əhməd, şair, AZƏRTAC-ın müxbiri Zərəngiz Dəmirçi Qayalı, şair Zaməddin Ziyadoğlu və digərləri çıxış edərək, akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxana tərəfindən tərtib olunmuş “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabları haqqında danışıb, bu əsərlərin türk dünyası üçün böyük töhfə, tədqiqatçılar üçün faydalı vəsait olduğunu bildiriblər.

Tədbir boyu İrəvan Dövlət Azərbaycan Teatrının aktrisası, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı Molla Pənah Vaqifin şeirlərini oxuyub, Əməkdar Artist, Milli Konservatoriyanın müəllimi Firuz Səxavət, IV kurs tələbələri Zəfər Əhmədli (tar), Müşfiq Lətifov (kamança), Bayram Üzeyirov (ud), Azərbaycan Milli Konservatoriyasının müəllimi, xanəndə Vüqar Əliyev şairin qəzəllərindən və qoşmalarından ibarət muğam və təsniflər səsləndiriblər. Həmçinin Qazax aşıqları Məhəmmədəli Məşədiyev, Samir Allahverdiyev, Yaşar Gülümcanov, Şahin Süleymanov isə şairin şeirləri üzərində oxunan aşıq havalarını ifa ediblər.

Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan Vaqifin zəngin həyat və yaradıcılığını özündə əks etdirən "Molla Pənah Vaqif-300" adlı geniş kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed